Icma.az bildirir, 525.az portalına istinadən.
Azər ABDULLAYEV
Tibb elmləri doktoru, ixtiraçı alim
Nobel mükafatı laureatı, görkəmli alim İsidor İsaak Rabi kəşf etdiyi nüvə maqnit rezonansı (NMR) metodu ilə elmə mühüm töhfə verib. Bu kəşf müasir tibdə geniş tətbiq olunan maqnit rezonans tomoqrafiyası (MRT) cihazlarının, eləcə də atom saatlarının yaradılmasına yol açıb. İsidor İsaak Rabinin tez-tez xatırlanan bir fikri var. O deyirdi: "Analar məktəbdən gələn uşaqlarından soruşardılar: "Bu gün məktəbdə nəsə öyrəndinmi?" Mənim anam isə belə soruşardı: "Bu gün məktəbdə müəllimə yaxşı bir sual verə bildinmi?" Məni alim edən də məhz bu fərq, yaxşı sual vermək vərdişi oldu".
Qurani-Kərimin "Ən-Nəhl" surəsinin 43-cü ayəsində buyurulur ki: "Əgər bilmirsinizsə, zikr əhlindən soruşun". Sevimli Peyğəmbərimiz Məhəmməd əleyhissalamın belə bir kəlamı var: "Elm bir xəzinədir, onun açarı isə sual verməkdir. Sual verin ki, Allah sizə rəhm etsin". İslamda öyrənmək və cəhalətdən qurtulmaq məqsədilə verilən sual nur kimi dəyərləndirilir. Əsassız maraqdan doğan və ya mübahisə yaratmaq məqsədi daşıyan suallar isə fitnə hesab olunur.
Mən 21 il Səudiyyə Ərəbistanı Krallığında cərrah-travmatoloq və ortoped kimi çalışmışam, şöbə müdiri vəzifəsində işləmişəm. Qürbətdə yaşadığım illərdə ana dilim üçün darıxmışam. Azərbaycana qayıtdıqdan sonra alim dostlarla, ziyalılarla görüşüb söhbət etmək arzusunda olmuşam. Ölkəmizin bir çox alimi və ziyalısı ilə tanış olmaq, onlarla görüşüb söhbət etmək mənə qismət olub.
Alim və ziyalı dostlarla söhbətlərimiz zamanı onlar Sokratdan, Platondan, Aristoteldən misallar gətirir, müasir dövrün bir sıra suallarına cavab axtarırdılar. Mən isə deyirdim: Onlar 2500 il bundan əvvəl yaşamış böyük alimlər, filosoflar, bəşəriyyətin müəllimləridir. Bəs bu gün onların müdrikliyini, düşüncə dərinliyini özündə yaşadan kimdir? Məncə, yazıçı Anar! Onun sevilən, dəyərli əsərləri, uzun ömür yolu və həyat təcrübəsi bunu deməyə əsas verir. Gedib onunla ünsiyyət qurun, suallarınızı verin. Anar müəllim bu suallara cavab verməyə qadirdir. Mən buna inanıram".
Bu qənaətimi Xalq yazıçısı Anarla görüşüm də təsdiqlədi. Onunla görüşdüm və çox şad oldum. Anar müəllimə onunla salamlaşmaq və kefini soruşmaq üçün gəldiyimi dedim. Cavabında bildirdi: 'Sən birinci adamsan ki, görüşə gəlmisən, amma məndən özün üçün heç nə xahiş etmirsən".
Səmimi söhbətimiz oldu. Dayım, görkəmli ədəbiyyatşünas alim, professor Abbas Zamanovla Xalq şairi Rəsul Rza arasındakı dostluq münasibətlərindən danışdıq. Şəkil çəkdirdik. Bu görüşdə 90 yaşını haqlayan Anar müəllimin sağlamlığının və gümrahlığının, iti ağlının və dəqiq yaddaşının şahidi oldum. Maşallah!
Görüşdə mənim tələbə yoldaşım, həkim-şair Tofiq Nurəli də iştirak edirdi.
Anar müəllimlə aramızda xeyli yaş fərqi olsa da, onun yaradıcılığı 1970-80-ci illərdə bizim gənclik illərimizin ayrılmaz bir parçası olub. Anar müəllimin kitablarını oxuyanda da, teatr və televiziya tamaşalarına baxanda, öz çıxışlarını dinləyəndə də içində xoş bir ovqatın, müsbət enerjinin yarandığını hiss edirsən. Misal kimi Anar müəllimin ssenarisi əsasında çəkilmiş "Evləri köndələn yar" televiziya tamaşasını göstərmək olar. Bu, ilahi pozitivlikdən doğan bir NURdur. Bir tonqal qalayarsan, ətrafına çoxlu insan yığışar. Bu əsərin ssenarisindəki NUR sayəsində bizim ölməz aktyor və aktrisalarımız öz rollarını böyük sənətkarlıqla ifa edir, tamaşaçıya misilsiz zövq yaşadırlar.
"Evləri köndələn yar" televiziya tamaşası üçün ölməz bəstəkarımız Emin Sabitoğlunun yazdığı musiqi də insanı emosional baxımdan ruhlandırır. Bu əsər bu gün də sevilə-sevilə izlənilir. Bunun bir səbəbi var: ssenarinin daşıdığı pozitiv NUR. İlahi NUR görünməz, amma hiss edilər.
Bəzən Anar müəllim haqsız və qərəzli tənqidlərə emosional, acıqlı cavab versə də, qəlbinin dərinliyində qarşı tərəfi bağışlamaq duyğusunun yaşandığını hiss edirsən. Bu məqam da onun müdrik bir ağsaqqal olduğunu göstərir.
Torpaqlarımız işğal altında olanda başımız aşağı, belimiz bükük idi. Allahın köməyi ilə misli görünməmiş bir Qələbə qazandıq. Dövlətimizin siyasi iradəsi, şəhidlərimizin fədakarlığı, qazilərimizin qəhrəmanlığı və bütövlükdə Azərbaycan xalqının birliyi sayəsində torpaqlarımızı geri aldıq, sərhədlərimizi bərpa etdik. İndi başımız dik, qamətimiz şaxdır. Biz dünyanın ən ağır imtahanlarından birini verib, ən gözəl mükafatını qazandıq. Qurani-Kərimin "Əl-Ənfal" surəsinin 10-cu ayəsində buyurulur: "Qələbə yalnız Allahdandır".
2024-cü il sentyabrın 9-11-də Bakıda Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin Birinci Forumu keçirildi. Diasporla İş üzrə Dövlət Komitəsi bu foruma 80 nəfər azərbaycanlı alimi dəvət etmişdi. İyirmi il qürbətdə ana dili həsrəti ilə yaşamış bir azərbaycanlı kimi, mən də foruma dəvət olunmuşdum. "Gülüstan" sarayında iki gün iclas keçirdik. Üçüncü gün Xankəndiyə və Şuşaya getdik. İclaslar Azərbaycan dilində keçirilir, hamı doğma dilimizdə danışırdı. Sevincimdən ruhum qanad açıb uçurdu. Biz ana dilimizdə - Azərbaycan türkcəsində danışırdıq. Bundan böyük xoşbəxtlik yox idi.
Anar müəllimin əsərlərinin dili ana dilimizin səlis və düzgün ifadə olunmasında müstəsna əhəmiyyət daşıyır. Qurani-Kərimin "Əl-Qəsəs" surəsinin 77-ci ayəsində buyurulur: "Allahın sənə verdiyi ilə Axirət yurduna can at. Dünyadakı nəsibini də unutma. Allah sənə yaxşılıq etdiyi kimi, sən də başqalarına yaxşılıq et".
Allahın insana bəxş etdiyi nemətləri başqaları ilə bölüşmək Ona şükür etməyin ən ali ifadələrindən biridir.
Anar müəllim Allahın ona bəxş etdiyi nemətləri başqaları ilə bölüşməyi bacaran böyük şəxsiyyətdir.