Icma.az, Apa.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Xalq rəssamı Fuad Salayevin APA-ya müsahibəsi
- Fuad müəllim, rəssamlar çox vaxt geyimləri ilə seçilir. Sanki hər şeydən əvvəl geyimi deyir ki, mən rəssamam.
- Bilirsən, yaradıcılıqla məşğul olmaq üçün gərək sərbəst olasan. Ola bilməz ki, sən çərçivədə olub yaradıcılıqla məşğul olasan.
- Çərçivə dediniz, yadıma İçərişəhər düşdü. Ora da sanki qala divarları ilə çərçivəyə alınıb. Siz də içərişəhərlisiniz bildiyimə görə.
- Bir tərəfim.
- Necə xatırlayırsınız İçərişəhəri?
- Divarların arasında balaca bir şəhər kimi. Dar küçələr, ensiz dalanlar.
- Mir Mövsüm Ağa ilə ana tərəfdən qohumluğunuz var?
- Bəli.
- Nəyiniz idi?
- Anamın dayısı.
Babam Bakı Şəhər Dumasının üzvü olub
- Ananız dindar qadın olardı.
- Yox, sözün açığı, nə anam dindar olub, nə də atam. Bir dəfə anamdan Mir Mövsüm Ağa barədə soruşanda dedi ki, dayısıdır.
- Görmüşdünüz onu?
- Hə, görmüşəm. Təxminən yeddi yaşım olardı.
- Dayılarınız repressiya qurbanı olub...
- Bəli. Amma ata tərəfdən repressiya edilən qohumlarım daha çox olub. Mənim ata babam Bakı Şəhər Dumasının üzvü olub.
Sovet vaxtı Bakının baş memarına irad bildirəndə ki, şəhərin içindən keçən su, kanalizasiya borularının xəritəsi yoxdur, cavab verirdi ki, eybi yoxdur, hamısı başımdadır
- Siz Bakının keçmiş vaxtını, həm də indiki vaxtını görmüsünüz. O vaxtkı arxitektura ilə indikinin hansı fərqlərini deyə bilərsiniz?
- Şəhər həmin şəhərdir. Təbii ki, bir orqanizm olaraq şəhər böyüyür, inkişaf edir. Axı Bakı özü də indiki qədər böyük deyildi, hazırda şəhər çox böyükdür. Bəzi yerlərə gedəndə heç özüm tanımıram. 60-cı illərdə hələ Nərimanov prospekti tikilirdi. Ondan sonra dağlar idi, şəhər yox idi. İndi isə təsəvvür edin ki, Yasamal da var, Yeni Yasamal da. Sovet vaxtı Bakının İvanov soyadlı (Vadim Mixayloviç İvanov – red.) baş memarı var idi. Ona irad bildirəndə ki, şəhərin içindən keçən su, kanalizasiya borularının xəritəsi yoxdur, cavab verirdi ki, eybi yox, hamısı başımdadır. Öldü getdi, xəritə də olmadı. Bakıda əvvəllər Şors (Bəşir Səfəroğlu küç. – red.) küçəsində yağış kanalizasiyası var idi, yağış yağanda şəhəri su basmırdı, o borularla axıb gedirdi. Sonra bilmirəm ora niyə elə oldu, asfalt eləyəndə görünür, o kanalizasiyaları da bağladılar.
- Bakının böyüməyindən danışdınız. Qəribədir ki, şəhər böyüsə də, heykəllərin sayı çoxalmadı.
- Mənə elə gəlir ki, 1940-cı illərlə müqayisədə indi Bakıda heykəl yoxdur. Nizami Gəncəvinin heykəli 1949-cı ildə, Məhəmməd Füzulinin heykəli 1963-cü ildə qoyulub. Ümumiyyətlə, o vaxtlar şəhər tamam fərqli idi.
- Məsələn, hansı fərqlər var idi?
- Baxın, “Beşmərtəbə” dairəsi var ha, orada bağ var idi. Füzulinin heykəli orda deyildi, sonradan yollar düzələndən sonra gətirdilər ora. Şəhər indi gözəldir, amma əvvəllər Bakıda ildə bir-iki dənə ev tikilirdi, ya tikilmirdi. Gözəl şəhər idi, ləzzətli şəhər idi, camaat bir-birinin evinə qonaq gedib-gəlirdi.
- Nizaminin, Füzulinin heykəllərini qeyd elədiniz. Babəkin də heykəlinin hazırlanması planda var idi. Aqibəti necə oldu?
- Onun müəllifi Xalq rəssamı Arif Qazıyev vəfat edəndən sonra xəbərim yoxdur, hazırlanır, ya yox.
Heydər Əliyev birinci mənim işimi seçdi
- Siz həm də Sergey Yeseninin barelyefinin müəllifisiniz.
- Hə, 1972-ci ildə, Heydər Əliyevin təşəbbüsü ilə həmin barelyefi hazırladım. Tələbə idim onda, eskiz layihəsini hazırlayıb göndərdim. Heydər Əliyev birinci mənim işimi seçdi.
- Heykəltəraş olmaq üçün nə lazımdır? Burada əlin quruluşunun kobud, yaxud incə olmağı rol oynayır?
- Rəssamın ruhu, baxışı olmasa, həyatı ayrı cürə görməsə, onu öyrətsən də, heç nə edə bilməyəcək. Özündə olmalıdır ki, sən onu öyrədəndə daha yaxşısını eləsin. Lap əvvəllər akademiya yox idi, rəssam gedib başqa rəssamdan öyrənirdi. Hətta bizim işlərimizə baxıb imtahana buraxırdılar. Adamlar olurdu ki, onlara deyirdilər, bala, səndən rəssam olmaz, eləsi də olurdu, deyirdilər, get bir az da işlə öz üstündə, gələn il gələrsən.
- İndiki gənclərə onu demək olur?
- Yox, indikilər bal sistemi ilə daxil olurlar.
- Bu yaxşıdır, ya pis?
- Diplom almaq üçün yaxşıdır, amma sənətkar olmaq üçün yox. Rəssam şəkil çəkən deyil, düşünəndir... Ayrı cür düşünən. Gərək düşünə biləsən.
- Bəs heykəltəraşlıq nədir?
- Heykəltəraşlıq təkcə adam düzəltmək deyil, obrazı yaratmaq lazımdır. Nizami Gəncəvinin bəyəm fotosu qalıb ki, onun heykəlini hazırladılar? Yox! Rəssamlar əsərləri əsasında onun obrazını yaradıblar. Heykəli elə yaratmalısan ki, desinlər, hə, bax bu Nizamidir, bu da Nəsimidir. Yaradıcılıq budur, heykəltəraşlıq adam düzəltmək deyil.
Rəşid Behbudovun heykəlinin açılışında Prezident İlham Əliyev mənə dedi ki, razıyam, siz onu cavan hazırlamısınız
- Bu günlərdə bir nəfər məndən soruşdu ki, Qara Qarayevin heykəli haradadır? Mən ona heykəli göstərdim, amma tanımadı. O, postament üslubunda bir heykəl gözləyirdi.
- Sadəlövh yanaşmadır. Əsər necə yaranırsa, elə də görünür. Rəşid Behbudovun heykəlinin açılışında Prezident İlham Əliyev mənə dedi ki, razıyam, siz onu cavan hazırlamısınız. Bilirsiniz, zaman keçdikcə Rəşid Behbudovu canlı görən insan qalmayacaq. İstəyirdim ki, gələcək nəsillər üçün Rəşidin gənc vaxtı qalsın. Bu da bir düşüncədir.
- Bu gün evində heykəl qoyduran olur?
- Yox, mən elə adamla üzləşməmişəm. Ola bilər ki, olsun. Amma mənə belə xahişlə müraciət edən olmayıb.
- Bu gün bizdə dəbdəbəli qəbir daşları qoyulur. Hətta bəzən qəbir üzərində heykəl ucaldanlar da var. Buna münasibətiniz necədir?
- Ümumiyyətlə, hər dövlətin, hər xalqın öz ənənəsi, düşüncəsi olur. Allah Adəmi gildən yaradıb və həyat verib. Heykəltəraş da gildən yaradır, amma həyat verə bilmir. Mən sizə deyim, belə baxsaq, tarixdə lap dərinə getsək, Qobustandakı rəsmləri görmüsünüz? Orda insanların gördükləri ilə təsvir etdikləri fərqlidir. İndi söhbət dəbdəbəli qəbirlərdən gedirsə, buna memorial heykəltəraşlıq deyirlər. Qəbirüstü heykəl hazırlayanda siz həmin adamı görürsünüz. Sanki sizə deyilir ki, bu adam sağlığında belə olub. Qəbir üstündə obraz olmayanda siz onu xəyalınızda saxlayırsınız. Belə baxanda, əlbəttə, memorial heykəltəraşlıq tarix üçün maraqlıdır. Niyə? Siz bilirsiniz ki, 100 il bundan əvvəl bu adam necə geyinirdi. Bu bir növ informasiyadır ki, gəlib sizə çatır. O olmayanda isə yalnız yaddaşınızda qalanla kifayətlənirsiniz.
- Bu nə dərəcədə qəbulolunandır?
- Təbii ki, qəbulolunandır. Bu, bütün Avropada var. Hətta deyərdim ki, katolik Avropada daha çoxdur. Bu, bizə də keçib. Müasir həyatdır, kim necə istəyir, elə də edir.
Bu gün rəssamlarımızdan birinin də heykəli yoxdur
- Müsahibələrinizdən birində demisiniz ki, sifariş rəssamı çərçivədə saxlayır.
- Belə deyək də, sifarişçinin düşüncəsində bir model olur. O, rəssam deyil. Buna görə də rəssamla sifarişçi arasında həmişə problem yaşanır. Çünki o, ayrı görür, ayrı düşünür. Görürsən, sifarişçi deyir ki, nə bilim, geyimi belə olsun, qolbağı olsun. Mən isə bilirəm ki, onu hansı geyimdə təsvir etsək, daha çox baxılar. Rəssam və heykəltəraş eyni şeydir. Biri gillə iş görür, digəri rənglərlə. Mən işimlə çox fəxr edirəm. Çünki mən görəni başqası görmür. Məndə də sifariş olub. Amma mən sifarişçiyə qulaq asmıram. İndi isə sifariş verən yoxdur.
- Sanki sifarişin olmamağı, bu sahədə pulun azlığı gəncləri də qorxudur...
- Bəli, bəli.
- Gənclərə nə məsləhət verərdiniz?
- Mən bütün çətinliklərə baxmayaraq, yenə də rəssam olardım. Heykəltəraşlıqda elə bir sevinc var ki, onu yalnız iş alınanda hiss edirsən. O, çox böyük bir şeydir.
- Bu gün siz özünüz nəsə işləyirsiniz? Vaxt tapırsınız?
- Əlbəttə, əsas vaxt elə ona gedir. Mən burada, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında çalışıram, tələbələrim var. Buranı buraxıb gedərəm, amma yaradıcılığı heç vaxt buraxmaram.
- Rəssam olaraq elə bir arzunuz varmı ki, onun həyata keçməyini istəyirsiniz?
- Sabirin də, Nizaminin də, Füzulinin də heykəlləri var. Bunlar çoxdan qoyulub. Biz indi yeni dövlət tikirik. Ölkəmiz inkişaf etdi, adımız ucaldı. İndi heykəllər yoxdur, qoymurlar. Bu gün rəssamlarımızdan birinin də heykəli yoxdur. Müstəqillik dövründə nəsə heykəllər çox qoyulmur. Ruslarsa bu barədə çox qabaqdadırlar.
Foto - Rüfət Mustafayev ©️ APA GROUP