Xalq şairinin Sumqayıtda yubiley hesabatı

03.09.2026

Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Sabir Rüstəmxanlı – 80

Sumqayıtda Gənclərin İnkişaf və Karyera Mərkəzi (GİKM), Dünya Gənc Türk Yazarlar Birliyi (DGTYB) və Azərbaycan Yazıçılar Birliyinin (AYB) Sumqayıt bölməsinin təşkilatçılığı ilə keçirilən növbəti görüşün qonağı Turan sevdalı böyük şair, yazıçı, ictimai-siyasi xadim Sabir Rüstəmxanlı idi.

Toplantıda qeyd edildi ki, bu il 80 yaşı tamam olan Xalq şairi, Dünya Azərbaycanlıları Konqresinin həmsədri, “Şərəf” və “Şöhrət” ordenli Sabir Rüstəmxanlının yubiley tədbirləri Azərbaycanda və qardaş ölkələrdə, o cümlədən, Türkiyədə layiqincə qeyd olunub. Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) Ankaradakı qərargahında yubiley münasibətilə təntənəli mərasim düzənlənib. Qazi Universitetin əməkdaşı, gənc alim Şəhla Aslanın “Dil, kimlik, vətən” adlı maraqlı elmi-tədqiqat əsəri, Bosniya və Herseqovinadakı “Bookline-Sarayevo” nəşriyyatında isə Vilayət Quliyevin ön sözü ilə Sabir Rüstəmxanlının böyük populyarlıq qazanmış tarixi-publisistik “Ömür kitabı” nəşr olunub. Bakıda, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında keçirilən rəsmi yubiley gecəsində ölkənin mədəniyyət, incəsənət və ictimai-siyasi xadimləri, millət vəkilləri, şairin dostları iştirak ediblər.

Heydər Əliyev Mərkəzində gənclərlə görüşün aparıcısı, DGTYB İdarə Heyətinin sədri İntiqam Yaşar Xalq şairinin Sumqayıt hesabatı olan layihə haqqında məlumat verdi. O, Sabir Rüstəmxanlının yaradıcılığı, mübarizə yolu, milli dəyərlərimizin təbliğində rolundan danışdı. GİKM-in rəhbəri Azər Əliyev gənclərin mənəviyyat ucalığına çatmasında ədəbiyyatın, Sabir Rüstəmxanlı kimi böyük ziyalıların əvəzsiz xidmətlərini qeyd etdi, şairlə görüşün böyük maraq kəsb etdiyini söylədi.

Çıxışlardan əvvəl söz Sabir Rüstəmxanlıya verildi. O, görüşün təşkilatçılarına təşəkkür edərək, belə məclislərin gənc oxucular üçün böyük əhəmiyyətindən danışdı. Şair Azərbaycanın müstəqillik qazanması, milli ideologiya, Qarabağ Zəfəri, ana dilinə sevgi və digər məsələlərlə bağlı fikirlərini bölüşdü. “Gənclərimiz ləyaqətli vətəndaş kimi yetişməli, vətənpərvərlik örnəyi olmalıdırlar”, – deyən Sabir müəllim onları milli təfəkkür özəlliklərini dərindən əxz etməyə, Azərbaycan ədəbiyyatını öyrənməyə, mütaliəni gündəlik vərdişə çevirməyə çağırdı.

Şair özünün ədəbiyyata gəlişi, hələ universitetin filologiya fakültəsinin 2-ci kursunda oxuyarkən “Ədəbiyyat və İncəsənət” qəzetinə işə qəbul edilməsi, azadlıq mücadiləsində iştirakı, ictimai-siyasi fəaliyyətinin mühüm məqamları barədə danışdı, Sumqayıtda güclü ədəbi mühitin formalaşdığını vurğuladı.

Sonra AYB Sumqayıt bölməsinin sədri, şair Gülnarə Cəmaləddin, “Şöhrət” ordenli müəllim-şair, Prezidentin fərdi təqaüdçüsü Ofelya Babayeva, Sumqayıt Şəhər İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri, Dostlar Klubunun rəhbəri, tanınmış iş adamı, yazıçı Hümbət Həsənoğlu, “Göyərçin” jurnalının baş redaktoru, filologiya elmləri doktoru, professor, şair Rafiq Yusifoğlu, “Zərdabi” poliqrafiya nəşriyyatının direktoru Aydın Məlikov, yazıçı Almaz Ərgünəş Bəyazid çıxış etdilər. Qeyd olundu ki, ötən il 15 cildlik “Seçilmiş əsərləri” işıq üzü görən Sabir Rüstəmxanlı eyni zamanda, tanınmış ictimai xadim, dərin araşdırmaları olan alim və publisistdir. Təsadüfi deyil ki, “Var olmanın tək yolu sonsuz savaşımdadır”, – deyən yubilyarın 15 cildliyinin yalnız üçdəbiri poetik nümunələrdən ibarətdir, yaradıcılığının digər şaxələrini əhatə edən qalan cildlərdə nəsr əsərləri (“Xətai yurdu”, “Göy Tanrı”, “Ölüm Zirvəsi Cavad xan”, “Difai Fədailəri”, “Şair və şər”, “Sunami” kimi maraqlı romanları), tərcümələri, məqalə və müsahibələri toplanıb.

Sonda Xalq şairi onunla görüşə gəlmiş gənc oxucuların çoxsaylı suallarını cavablandırdı. Onun böyük azadlıq mücadiləsinin əksi olan bədii irsi, yaradıcılığının janr müxtlifliyi, ötən əsrin sonlarında buraxdığı ilk müstəqil mətbu orqanın – “Azərbaycan” qəzetinin nəşri, məşhur “Ömür kitabı” və digər əsərləri, həyata baxış aspektləri barədə maraqlı mükalimələr oldu.

Soy-kökə bağlılıqdan danışan şair dünyanın yarıdan çoxunu gəzsə də, yazılarının ruhuna görə doğulduğu Hamarkənddən, Şah İsmayılın gəzdiyi Şahnişin yaylağından çıxa bilmədiyini, sovet rejiminin köçürdüyü sərhəd kəndlərinin qərib, tənha görkəminin daim gözləri önündə canlandığını söylədi: “Dağ kultu türkün qan yaddaşındadır. Şeirlərimin, lap elə romanlarımın əsas özəyidir bu. Hamısı o yaddaşı diriltməyə xidmət edir”.

Bədii-publisistik yaradıcılığı və ictimai-siyasi fəaliyyəti ilə hər bir Azərbaycan vətəndaşının arzu və məqsədlərinin ifadəçisinə, səsinə, sözünə çevrilməyi bacaran Xalq şairi Sabir Rüstəmxanlı ilə görüş hər bir iştirakçıda xoş təəssürat yaratdı.

Əli NƏCƏFXANLI
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью