Icma.az bildirir, Xalq qazeti portalına istinadən.
Başlıca şüarı “Şəhidlər ölməz, Vətən bölünməz!” olan “Respublika Xatirə Kitabı” redaksiyasının 30 il əvvəl ümummilli lider Heydər Əliyevin təşəbbüsü və qayğısı ilə yaradılıb.
Ötən dövr ərzində redaksiya 28 cilddən çox kitab nəşr edib. Hər cild tarixi hadisələrdən və orada iştirak edən igidlərdən məlumat verir. Kitabda qəhrəmanlıq göstərmiş mərd şəhidlər, itkin düşmüş döyüşçülər haqqında bilgilər yer alıb, onların siyahıları dəqiqləşdirilib, xatirələrinə dövlət səviyyəsində göstərilən diqqət və qayğı əksini tapır. Kitabın hər cildində 15-17 min qəhrəman döyüşçü haqqında məlumat verilib.
Hazırda Mədəniyyət Nazirliyinin tabeliyində olan yaradıcı qurum fəaliyyətini daha da genişləndirib. Redaksiya öz fəaliyyətində Ulu öndərin 23 dekabr 1997-ci ildə imzaladığı “Vətən uğrunda həlak olanların xatirəsinin əbədiləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununu rəhbər tutur.
Məlum olduğu kimi, erməni millətçilərinin Qərbi Azərbaycanda həyata keçirdikləri etnik təmizləmə və 30 illik Qarabağ savaşında 4 min Azərbaycan vətəndaşı naməlum şəraitdə itkin düşüb, yaxud əsir və ya girov götürülüb. Redaksiyanın məramı bu işgəncə və cinayətlərə bütün aydınlığı ilə işıq salmaq və dünya ictimaiyyətinə çatdırmaqdır.
Yubileyə həsr olunan videoçarxlarda Ümummilli liderin, Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın şəhidlərimiz, onların əziz xatirəsi və Vətən müdafiəsi haqqında söylədikləri dəyərli fikirlər öz əksini tapıb. Filmdə “Respublika Xatirə Kitabı” redaksiyasının yaranma və inkişaf tarixi işiqlandırılıb.
“Heydər Əliyev Xatirə Kitabının yaradıcısıdır” adlı kitab, Vətən müharibəsində həlak olanların adlarının və xatirələrinin əbədiləşdirilməsi məqsədilə nəşr olunan “44 gün – tarixi Zəfər” adlı çoxcildlik ensiklopedik nəşr, redaksiyanın “Bakı Xəbər” qəzeti ilə birgə layihə əsasında ərsəyə gətirdiyi “Şəhidlər ölməz, Vətən bölünməz” seriyasından 9 kitab və hər birinin ayrılıqda təqdimatları da yada salınıb.
“Respublika Xatirə Kitabı” redaksiyası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının dəstəyi ilə Birinci Qarabağ müharibəsi zamanı yoxa çıxmış, taleləri indiyədək məlum olmayan şəxslərin xatirələrini əbədiləşdirmək məqsədilə Azərbaycan və ingilis dillərində 4 cildlik nəşr hazırlayıb.
Digər videoçarxda “Vətən daşı... və ya 44 günün dastanı” adlı layihə əsasında çəkilmiş sənədli filmlərin treylerləri yer alıb. Bu filmləri Vətən müharibəsində könüllü olaraq döyüşə qatılan əsgərlərimiz, qazi və şəhidlərimizin həyat hekayəsi də adlandırmaq olar.
Filmlərin çəkilməsi şəhid ailələrinə, müharibə iştirakçılarına dövlətin diqqət və qayğısını hiss etdirir. Yubiley videoçarxlarında yerli icra orqanları, regional mədəniyyət idarələri və digər dövlət qurumları ilə tərəfdaşlıq çərçivəsində təşkil edilən tədbirlər, şəhid ailələrinə, qazilərə və ziyalılara təqdim olunan kitabların mənəvi əhəmiyyəti vurğulanır. Fərdi xatirə nəşrlərinin cəmiyyətin, xüsusilə gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasındakı mühüm rolu önə çəkilir.
Videoçarxların ideya müəllifi tarixçi-alim, fəlsəfə doktoru, Fəxri mədəniyyət işçisi Lətifə Məmmədovadır. Mətn və fotoları “Respublika Xatirə Kitabı” redaksiyasının baş redaktoru Nəzakət Məmmədova təqdim edib.
Ə.ƏLİYEV
XQ