Ses qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Xaçmazda fəaliyyət göstərən Murad Qudyalçaylı adına “Ulduzlar” Ədəbi Məclisi növbəti dəfə fərqlənib. Bu dəfəki toplantı 2 Fevral Gənclər Gününə həsr edilib, yüksək şövqlə keçirilib.Toplantıda qurumun üzvləri ilə yanaşı qonaqlar da iştirak edib. Xalq şairi Vahid Əziz isə məsafədən toplantıya qoşularaq xoş arzularını çatdırıb, bədii müzakirələrdə iştirak edib.
Toplantının açılışında çıxış edən “Ulduzlar”ın baş katibi, Azərbaycan Yazıçılar Birliyi və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, istedadlı şair Aqşin Dadaşoğlu Gənclər Gününün tarixçəsindən danışıb, onu təsis edən Ulu Öndər Heydər Əliyevi minnətlə yad edib. O, eyni zamanda Prezident İlham Əliyevin gənclərə qayğısı haqqında danışıb, özəlliklə də Vətən torpaqlarının Ermənistanın işğalından azad edilməsində gənclərin roluna diqqət çəkməsini vurğulayıb. Daha sonra Ümummilli Lider Heydər Əliyevin, həmçinin şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.
Tədbirin fəxri qonağı, müasir Azərbaycan poeziyasının bayraqdar şairi, AYB Quba bölməsinin rəhbəri Ramiz Qusarçaylı çıxışında gənclərlə bağlı fikirlərini deyib. O, eyni zamanda “Ulduzlar”ın son aylar ərzində artan inkişaf sürətinə diqqət çəkib, bunun bölgə ədəbiyyatına, ümumiyyətlə isə ölkə ədəbiyyatına verdiyi töhfələrdən danışıb. Ramiz Qusarçaylı deyib ki, “Ulduzlar”ın bu yaxşı örnəyi Quzey bölgəsində ədəbiyyata yeni can verib.
Məclisin daimi iştirakçılarından olan Əməkdar jurnalist Azər Həsrət də görülən işləri, ədəbiyyat adına atılan çox uğurlu addımları yüksək dəyərləndirib, Məclisə xoş sözlərini çatdırıb.
Xaçmazdakı Heydər Əliyev Mərkəzinin direktoru Könül Əskərova və Xaçmaz Tarix Diyarşünaslıq Muzeyinin direktoru Pakizə Mehdiyeva da çıxışlarında bölgədəki ədəbi fəallıqda “Ulduzlar”ın getdikcə artan roluna diqqət çəkiblər. Onlar yenilənmələrin özəlliklə də gənclərin inkişafına verdiyi töhfəni qeyd ediblər, bu yöndə dövlət siyasətinin gerçəkləşməsində belə fəaliyyətlərin faydasını vurğulayıblar.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba Filialındakı Heydər Əliyev Lektoriyasının rəhbəri, şair Nəhayət Şirinova da çıxışında Gənclər Günü, bu günün Ulu Öndərlə bağlılığı haqqında danışıb, Məclis iştirakçılarına xoş sözlərini çatdırıb.
Eyni zamanda Məclisin iştirakçılarından Vəfa Musayeva, Dilarə Rüstəmova, Sabir Nemətov, Rübabə Mustafayeva, Cümşüd Aydəmir, Firudin Həvəskar, Səxavət Ənvəroğlu, Xudatdakı “Söz işığında” Ədəbi Məclisinin sədri Səyyad Sərraf, Məmməd Qədir, İbrahim Ağçaylı, Mehparə Sadıqova, Mövlan Şahid, Nəzakət Əliyeva, Vüsal Yurdoğlu, Səməd Asifoğlu, Gözəl Azay, Gülçəmən Həbibova, Kənan Rahi, Pakizə Nur, Aysu Rəsulova, Aysu İsmayılova, Fərid Mustafa çıxış edərək fikirlərini bölüşüblər.
Aqşin Dadaşoğlu bildirib ki, Gənclər Günü ərəfəsində “Ulduzlar”ın üç gənc üzvü Dünya Gənc Türk Yazarlar Birliyinin (DGTYB) üzvlüyünə qəbul edilib. Həm də sözügedən qurumun Məsləhət Şurasının üzvü olan Azər Həsrət 1998-ci ildən Azərbaycan dövlətinin də himayəsi altında fəaliyyət göstərən DGTYB haqqında məlumat verib, yeni üzvləri təbrik edib. O, gəlişləri planlaşdırılsa da üzrlü səbəbdən qurumun rəhbəri İntiqam Yaşar və qurucusu, Məsləhət Şurasının sədri Əkbər Qoşalının toplantıya qatıla bilmədiyini də diqqətə çatdırıb.
Daha sonra DGTYB üzvlüyünə qəbul edilmiş Gözəl Azay, Səməd Asifoğlu və Kənan Rahiyə vəqisələri təqdim edilib.
Toplantının ən maraqlı cəhəti isə Xalq şairi Vahid Əzizin məsafədən qatılması olub. Ramiz Qusarçaylı vasitəsi ilə Məclisə qoşulan Vahid Əziz Quzey bölgəsində ədəbiyyat, buranın insanları, Azərbaycan ədəbi mühitində yeri haqqında xoş sözlərini çatdırıb. Eyni zamanda onun da iştirakı ilə şairin şeiri səsləndirilib, fikir mübadiləsi aparılıb.
Sonda Məclisin gənc üzvlərinə 2 Fevral Gənclər Günü münasibəti ilə “Ulduzlar”ın diplomu təqdim edilib.