Xalq şairi Nigar Rəfibəyli Türkiyədə beynəlxalq elmi jurnalda

25.09.2026

Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.

Əməkdar jurnalist, Bakı Dövlət Universiteti Jurnalistika fakültəsinin müəllimi Namiq Əhmədovun “Sovet diskursunda Türkiyə obrazı: Nigar Rəfibəylinin səyahət qeydləri – ideologiya ilə reallıq arasında” (Sovyet Söyleminde Türkiye İmgesi: Nigar Refibeyli’nin Seyahat Notları İdeoloji ile Gerçeklik Arasında) adlı elmi məqaləsi Türkiyədə nəşr olunan İletişim Bilimi Araştırmaları Dergisinin (Kommunikasiya Elmləri Araşdırmaları Jurnalı) sentyabr sayında dərc edilib.

Jurnalın 6-cı cildinin 3-cü sayında (302–312-ci səhifələr) yer alan məqalədə Sovet dövrü Azərbaycan ədəbiyyatı və publisistikasında Türkiyə obrazının formalaşması məsələsi araşdırılır. Müəllif bu kontekstdə Mehdi Hüseyn, Qasım Qasımzadə, Elçin, Məmməd Aslan, eləcə də “İzvestiya” qəzetinin Türkiyə müxbirləri Azad Şərifov və Zaur Qədimbəyovun yaradıcılığı ilə yanaşı, Xalq şairi Nigar Rəfibəylinin Türkiyə səfəri əsasında qələmə aldığı “Sağlıqla qal, yaxın qonşu” əsərinin də mühüm mənbə olduğunu diqqətə çatdırır.

Tədqiqatda ilk dəfə 1970-ci ildə nəşr olunan bu əsər Sovet dövründə Azərbaycan–Türkiyə mədəni əlaqələrinin ədəbi əksini araşdırmaq baxımından təhlil edilir. Nigar Rəfibəylinin Ankara, İstanbul, İzmir, Bursa və Konya ilə bağlı müşahidələri, türk cəmiyyəti, mədəniyyəti, ədəbiyyatı və tarixi irsi haqqında fikirləri araşdırmanın əsas istiqamətlərini təşkil edir.

Məqalədə qeyd olunur ki, “Sağlıqla qal, yaxın qonşu” yalnız səyahət qeydlərindən ibarət ədəbi əsər deyil, həm də Sovet dövrünün ideoloji çərçivəsində Azərbaycan oxucusunun Türkiyə haqqında təsəvvürlərinin formalaşmasına təsir göstərən mühüm mədəni sənəddir. Nigar Rəfibəylinin türk insanının qonaqpərvərliyi, gündəlik həyatı, mədəni zənginliyi və tarixi-mədəni irsi barədə müşahidələri əsərin əsas məzmun xəttini təşkil edir.

Tədqiqatın nəticələrinə görə, əsərdə Türkiyənin ədəbiyyat və tarixinin görkəmli nümayəndələrinə, tarixi məkanlarına və mədəni dəyərlərinə geniş yer verilməsi iki qardaş xalq arasındakı ortaq tarixi və mədəni bağların ədəbi müstəvidə ifadəsinə imkan yaradıb.

Məqalə Nigar Rəfibəylinin yaradıcılıq irsinin öyrənilməsi ilə yanaşı, Sovet dövrü Azərbaycan–Türkiyə münasibətlərinin mədəni və ədəbi aspektlərinin araşdırılması baxımından da elmi əhəmiyyət daşıyır. Müəllif bu əsəri Türk dünyasının ortaq mədəni yaddaşını əks etdirən dəyərli mənbələrdən biri kimi səciyyələndirir.

XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью