Xalqımıza şərəf gətirən hünər salnaməsi

05.11.2026

Xalq qazeti saytına istinadən Icma.az xəbər verir.

Azərbaycan xalqına şərəf gətirən 8 noyabr Zəfər Günü tariximizə qızıl hərflərlə yazıldı. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu ərazi bütövlüyümüzün bərpası uğrunda işğalçılara qarşı qızğın döyüşlər apararaq xalqımızı möhtəşəm qələbə ilə sevindirdi.

Azərbaycan Ordusu haqq-ədalət uğrunda öz torpağında müharibə aparırdı. Prezident İlham Əliyev Xocavənd rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə bu barədə demişdir: “Bu müharibə haqqında hələ çoxlu kitablar, məqalələr yazılacaq, müharibə iştirakçıları öz xatirələrini bölüşəcəklər. Ancaq mən bütün bu işlərə rəhbərlik edən şəxs kimi, Ali Baş Komandan kimi bir daha gördüm ki, Azərbaycan xalqı nə qədər böyük xalqdır. Biz təmas xəttinə yaxın olan bölgələrdə sığınacaqlar yaratmaqla bağlı tədbirlər keçirəndə vətəndaşlar özləri gəlib kömək göstərirdilər. Ordumuzun təchizatı tam təmin edilmişdi, heç bir ehtiyac yox idi. Amma vətəndaşlar özləri gəlib kömək göstərməyə can atırdılar”.

Bəli, Tanrı xalqımıza 30 ildən bəri səbirsizliklə gözlədiyi böyük qələbənin şanlı, şərəfli günlərini bəxş etdi. Dövlət başçısı İlham Əliyevin komandanlığı ilə şanlı Azərbaycan Ordusunun işğala son qoyması, müqəddəs torpaqlarımızı azad etməsi dövlətçilik tariximizi qürurlandırdı, hər birimizə qələbə sevinci yaşatdı. Bu qələbə xalqımızı daha da bütövləşdirdi, milli həmrəyliyimizi daha da gücləndirdi. Bu gün böyükdən-kiçiyə hər bir azərbaycanlı vəzifəsindən, sosial statusundan asılı olmayaraq özünü daha vüqarlı, mətin hiss edir, müqəddəs torpaqlarımızı hünər meydanında azad etməyimizlə öyünür və fəxr edir.

Dövlət başçısı İlham Əliyev yalnız hərb meydanında müzəffər sərkərdə deyil, diplomatik cəbhədə də böyük strateq nümunəsi ortaya qoydu. İnformasiya müharibəsində Azərbaycanın haqq səsi oldu, bütün təzyiqlərə cəsarətlə sinə gərdi. Şanlı ordumuz, dövlətimiz, xalqımız dünyaya nümunə olacaq zəfər qazandı. Bütün dünyaya sübut etdik ki, yalnız tarixi baxımdan deyil, hüquqi baxımdan da Qarabağ Azərbaycan ərazisidir, tarixi torpaqlarımızdır.

Prezident İlham Əliyev deyib: “Dörd şərt bizim qələbəmizi şərtləndirdi. Birincisi, xalq-iqtidar birliyi idi. İkinci şərt, məsələnin tarixi və hüquqi tərəfini dünyaya çatdırmaq idi. Üçüncüsü, güclü iqtisadiyyat qura bilməyimizdir. Nəhayət, dördüncü şərt ordu quruculuğudur. Bu şərtlər Azərbaycana imkan verdi ki, düşməni darmadağın edək, onların kürəyini yerə vurub zəfər qazanaq”.

Dövlətimizin başçısı haqlı olaraq bildirib ki, işğalçını az qala dünyanın yarıdan çoxunun müdafiə etməsinə baxmayaraq, biz qısa müddətdə qalib gəldik. Bizim mübarizəmiz haqq işi idi. Biz ədalətli zəfər yoluna çıxmışdıq. Azərbaycanın başladıb məntiqi sonluqla yekunlaşdırdığı müharibə ədalətli müharibə sayılır. Vətən müharibəsində haqqı olan tərəf - Azərbaycan tarixi qələbəyə imza atdı.

Müzəffər Ali Baş Komandan qəhrəman Azərbaycan Ordusunun işğaldan azad etdiyi tarixi müqəddəs torpaqlarımızda möhtəşəm üçrəgli bayrağımızı ucaltdı və bəyan etdi ki, bundan sonra bu torpaqda biz yaşayacayıq, necə ki, əsrlər boyu yaşamışıq, bizim xalqımız yaşayıb.

Vətən müharibəsində xalqımız birlik, həmrəylik nümayiş etdirdi, vahid amal uğrunda birləşdi. Bu savaş xalq-iqtidar birliyindən güc alan Azərbaycanın qüdrətinin, milli birliyinin sarsılmazlığının göstəricisi oldu. Azərbaycan xalqının qazandığı zəfərin möhtəşəmliyi ölkə başçısının mümkünsüzü mümkünə çevirmək qüdrətindən bəhrələndi. Bundan sonra da Ali Baş Komandanımızın ətrafında sıx birləşməli, bir yumruq olmalıyıq.

Zabit XƏLİLOV,
Gəncə Ağsaqqallar Şurası sədrinin I müavini

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью