Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.
Bakı, 15 oktyabr, AZƏRTAC
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şamaxı filialında Xalq şairi Vahid Əzizlə tələbələrin “Zəfər millətimin altun tacıdır” mövzusunda görüşü keçirilib.
Universitetdən AZƏRTAC-a bildirilib ki, tədbir şairin həyat və yaradıcılığını əks etdirən fotoşəkillərdən ibarət videoçarxın nümayişi ilə başlayıb.
Filialın direktoru, dosent Tünzalə Yusifova çıxışında milli-mənəvi dəyərlərin qorunmasında, Vətənə məhəbbət və milli qürur hissinin gənc nəslə aşılanmasında ədəbiyyatın və söz sənətinin rolundan danışıb.
Xalq şairi Vahid Əziz yaradıcılığından, poeziyanın cəmiyyətin mənəvi həyatındakı əhəmiyyətindən və Zəfər mövzusunun Azərbaycan ədəbiyyatında əksindən bəhs edib. O, Vətən sevgisi, milli birlik, qəhrəmanlıq və tarixi yaddaş kimi mövzuların gənclərin dünyagörüşünün formalaşmasında əhəmiyyətini vurğulayıb, tələbələrlə fikir mübadiləsi aparıb.
Tədbir tələbələrin şairlə söhbəti və yaradıcılığına dair suallarının cavablandırılması ilə davam edib.