Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Bakı, 31 yanvar, AZƏRTAC
Binəqədi Gənclər Evin sosial xidmət müəssisəsində “Şəhərsalma və Memarlıq İli” çərçivəsində akademik, Xalq rəssamı və dünya şöhrətli heykəltaraş Ömər Eldarov ilə “İmza saatı” təşkil olunub.
Gənclər Evindən AZƏRTAC-a bildirilib ki, tədbirin məqsədi gənclərin incəsənətə, memarlıq və şəhərsalma mədəniyyətinə marağının artırılması, milli mədəni irsin təbliği, eyni zamanda, heykəltaraşlıq sənətinin incəliklərinin gənclərə çatdırılması olub.
Görüş zamanı Ömər Eldarov monumental heykəltaraşlıq sahəsində yaratdığı unikal əsərlərdən, ideyadan formaya gedən yaradıcılıq prosesindən, heykəltaraşlıq sənətində konseptin, formanın və estetik detalların rolundan ətraflı bəhs edib. Sənətkar görkəmli şəxsiyyətlərin xatirəsinə həsr olunmuş abidə və heykəllər üzərindəki zəngin yaradıcılıq təcrübəsini gənclərlə bölüşüb.
Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova çıxış edərək, 2026-cı ilin ölkəmizdə “Şəhərsalma və Memarlıq İli” elan edilməsinin gənclərin şəhərsalma, memarlıq və incəsənət sahələrinə marağının artırılmasında mühüm rol oynadığını deyib. O, Ömər Eldarovun Azərbaycan mədəniyyətinə verdiyi misilsiz töhfələri yüksək qiymətləndirərək, bu cür görüşlərin gənclərin estetik zövqünün və yaradıcılıq potensialının inkişafına müsbət təsir göstərdiyini vurğulayıb.
“Binəqədi Gənclər Evi” sosial xidmət müəssisəsinin direktoru Günel Həsənova çıxışında tədbirin gənclərin mədəniyyət və incəsənət sahəsində maariflənməsinə, milli-mənəvi irsimizin qorunması və təbliğinə xidmət etdiyini bildirib.
Tədbirin sonunda Xalq rəssamı Ömər Eldarov gənclərlə xatirə fotoları çəkdirib və iştirakçılar üçün imzalar təqdim edib.