XALQA XİDMƏT FƏLSƏFƏSİ

08.05.2026

Icma.az, Adelet.az portalına istinadən məlumatı açıqlayır.

Kərim Novruzov

Ağdam rayon 95 nömrəli məktəbin direktoru

Hər bir müstəqil dövlətin özünəməxsus milli ideologiyası - dövlətçilik ideologiyası mövcuddur. Milli ideologiya hər bir dövlətin daxili və  xarici siyasətinin əsasını təşkil edir. Milli ideologiya siyasi  ideologiyadan fərqli olaraq ayrı-ayrı qruplara, siniflərə, partiyalara  deyil, bütöv millətə, cəmiyyətə, müstəqil dövlətə, milli dövlətçiliyə xidmət edir. Başqa sözlə, milli ideologiya millətin əsrlər boyu davam edən tarixinin, mədəniyyətinin, mənəvi həyatının, milli əxlaq və mentalitetinin, milli düşüncə tərzinin, dini və mifik görüşlərinin sintezi şəklində yaranıb, formalaşır, ümummilli maraqlara və vahid dövlətçilik təfəkkürünə əsaslanır. 

Ümummilli Lider  Heydər Əliyev

Hər bir xalqın milli-mənəvi dəyərləri, zəngin mədəniyyəti, özünəməxsus adət-ənənələri onun tarixi qədimliyinin əsas göstəricilərindəndir. Əsrdən-əsrə keçən, nəsildən-nəslə ötürülən bu dəyərləri qoruyub saxlamaq, yaşadıb inkişaf etdirmək hər kəsin doğma xalqı qarşısında mənəvi borcu, müqəddəs vəzifəsidir. Təqdirəlayiqdir ki, Azərbaycan xalqı öz milli-mənəvi dəyərlərinə, qədim adət-ənənələrinə sadiqdir. Xalqımızın keçib gəldiyi tarixi yol, minilliklərlə formalaşmış bir çox ənənələrimiz bu gün də davam etdirilir. Əsrlər boyu azərbaycanlılar dünya xalqları arasında qədim milli-mənəvi dəyərləri ilə tanınıblar. Xalqımız həssaslıqla yanaşdığı, qoruyub saxladığı, yaşatdığı və təbliğ etdiyi milli xüsusiyyətləri, adət-ənənələri ilə dünya mədəni irsində özünəməxsus yer tutur.Uzun illər aparılan araşdırmalar, tədqiqatlar Azərbaycanda bu gün də mövcud olan bir çox adət-ənənənin qədim köklərə malik olduğunu sübut edir.

Mənbələr təsdiq edir ki, Azərbaycan qədim zamanlardan yolunu buradan salanları heyrətə gətirib, heyran qoyub. Onların marağına səbəb olan yalnız məmləkətimizin təbiətinin əsrarəngizliyi, zəngin təbii sərvətlərə malik olması deyildi. Həm də bu gözəl ölkənin sakinlərinin özlərinə məxsus, maraqlı adət-ənənələrinə, milli-mənəvi dəyərlərini uca tutmalarına heyran qalıblar. Azərbaycanın min illər əvvəl formalaşan milli dəyərləri bu günədək demək olar ki, dəyişməyib, unudulmayıb. Azərbaycan xalqı indi də həmin mənəvi dəyərlərin işığında yaşayır.  Milli-mənəvi dəyərlərini yaşatmaq, gələcək nəsillərə ötürmək xalqın keçmişi ilə bağlılığını, onun varlığını ifadə edir. Dilimiz, dini inancımız, adət-ənənələrimiz, həmçinin  tarixən bu torpaqlarda mövcud olmuş birgəyaşayış mühiti, tolerantlıq kimi xüsusiyyətlərimiz milli-mənəvi dəyərlərimizdir.  Bu dəyərlərə sadiqlik, onları yaşatmaq, təbliğ etmək, nəsillərə sevdirmək doğma Vətənimizin və xalqımızın gələcəyi naminə vacib və əhəmiyyətlidir. Azərbaycan xalqı əsrlərdir ki, məhz bu dəyərlərə söykənərək tarixin ağır sınaqlarından, çətin imtahanlarından uğurla çıxmağı bacarıb, öz milli kimliyini, dövlətçilik ənənələrini qoruyub saxlamağa müvəffəq olub.

Azərbaycan xalqı dünyada zəngin milli-mənəvi dəyərləri və adət-ənənələri ilə tanınır. Tarixən müxtəlif ictimai-siyasi quruluşlarda yaşamasına baxmayaraq, xalqımız özünün mənəvi dəyərlərini qoruyub saxlamış, ona ən qiymətli sərvəti kimi yanaşmışdır.Milli-mənəvi dəyərlər ictimai şüurun formalaşmasında və vətəndaş həmrəyliyinin təmin olunmasında mühüm rol oynayır. Xalqımız tarixin ən keşməkeşli mərhələlərində belə milli-mənəvi dəyərlərini qoruyaraq onlara sadiq olmuşdur. Keçmiş sovetlər ittifaqı dövründə hakim ideologiyanın qadağalarına rəğmən milli-mənəvi dəyərlərimiz müəyyən inkişaf yolu keçmişdir. Xalqımızın milli-mənəvi dəyərləri qədim tarixə malikdir. Azərbaycan şifahi xalq ədəbiyyatında ailəyə hörmət, vətəni sevmək, qonaqpərvərlik, başqasına yardım göstərmək, müxtəlif dini inanclara hörmətlə yanaşmaq kimi keyfiyyətlər təbliğ olunur.

Atalar sözləri, bayatılar, dastanlar, rəvayətlər və digər janrlarda milli-mənəvi dəyərlərlə bağlı fikirlər irəli sürülür. Azərbaycan şifahi xalq ədəbiyyatının ən qədim yazılı abidəsi olan "Kitabi-Dədə Qorqud” dastanında xalqımızın zəngin tarixi, mədəniyyəti və milli-mənəvi dəyərləri, inancları, eləcə də məişətinin xüsusiyyətləri öz əksini tapmışdır. Eposda milli adət-ənənələrin qorunub saxlanılması, vətəninə layiq, düşmənə qarşı mübarizədə igidlik göstərən gənclərin tərbiyə olunması məsələlərinə geniş yer verilmişdir.Dastanda sağlam ailə münasibətləri tərənnüm edilir, ailənin möhkəmliyinin və nəslin davamlı şəkildə artması nəticəsində xalqın qüdrəti və gücünün yenilməz olduğu göstərilir. "Kitabi-Dədə Qorqud”da ağsaqqal sözü uca tutulur, oğuz igidləri səfərə getməmişdən qabaq onunla məsləhətləşirlər.

Dastanda qopuza qəhrəmanlıq ruhu yaradan vasitə kimi baxılır və ona hörmət milli-etnik ənənə hesab olunur. Qədim dövr Azərbaycan ədəbiyyatında, incəsənətində və fəlsəfəsində milli-mənəvi dəyərlər özünün bədii-estetik, fəlsəfi ifadəsini tapmış, doğma yurda, adət-ənənələrə bağlılıq obrazlı, poetik şəkildə ifadə olunmuşdur. Azərbaycan klassik ədəbiyyatının görkəmli nümayəndələrinin yaradıcılığında humanist və ümumbəşəri dəyərlər mühüm yer tutur. Qeyd edək ki, milli-mənəvi dəyərlərə hörmət xalqımızın tolerant xarakter daşıyan həyat tərzi ilə bağlı olmuşdur. Qədim və orta əsrlərə aid olan ədəbi, fəlsəfi əsərlər, incəsənət nümunələri multikultural baxışlarla, irqi, milli və dini ayrı-seçkiliyi rədd edən, insanları birliyə və humanizmə çağıran ideyalarla zəngindir. XIX əsr Azərbaycan maarifçilərinin ictimai-siyasi fikirlərində xalqımızın milli-mənəvi dəyərlərinin əhəmiyyətinə geniş yer verilmiş, milli ideya kimi istifadə olunan azərbaycançılıq anlayışı əsasən vətənçilik mənasında işlədilsə də, onun elmi-nəzəri və praktiki əsasları hələ formalaşmamışdı. Maarifçilər azərbaycançılığa ana dilinin, milli-tarixi irsin və mənəvi dəyərlərin inkişafını nəzərdə tutan, insanlara vətənpərvərlik hissi aşılayan dəyər kimi baxırdılar.

Həmin dövrdə tərəqqipərvər ziyalılarımız ictimai-siyasi şəraitin təsiri altında yeni siyasi tələblərlə çıxış edir, dövlət müstəqilliyi ideyasını irəli sürürdülər. Azərbaycançılıq məfkurəsi 1918-ci ildə Şərqin ilk demokratik respublikası olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ilə özünün tarixi təcəssümünü, təsdiqini tapdı. Lakin Xalq Cümhuriyyətinin süqutundan sonra kommunizm ideologiyasının qadağaları və keçmiş SSRİ-nin milli münasibətlər sahəsində həyata keçirdiyi siyasət azərbaycançılıq ideyasını sıxışdırmağa başladı.Xalqımızın inkişafında oynadığı əhəmiyyətli roluna, dünya mədəniyyətinin zənginləşməsi üçün verdiyi töhfələrə, vətəndaş həmrəyliyinin təmin olunmasında kommunikativ funksiya yerinə yetirdiyinə görə milli-mənəvi dəyərlərin qorunması və inkişafı dövlət siyasətinin əsas istiqamətlərindən birini təşkil edir.

Qeyd edək ki, hələ sovet dövründə Ümummilli Lider Heydər Əliyevin Azərbaycana rəhbərliyi illərində milli-mənəvi dəyərlərimizin zənginləşməsi istiqamətində mühüm addımlar atılmış, xalqımızın bədii irsi, mədəniyyəti, incəsənəti və ana dilinin inkişafı üçün yeni mərhələnin bünövrəsi qoyulmuşdur.Həmin dövrdə respublikamızda milli özünüdərk hissi güclənmiş, milli kimlik və düşüncə sistemi ilə bağlı baxışlar formalaşmışdır. Adət-ənənələrlə müasirlik arasındakı mənəvi-ideoloji bağlılıq milli mənlik şüurunun inkişafına mühüm təsir göstərmişdir. Milli-mənəvi dəyərlər zənginləşmiş, humanitar və ictimai elm sahələrində böyük irəliləyişlər əldə edilmiş, xalqımızın azadlıq istəyini təcəssüm etdirən əsərlər siyasi-ideoloji hücumlardan qorunmuşdur.

Heydər Əliyev azərbaycançılıq məfkurəsinin ictimai fikirdə özünə mühüm yer tutması istiqamətində prinsipial fəaliyyət göstərmiş, xalqımızın tarixi, dili, ədəbiyyatı və mədəniyyətinin hərtərəfli şəkildə, dərindən öyrənilməsi sahəsində nailiyyətlər əldə edilmiş, gənc nəslin milli-mənəvi dəyərlər ruhunda tərbiyə olunması diqqət mərkəzində saxlanılmışdır. Kommunizm ideologiyasının qoyduğu məhdudiyyətlərə baxmayaraq, milli-mənəvi dəyərlərin tərkib hissələrindən olan ana dilinin inkişaf etdirilməsi sahəsində mühüm işlər görülmüşdür. Heydər Əliyev milli-mənəvi dəyərləri təbliğ etmək üçün, ilk növbədə, xalqımızın öz ana dilini sevməsinin vacib olduğunu nəzərə almışdır. Bu məqsədlə 1974-cü ildə ali məktəb tələbələri üçün hazırlanmış dördcildlik "Müasir Azərbaycan dili” dərsliyi Dövlət mükafatına layiq görülmüş, Azərbaycan SSR-in 1978-ci ildə qəbul olunmuş Konstitusiyasına Azərbaycan dilinin dövlət dili olması barədə maddə daxil edilmişdir. Həmin dövrdə Heydər Əliyev milli-mənəvi dəyərlərin ictimai həyatda özünə mühüm yer tutması üçün əlverişli ictimai-siyasi, elmi-mənəvi mühit formalaşdırmışdır.

Azərbaycanın görkəmli yazıçıları və mədəniyyət xadimlərinin yaradılmış şəraitdən bəhrələnərək ərsəyə gətirdikləri əsərlər gənc nəslin azərbaycançılıq məfkurəsi ruhunda tərbiyə olunmasında xüsusi əhəmiyyət daşımışdır. SSRİ-nin süqutundan sonra postsovet məkanında, o cümlədən Azərbaycanda ümumi mülkiyyətə əsaslanan iqtisadi münasibətlər, birpartiyalı siyasi sistem tənəzzülə uğradı. Milli-mənəvi dəyərlərlə bağlı ictimai şüurda formalaşmış stereotiplər yeni ictimai-siyasi sistemdən irəli gələn xüsusiyyətlərlə qarşılaşdı. 1990-cı ilin əvvəllərində Azərbaycanda gedən ziddiyyətli və mürəkkəb proseslər, ictimai şüurun inkişafında varislik prinsipinin pozulması milli-mənəvi dəyərlərə mənfi təsir göstərməyə başladı.

Respublikamızda kommunizm ideologiyasından imtina edilsə də, xalqı öz ətrafında səfərbər edən, milli-mənəvi dəyərləri qoruyub saxlamaq və inkişaf etdirmək qabiliyyətinə malik olan milli ideya irəli sürülmədi. "Keçmişə aiddir” deyərək elmi, intellektual, mənəvi, ictimai dəyərlərdən imtina cəhdləri Azərbaycanda ciddi ideoloji boşluq yaratdı.1993-cü ildə görkəmli dövlət xadimi Heydər Əliyev yenidən siyasi hakimiyyətə gəldikdən sonra milli-mənəvi dəyərlərin inkişafında dönüş mərhələsi başladı, elm, təhsil, mədəniyyət və incəsənətin tərəqqisində böyük nailiyyətlərin bünövrəsi qoyuldu. Milli mənlik şüuru inkişaf etdi, xalqımızın öz tarixini, milli-mənəvi dəyərlərini və soykökünü dərindən öyrənməsi, azərbaycançılıq məfkurəsinin inkişafı üçün əlverişli şərait yarandı, ziyalılar, elm, mədəniyyət, incəsənət, ədəbiyyat nümayəndələri milli ideya ətrafında səfərbər edildi.

Ümummilli Lider milli-mənəvi dəyərlərin tərkib hissələrindən biri olan mütərəqqi dini dəyərlərin cəmiyyətdə özünə mühüm yer tutması üçün məqsədyönlü siyasət həyata keçirməyə başladı. Heydər Əliyev ölkəmizdə dini dəyərlərin əhəmiyyətini yüksək qiymətləndirərək demişdir: "Dünyada bir çox böyük dinlər mövcuddur. Hər dinin özünəməxsus yeri var. Biz azərbaycanlılar islam dini ilə fəxr edərək, eyni zamanda heç vaxt başqa dinlərə qarşı mənfi münasibət göstərməmişik, düşmənçilik etməmişik. Ümumiyyətlə, başqa dinlərə dözümlülük, başqa dinlərlə yanaşı və qarşılıqlı anlaşma şəraitində yaşamaq islam dəyərlərinin xüsusiyyətləridir”.Mənəvi aləmimizi zənginləşdirən, milli vəhdətimizi təmin edən dəyərlərimiz sayəsində var olmuşuq və bu gün də varıq. Hər bir şəxsiyyətin yetişməsində mühitdən də əvvəl ailənin böyük rolu var. Əbəs yerə ailəni kiçik dövlətə bənzətmirlər. Əsas dəyərlər ailədə formalaşmağa başlayır.  Ədalət, humanizm, vətənpərvərlik, xeyirxahlıq, mərhəmət, cəsarət, mərdlik, dürüstlük, halallıq, milli-mənəvi dəyərlərə, soy-kökünə bağlılıq, böyüklərə ehtiram və əməksevərlik ruhunda tərbiyənin əsası ailədə qoyulur. Sonradan bu tərbiyənin təkmilləşməsində təhsil ocaqları, cəmiyyət mühüm rol oynayır. Böyüklərə hörmət və ehtiram, uşaqlara diqqət, qayğı və sevginin aşılanan, xalqın milli-mənəvi dəyərlərinə, adət-ənənələrinə rəğbət öyrədilən ailə adlı müqəddəs ocaqda, böyüyüb boya-başa çatan, təhsil aldığı məktəblərdə elmi biliklərə yiyələnməklə bərabər, həm də vətəndaşlıq ruhunda formalaşan gənclər ölkəsinin, xalqının adını daha da yüksəklərə qaldırırlar. Vaxt gəlir doğma Vətəni, xalqı da onlarla qürur duyur.

Eyni ilə Vətən müharibəsində olduğu kimi… 2020-ci ilin 27 sentyabrında Ermənistan tərəfinin təxribatı nəticəsində müharibə başladı. Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev qismən səfərbərlik elan etdi. Minlərlə gənc dərhal hərbi komissarlıqlara müraciət edərək, könüllü kimi cəbhəyə getməyə hazır olduqlarını bildirdilər.44 gün davam edən Vətən müharibəsi Azərbaycan xalqının tarixi qələbəsi oldu. Azərbaycan Ordusu təkcə düşmənlərinə deyil, bütün dünyaya qəhrəmanlığını, yenilməzliyini göstərdi. Müharibənin başladığı ilk gündən son günədək yeni-yeni qələbələrlə irəliləyən, otuz ilə yaxın Ermənistan silahlı qüvvələrinin işğalı altında qalan ərazilərimizi bir-bir azad edən, yağı düşmənin işğalına son qoyan Azərbaycanın oğulları igidliyin, cəsurluğun, vətənpərvərliyin simvolu oldular. Düşmənin yalnız onlara qarşı silah qaldıran, atəş açan döyüşçüləri ilə vuruşdular, mülki əhalisinə toxunmadılar. Vətən müharibəsi bir daha göstərdi ki, Azərbaycan xalqının sabahı nurlu, gələcəyi parlaqdır.

Onun gəncləri düzgün tərbiyə alıblar, heç bir çətinlik onları doğru bildikləri yoldan çəkindirə bilməz. Çünki ən çətin şəraitdə belə dözümlü, qətiyyətlidirlər, qəddar, zalım və amansız düşmənlə müharibə aparanda da cəsur, mərd, dürüstdürlər.  Azərbaycan cəmiyyətində tarixən mövcud olmuş fərqli mədəniyyətlərə hörmət ruhu, tolerantlıq mühiti, nümunəvi dövlət və din münasibətləri Vətən müharibəsində zəfərimizi şərtləndirən əsas amillərdən oldu. Respublikamızda yaşayan bütün xalqlar, etnik qruplar bir amal, bir məqsəd ətrafında sıx birləşdilər. Milli mənsubiyyətindən, dilindən, dinindən asılı olmayaraq, bu ölkənin vətəndaşı olan hər kəs doğma vətəni Azərbaycanın ərazi bütövlüyü, düşmənin xar və məğlub olması naminə ayağa qalxdı. Göstərdilər ki, tolerantlıq və multikultural dəyərləri ilə bütün dünyaya nümunə olan Azərbaycanın qələbə və uğur dolu günləri bundan sonra da davam edəcək.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью