Xalqın bir əsrlik əmlak payı

21.08.2026

Icma.az, Ayna portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Onu kim və hansı haqla xalqdan ala bilər?

Aşağıdakı material dövlət özəlləşdirmə paylarının (çeklərinin) hüquqi taleyi, onların qanunla müəyyən edilmiş maddi ekvivalenti, əvvəlki özəlləşdirmə prosesinin nəticələri və gələcək dövlət əmlakının özəlləşdirilməsi zamanı vətəndaşların mülkiyyət hüquqlarının qorunması məsələləri ilə bağlı Özəlləşdirmə Çekləri Qrupu tərəfindən hazırlanmış tarixi-hüquqi mövqe sənədidir. Sənədin məqsədi təqdim edilən tarixi faktlar, qanunvericilik normaları və özəlləşdirmə təcrübəsi əsasında ictimai və hüquqi müzakirə tələb edən fundamental sualları ortaya qoymaqdır.

Özəlləşdirmə Çekləri Qrupu Azərbaycan cəmiyyətini, aidiyyəti dövlət qurumlarını, hüquqşünasları, iqtisadçıları və vətəndaş cəmiyyətini, Milli Məclisi, Prezident Administrasiyasını, Konstitusiya Məhkəməsini və dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı qərarların hazırlanmasında və icrasında iştirak edən bütün şəxsləri sənəddə qaldırılan məsələlərə açıq mövqe bildirməyə dəvət edir. Özəlləşdirmə Çekləri Qrupunun yüzlərlə üzvü Konstitusiya Məhkəməsində araşdırılmasının vacibliyi barədə Milli Məclisə və Cənab Prezidentə yazdıqları şikayətdə yer alan aşağıdakı sualın hüquqi əsaslandırılmış cavabını bu günə qədər ala bilməyib:

Azərbaycan Respublikası Prezidentinin 11 iyun 2004-cü il tarixli 75 saylı Fərmanının 1.1-ci bəndinin “dövriyyədə olan dövlət özəlləşdirmə paylarının (çeklərinin) dövlət əmlakının özəlləşdirilməsi zamanı tədiyə vasitəsi kimi istifadə müddəti 2011-ci il yanvar ayının 1-dəkdir” tələbinin, Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, 71, 94, 147 və 149-cu və digər maddələrinə, o cümlədən “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” 16 may 2000-ci il tarixli, 878-IQ nömrəli Azərbaycan Respublikası Qanunun 1.0.1-ci, 10-cu və digər maddələrinə, həmçinin digər Qanunlara uyğundurmu?

Bu yazı yalnız özəlləşdirmə çekləri haqqında deyil. Bu yazı bir əsrdən artıq müddətdə formalaşmış xalq əmlakının taleyi haqqındadır. Bu yazı keçmişin hesabını aparmaq deyil, gələcəkdə daha ağır hüquqi problemin yaranmasının qarşısını almaq məqsədi daşıyır.

Əsas sual çox sadədir:

Xalqın zəhməti ilə yaradılmış dövlət əmlakının taleyini kim və hansı hüquqla həll edə bilər?

Və bundan da mühüm sual:

Əgər dövlət qanunla bu əmlakdan vətəndaşa pay veribsə, sonradan həmin payın iqtisadi məzmununu kim və hansı haqla aradan qaldıra bilər?

BU SƏRVƏT BİR GÜNDƏ YARANMAYIB

Azərbaycanın XX əsrdə dövlət mülkiyyətinə çevrilmiş sərvətinin arxasında mürəkkəb və ağrılı tarix dayanır. Sovet hakimiyyətinin qurulmasının ilk illərində xüsusi mülkiyyətin böyük hissəsi milliləşdirildi, torpaqlar, istehsal vasitələri və digər əmlak dövlət mülkiyyətinə keçirildi.

Bu proses yalnız iqtisadi sistemin dəyişməsi deyildi. Minlərlə ailənin taleyi dəyişdi. Mülkiyyətini itirənlər oldu. Repressiyaya məruz qalanlar oldu. Sürgün edilənlər oldu. Həyatını itirənlər oldu.

Sonrakı onilliklərdə isə həmin dövlət mülkiyyəti milyonlarla insanın əməyi hesabına böyüdü. Fabriklər tikildi. Zavodlar yaradıldı. Yollar çəkildi. Neft çıxarıldı. Elektrik stansiyaları quruldu. Üzümçülük, pambıqçılıq və digər kənd təsərrüfatı sahələri inkişaf etdirildi. Bütün bunların arxasında insanların əməyi dayanırdı.

BİZİM NƏSİL BUNU ÖZ HƏYATINDA GÖRDÜ

Bu tarix yalnız arxiv sənədlərində qalmayıb. Onu yaşayan insanlar bu gün də aramızdadır. Məktəblilər həftələrlə üzüm və pambıq yığımına aparılırdı. Tələbələr kənd təsərrüfatı işlərinə cəlb edilirdi. Müəllimlər, həkimlər və digər dövlət işçiləri mövsümi işlərə göndərilirdi. “Subbotnik” adı altında insanlar istirahət günlərində müxtəlif ictimai işlər görürdülər.

Bütün bunlar bir ideyanın adı ilə əsaslandırılırdı: ümumi gələcək qururuq.

İnsanlara deyilirdi ki, bu dövlət sizindir. Bu zavodlar sizindir. Bu torpaqlar sizindir. Bu sərvət xalqındır.

Kommunizm qurulmadı. Sovet dövləti dağıldı. Amma onilliklər ərzində yaradılmış əmlak yoxa çıxmadı. O, yeni müstəqil dövlətə miras qaldı.

Və böyük tarixi sual meydana çıxdı: Bəs, bu miras kimindir?

III. MÜSTƏQİL AZƏRBAYCAN BU SUALA QANUNLA CAVAB VERDİ

1990-cı illərin özəlləşdirmə qanunvericiliyinin tarixi əhəmiyyəti məhz burada idi. Dövlət əmlakının özəlləşdirilməsi sadəcə “dövlət zavodları satsın və büdcəyə pul yığsın” modeli kimi qurulmamışdı.

Vətəndaşın özəlləşdirilən dövlət əmlakında iştirakı üçün özəlləşdirmə payı institutu yaradılmışdı. Sonra həmin hüququn həyata keçirilməsi üçün özəlləşdirmə çekləri verildi. Hər vətəndaşa bir özəlləşdirmə payı — dörd çek.

Bunun hüquqi və tarixi mənası böyük idi:

Dövlət vətəndaşa sadəcə kağız vermirdi, Dövlət özəlləşdiriləcək dövlət əmlakında iştirak hüququ verirdi.

DÖVLƏTİN ƏN KASIB DÖVRÜNDƏ BELƏ XALQIN PAYI TANINDI

Bu qərarlar Azərbaycanın iqtisadi baxımdan ən çətin illərində qəbul edilirdi. Dövlətin böyük maliyyə ehtiyacı vardı. Büdcənin imkanları bugünkü imkanlarla müqayisə edilə bilməzdi.

Buna baxmayaraq qanunverici bütün dövlət əmlakını sadəcə pula satmaq yolunu seçmədi. Orta və iri müəssisələrin özəlləşdirilməsi modelində çek hərracları və əmək kollektivinin iştirakı üçün xüsusi mexanizmlər nəzərdə tutuldu. Bu faktın siyasi və mənəvi mənası çox böyükdür.

Əgər dövlətin ən kasıb dövründə “xalqın payı vardır” deyilmişdisə, dövlətin daha güclü maliyyə imkanlarına malik olduğu dövrdə həmin hüququ görməməzliyə vurmağı əsaslandırmaq daha da çətinləşir.

DÖVLƏT BÜTÜN VƏTƏNDAŞLARA BƏRABƏR ƏMLAK HÜQUQU VƏD ETDİ

1995-ci ildə qanunla təsdiq edilmiş Dövlət Proqramında çox mühüm müddəalar vardı. Özəlləşdirmə payı dörd çekdən ibarət idi. Payın tərkibindəki çeklər verildiyi anda eyni dəyərə malik idi.

Hər çekin nominal dəyəri isə İNFLYASİYANIN TƏSİRİNDƏN QORUNAN MADDİ EKVİVALENT kimi müəyyən edilmiş və çeklə özəlləşdiriləcək dövlət əmlakının müəyyən hissəsinə bağlanmışdı.

Bu ifadəni təsadüfi sözlər kimi oxumaq olmaz. “Bərabər” sözünün hüquqi mənası var. “Maddi ekvivalent” ifadəsinin hüquqi mənası var. “İnflyasiyanın təsirindən qorunan” ifadəsinin hüquqi mənası var. Qanunverici bu sözləri yazıbsa, dövlət onları sonradan yazılmamış hesab edə bilməz.

“QARA BAZAR” QİYMƏTİ QANUNLA VERİLMİŞ ƏMLAK HÜQUQUNUN ÖLÇÜSÜ DEYİL

Burada illərlə qarışdırılmış iki anlayışı ayırmaq lazımdır: BAZAR QİYMƏTİ və QANUNLA MÜƏYYƏN EDİLMİŞ MADDİ EKVİVALENT.

Bunlar eyni şey deyil. Çek bazarda 1 manata satıla bilər. 100 manata satıla bilər. 10 min manata satıla bilər. Nəzəri olaraq 1 milyon dollara da satıla bilər.

Bazar qiyməti tələb və təklifdən asılıdır. Amma bu dəyişiklik dövlətin qanunla yaratdığı hüququ hər gün yenidən müəyyən etmir.

Çek bazarda 1 milyon dollara satılırsa, dövlət avtomatik olaraq bir milyon dollarlıq əmlak verməyə borclu olmur. Eyni qaydada çek 1 dollara satılırsa, dövlətin qanunla yaratdığı əmlak hüququ da avtomatik 1 dollara çevrilmir.

Çünki:

BAZAR ƏQDİN QİYMƏTİNİ MÜƏYYƏN EDİR. QANUN İSƏ HÜQUQUN MƏZMUNUNU MÜƏYYƏN EDİR.

VII. VƏTƏNDAŞ ÖZ ƏMLAKINI UCUZA SATA BİLƏR — DÖVLƏT ONUN HÜQUQUNU UCUZLAŞDIRA BİLMƏZ

Bu fərq fundamental əhəmiyyət daşıyır. Vətəndaş öz çekini sata bilər. Hədiyyə edə bilər. Miras qoya bilər. İstəsə, dəyərindən aşağı qiymətə sata bilər. Bu, onun sərəncam hüququdur.

Amma vətəndaşın öz əmlakını ucuz satması dövlətə belə demək hüququ vermir: “sənin hüququnun həqiqi dəyəri də bu qədər idi”.

Çünki: VƏTƏNDAŞ ÖZ ƏMLAKINI UCUZA SATA BİLƏR. DÖVLƏT İSƏ QANUNLA YARATDIĞI ƏMLAK HÜQUQUNU İSTƏDİYİ KİMİ UCUZLAŞDIRA BİLMƏZ.

VIII. “MÜLKİYYƏT” QƏZETİNİN FAKTLARI: NƏZƏRİYYƏ YOX, ÖZƏLLƏŞDİRMƏ PRAKTİKASI

Burada artıq nəzəriyyədən faktlara keçirik. 2008-2009-cu illərdə “Mülkiyyət” qəzetində dərc edilmiş özəlləşdirmə məlumatlarında bir Dövlət Özəlləşdirmə Payı — dörd çek müqabilində əmək kollektivinin üzvünə verilən səhm paketlərinin on minlərlə manat dəyərində olduğu konkret hallar göstərilib.

Məsələn:

3 iyun 2008-ci il — Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti 187, İXMİM-in Əmlak kompleksi — 1 DÖP (4 çek) müqabilində 60 488 manatlıq səhm.

19 avqust 2008-ci il — Suraxanı rayonu, Əmircan qəsəbəsi, “Atəşgah” fabrik-mətbəxi — 1 DÖP (4 çek) müqabilində 60 760 manatlıq səhm.

3 mart 2009-cu il — Qaradağ rayonu, Puta qəsəbəsi, Əmək kompleksi — 1 DÖP müqabilində 41 858 manatlıq səhm.

30 iyun 2009-cu il — Yasamal rayonu, “Sevinc” kafesi — 1 DÖP müqabilində 29 100 manatlıq səhm.

10 noyabr 2009-cu il — keçmiş Əzizbəyov rayonu, Şüvəlan qəsəbəsi, Təsərrüfat hesablı 1 nömrəli Univermaq — 1 DÖP (4 çek) müqabilində 27 764 manatlıq səhm.

Əgər dövlət bu məlumatları qəbul etmirsə, həlli çox sadədir:

Öz rəsmi arxivini açsın. “Mülkiyyət” qəzetinin həmin tarixlərdəki nömrələri təqdim edilsin. Hərrac protokolları təqdim edilsin. Qiymətləndirmə sənədləri təqdim edilsin. Səhm bölgüsü sənədləri təqdim edilsin.

IX. BƏS NECƏ OLDU Kİ, EYNİ HÜQUQ BU QƏDƏR FƏRQLİ NƏTİCƏLƏR VERDİ?

Burada çox ağır sual meydana çıxır:

Əgər qanun başlanğıcda bütün vətəndaşların çeklərinin bərabər dəyərini müəyyən etmişdisə, necə oldu ki, özəlləşdirmənin praktiki nəticələrində bir DÖP on minlərlə manatlıq səhm əldə etməyə imkan verən alətə çevrildiyi halda başqa hallarda çeklərin bazar qiyməti çox aşağı səviyyəyə düşdü?

Fərqin özü avtomatik olaraq qanunsuzluğu sübut etmir. Hərracın nəticəsinə tələb və təklif də təsir edə bilər. Amma bu miqyasda fərqlərin səbəbi araşdırılmalıdır.

Əsas sual budur:

Bu fərqlər sərbəst və bərabər bazarın nəticəsi idi?

Yoxsa:

Dövlət tərəfindən müəyyən edilmiş əmsalların, özəlləşdirmə üsullarının, müəssisələrin seçilməsinin, hərrac şərtlərinin və inzibati qərarların nəticəsi idi?

İkinci ehtimal sübut edilərsə, məsələ sadəcə iqtisadi siyasət mübahisəsi olmaqdan çıxır.

X. ÇEKİN MADDİ EKVİVALENTİNİN GİZLİ AZALDILMASI

Ən mühüm hüquqi-iqtisadi məsələ budur. Vətəndaşın çekini əlindən almaq üçün onu fiziki olaraq müsadirə etmək lazım deyil.

Onun iqtisadi məzmununu başqa yolla da azaltmaq mümkündür:

- çeklə özəlləşdirilə biləcək müəssisələrin dairəsini azaltmaqla;

- ən qiymətli aktivləri çek mexanizmindən çıxarmaqla;

- özəlləşdirmənin daha böyük hissəsini pulla aparmaqla;

- çek hərraclarının real iqtisadi rolunu azaltmaqla;

- investisiya fondlarının nəzərdə tutulmuş funksiyasının həyata keçirilməməsi ilə;

- vətəndaşın iri müəssisələrin kapitalında iştirak imkanlarını daraltmaqla.

Çek vətəndaşın əlində qalır. Amma çekin arxasındakı əmlak bazası azalır. KAĞIZ QALIR — ƏMLAK BAZASI KİÇİLİR.

Məhz bunu:” ÇEKİN MADDİ EKVİVALENTİNİN GİZLİ AZALDILMASI” adlandırmaq mümkündür.

XI. SADƏ RİYAZİYYAT BUNUN NƏ DEMƏK OLDUĞUNU GÖSTƏRİR

Tutaq ki, çek sahiblərinin iştirak etməli olduğu özəlləşdirmə bazası şərti olaraq 100 milyard manatdır. Əgər bunun 50 milyardlıq hissəsi sonradan çek mexanizmindən çıxarılıb yalnız pulla özgəninkiləşdirilirsə, çeklərin iştirak edə biləcəyi əmlak bazası yarıya düşür.

Vətəndaşın əlindən bir çek belə götürülməyib. Amma həmin çekin daxil ola bildiyi əmlak dünyasının yarısı yoxa çıxıb.

Bu halda sual yaranır:

Mülkiyyət hüququnu yalnız kağızın vətəndaşın əlində qalması ilə qorunmuş hesab etmək olarmı? Yoxsa mülkiyyət hüququnun real iqtisadi məzmunu da qorunmalıdır?

XII. İNFLYASİYADAN QORUNAN MADDİ EKVİVALENT HARADADIR?

Bu mübahisənin, bəlkə də, ən ağır sualı budur.

Qanun “inflyasiyanın təsirindən qorunan maddi ekvivalent” deyibsə, həmin ifadənin hüquqi nəticəsi olmalıdır.

Əgər özəlləşdirmə üç il yox, onilliklər davam edirsə, sual daha da aktuallaşır:

bu maddi ekvivalent zaman keçdikcə necə qorunmalı idi?

onun hesablanma mexanizmi nə idi?

onun cari iqtisadi ifadəsi necə müəyyən edilməlidir?

dövlət nə üçün bu məsələyə aydın hüquqi cavab verməyib?

Burada söhbət bizim özbaşına müəyyən rəqəm elan etməyimizdən getmir. Əksinə, biz deyirik: HESABI DÖVLƏT QANUNA UYĞUN, ŞƏFFAF VƏ HAMININ GÖRƏ BİLƏCƏYİ METODOLOGİYA İLƏ APARSIN.

Əgər qanun maddi ekvivalent yaradıbsa, onun hüquqi və iqtisadi məzmununun necə qorunduğu açıqlansın.

XIII. İNVESTİSİYA FONDLARI — DÖVLƏTİN YARATDIĞI QANUNİ GÖZLƏNTİ

Əvvəlki qanunvericilikdə istifadə edilməmiş özəlləşdirmə paylarının səmərəli yerləşdirilməsi üçün investisiya fondları mexanizmi nəzərdə tutulmuşdu. Bu, çox vacibdir. Çünki adi vətəndaşın yüzlərlə müəssisəni analiz etməsi mümkün deyildi.

İnvestisiya fondu məhz bunun üçün nəzərdə tutulurdu:

- vətəndaş çekini fonda verir;

- fond minlərlə vətəndaşın çeklərini birləşdirir;

- müxtəlif müəssisələrin səhmlərini əldə edir;

- vətəndaş dolayı yolla həmin əmlak portfelində iştirak edir.

Belə hüquqi mexanizm vətəndaşda təbii gözlənti yaradırdı: MƏNİM PAYIM İSTİFADƏSİZ QALMAYACAQ.

Bu, sadəcə ümid deyildi. Bu gözləntinin qanunvericilik bazası vardı.

XIV. 31-Cİ MADDƏ: “SATILIB, QURTARDI” HÜQUQİ CAVAB DEYİL

Qüvvədə olan özəlləşdirmə qanunvericiliyinin əhəmiyyətli cəhətlərindən biri özəlləşdirmə qaydalarının pozulmasının hüquqi nəticələrinin nəzərdə tutulmasıdır.

Bu, fundamental prinsip yaradır: DÖVLƏT ƏMLAKININ SATILMASI ÖZ-ÖZLÜYÜNDƏ HƏMİN SATIŞI TOXUNULMAZ ETMİR.

Əsas sual budur:

Qanunauyğun satılıbmı?

Amma bundan da yuxarıda başqa sual dayanır:

Həmin qanunun və ya onun verdiyi səlahiyyətin özü Konstitusiyaya uyğndurmu?

XV. QANUN QƏBUL ETMƏK SƏLAHİYYƏTİ KONSTİTUSİYAYA ZİDD QANUN QƏBUL ETMƏK HÜQUQU DEYİL

Milli Məclis qanun qəbul edir. Amma Milli Məclisin özü də Konstitusiyanın içində fəaliyyət göstərir. Adi qanun Konstitusiyadan üstün ola bilməz.

Əgər adi qanun icra hakimiyyətinə elə geniş diskresiya verirsə ki, qanunla əvvəldən yaranmış mülkiyyət hüquqlarının iqtisadi məzmununu aradan qaldırmaq mümkün olur, onda “qanunda belə yazılıb” cavabı kifayət deyil.

Növbəti sual budur:

Bəs həmin qanun Konstitusiyaya uyğundurmu?

XVI. PREZİDENTİN SƏLAHİYYƏTİ DƏ KONSTİTUSİYANIN HÜDUDLARI DAXİLİNDƏDİR

Burada məsələ konkret şəxsin əleyhinə mövqe deyil. Söhbət institutdan gedir. Prezidentə qanunla müəyyən səlahiyyət verilə bilər. Amma adi qanun Konstitusiyanın vermədiyi qeyri-məhdud səlahiyyəti yarada bilməz.

Bir müəssisənin özəlləşdirməyə açılması barədə qərar vermək başqa şeydir. Onun:

kimə;

hansı qiymətə;

hansı rəqabət şəraitində;

hansı güzəştlərlə;

vətəndaşların əvvəldən yaranmış hüquqları nəzərə alınmadan

verilməsinin mümkün olub-olmaması başqa məsələdir.

Dövlət əmlakını idarə etmək səlaiyyəti həmin əmlakın şəxsi mülkiyyətçisi olmaq demək deyil.

XVII. FƏRDİ ÖZƏLLƏŞDİRMƏ NİYƏ XÜSUSİ HÜQUQİ NƏZARƏT TƏLƏB EDİR?

Fərdi layihə özü avtomatik korrupsiya demək deyil. Amma fərdi qərarın sərhədləri nə qədər genişdirsə, risk də bir o qədər artır.

Əgər:

rəqabət məhdudlaşırsa;

açıq müsabiqə yoxdursa;

qiymətləndirmə ictimai yoxlamadan uzaqdırsa;

alternativ investorların təklifləri müqayisə edilmir;

çek sahibləri iştirakdan çıxarılırsa;

əmək kollektivinin hüquqları nəzərə alınmırsa,

onda favoritizm, maraqlar toqquşması və digər sui-istifadələr üçün struktur risk yaranır.

Buna görə sual vermək legitimdir:

Niyə fərdi qayda? Niyə açıq müsabiqə yox? Niyə xalqın əvvəldən yaranmış əmlak hüququ nəzərə alınmır?

Bu suallara cavab verilməsi dövlətə qarşı hücum deyil. Bu, dövlət əmlakının idarə edilməsində hesabatlılıq tələbidir.

XVIII. SOCAR — GƏLƏCƏYİN KONSTİTUSİON STRESS-TESTİ

Bu məsələni gələcəyə tətbiq edək. SOCAR-ın bütövlükdə özəlləşdirilməsi barədə hazırda konkret qərar olduğunu iddia etmirik.

Amma sual qoymaq tam legitimdir:

Əgər sabah SOCAR-ın və ya onun çox böyük aktivlərinin özəlləşdirilməsi qərara alınarsa, bu, hansı hüquqi rejimlə ediləcək?

Təsəvvür edin ki, söhbət on milyardlarla dəyəri olan əmlakdan gedir. Əgər həmin əmlakın böyük hissəsi yalnız pulla satılırsa və qanunla əvvəldən yaranmış çek hüquqları nəzərə alınmırsa, məsələ artıq yalnız SOCAR haqqında olmayacaq.

Hər böyük aktiv çek mexanizmindən çıxarıldıqca, ÇEK SAHİBİNİN İŞTİRAK EDƏ BİLƏCƏYİ ƏMLAK BAZASI AZALIR. Bu isə maddi ekvivalent məsələsini birbaşa gündəmə gətirir.

XIX. SABAH 50 FAİZ ƏVƏZİNƏ 30 FAİZ OLARSA?

Sadə şərti misal götürək. Özəlləşdirilən əmlakın dəyəri 40 milyarddır. Hüquqi modelə görə çeklərin iştirak etməli olduğu hissə 50 faizdirsə, 20 milyardlıq əmlak bazası yaranır. Əgər faktiki olaraq yalnız 30 faiz çek iştirakına buraxılırsa, 12 milyard qalır. Fərq 8 MİLYARDDIR.

Bu zaman əsas sual “30 faiz niyə seçildi?” deyil. Əsas hüquqi sual budur:

Çek sahiblərinin iştirak edə biləcəyi 8 milyardlıq əmlak bazasını hansı hüquqi əsasla azaltmaq olar?

Məhz burada iqtisadi hesablama mülkiyyət hüququ məsələsinə çevrilir.

XX. İNDİ ARTİQ “BİLMİRDİK” MƏRHƏLƏSİ DƏ DƏYİŞİR

Bu yazının preventiv məqsədi məhz buradadır. Bu gün məsələ açıq şəkildə dövlətin diqqətinə çatdırılır. Qanunun müddəaları göstərilir. Maddi ekvivalent göstərilir. İnflyasiyadan qorunma göstərilir. Konkret hərrac faktları göstərilir. İnvestisiya fondları barədə qanuni gözləntilər göstərilir. Normativ aktların iyerarxiyası problemi göstərilir. Gələcək özəlləşdirmələr üçün risk göstərilir.

Bundan sonra vəziyyət əvvəlki ilə eyni deyil. Çünki gələcəkdə belə sual yarana bilər:

Bu hüquqi problem qərar verənlərə məlum idimi?

Əgər cavab “bəli”dirsə:

Bəs niyə nəzərə alınmadı?

XXI. BU MESAJ KİMƏ ÜNVANLANIR?

Hamıya. Qanun layihəsini hazırlayanlara. Hüquqi ekspertiza aparanlara. Milli Məclisin deputatlarına. Prezident Administrasiyasının hüquqşünaslarına. Özəlləşdirmə qərarlarını hazırlayan dövlət orqanlarına. Onları icra edən vəzifəli şəxslərə. Konstitusiya Məhkəməsinə və konstitusion nəzarəti həyata keçirən hakimlərə.

Çünki böyük dövlət əmlakının taleyi bir sənədin sonundakı imzadan ibarət deyil. Onun arxasında bütöv qərarvermə zənciri vardır.

XXII. BU, CİNAYƏT İTTİHAMI DEYİL — PREVENTİV HÜQUQİ XƏBƏRDARLIQDIR

Bu yazı heç kimi əvvəlcədən cinayətkar elan etmir. Korrupsiya, vəzifədən sui-istifadə və ya başqa hüquqi məsuliyyət yalnız konkret faktlar, sübutlar, qanunun tərkib elementləri və səlahiyyətli orqanın qərarı əsasında müəyyən edilə bilər.

Amma başqa həqiqət də var: CİDDİ HÜQUQİ RİSKİ ƏVVƏLCƏDƏN GÖSTƏRMƏK HƏDƏ DEYİL. Bu, pozuntunun qarşısını almaqdır.

Bu gün dövlət orqanlarına deyilir:

dayanın;

qanunu yenidən oxuyun;

Konstitusiyanın aliliyini yoxlayın;

vətəndaşın əvvəldən yaranmış hüququnun taleyini müəyyən edin;

sonra yeni böyük özəlləşdirmələrə keçin.

XXIII. MİLLİ MƏCLİSƏ KONKRET ÇAĞIRIŞ

Otuz ildən artıq müddətdə yaranmış mübahisələr və əvvəlki özəlləşdirmə prosesinin nəticələri nəzərə alınaraq, Milli Məclisdə məsələnin geniş müzakirəsinin başlanması məqsədəuyğun olardı.

Və:

müstəqil və şəffaf araşdırma mexanizmi yaradılması; əvvəlki özəlləşdirmələrin hüquqi və iqtisadi nəticələrinin öyrənilməsi; çek sahiblərinin mövcud hüquqi statusunun müəyyən edilməsi; “inflyasiyanın təsirindən qorunan maddi ekvivalent” anlayışının hüquqi və iqtisadi məzmununun ekspertlər tərəfindən hesablanması; bütün vətəndaşlara eyni metodologiyanın tətbiq edilməsi; nəticənin ictimaiyyətə açıqlanması

müzakirəyə çıxarıla bilər.

Məqsəd kiminsə əlindən əmlak almaq deyil. Məqsəd hüquqi müəyyənlik yaratmaqdır.

XXIV. KONSTİTUSİYA MƏHKƏMƏSİNƏ ÇAĞIRIŞ

Konstitusiya Məhkəməsinin qarşısında fundamental sual dayanır:

Qanunla yaradılmış əmlak hüququnun iqtisadi məzmunu aşağı hüquqi qüvvəli aktlar, inzibati praktika və ya sonrakı hüquqi mexanizmlərlə faktiki olaraq aradan qaldırıla bilərmi?

Bu suala mahiyyəti üzrə cavab verilməlidir. Çünki cavab yalnız bugünkü çek sahibləri üçün deyil. Gələcəkdə dövlət əmlakı üzərində yaradılacaq bütün hüquqlar üçün presedent olacaq.

XXV. PREZİDENT ADMİNİSTRASİYASINA ÇAĞIRIŞ

Bu məsələ Prezident institutuna qarşı qoyulmamalıdır. Əksinə, Prezident Administrasiyasının hüquqşünasları dövlət başçısını konstitusion risklərdən qorumaq funksiyasını daşımalıdırlar.

Əgər hansısa gələcək özəlləşdirmə qərarı:

əvvəldən yaranmış mülkiyyət hüquqlarına toxunursa;

normativ aktların iyerarxiyası problemi yaradırsa;

həddən artıq fərdi diskresiya verirsə;

bərabərlik və hüquqi müəyyənlik problemi yaradırsa,

həmin risk qərar imzalanmamışdan əvvəl göstərilməlidir.

Çünki hüquqşünasın vəzifəsi yalnız qərara hüquqi forma vermək deyil.

Bəzən onun ən mühüm vəzifəsi “BU HƏDDİ KEÇMƏK OLMAZ” deməkdir.

XXVI. CƏMİYYƏTƏ ÇAĞIRIŞ

Bu məsələ yalnız əlində çek saxlayan insanların problemi deyil. Bu, daha böyük prinsip haqqındadır. Əgər dövlət bir nəsilə qanunla mülkiyyət hüququ verib sonra həmin hüququn iqtisadi məzmununu başqa vasitələrlə aradan qaldıra bilirsə, sabah başqa hüquqlar barədə də eyni sual yarana bilər.

Hüquqi dövlətin əsası budur: DÖVLƏT ÖZ VERDİYİ QANUNA ÖZÜ DƏ TABE OLMALIDIR.

Qanun yalnız vətəndaş üçün məcburi deyil. Qanun hökumət üçün də məcburidir.

XXVII. BİR ƏSRİN ƏMANƏTİ

Bu əmlakın arxasında bir əsrin tarixi dayanır. Mülkiyyətini itirmiş babalarımızın tarixi. Repressiya görmüş ailələrin tarixi. Fabrik tikən fəhlənin əməyi. Məktəbdən üzüm yığımına aparılan uşağın əməyi. Pambıq sahəsinə göndərilən tələbənin əməyi. Aşağı maaşla işləyən müəllimin və həkimin əməyi. Neftçinin əməyi. Mühəndisin əməyi. Bir ölkənin bütöv nəslinin əməyi.

Bu insanların çoxu “dövlət bizimdir” inancı ilə yaşadı. Sonra dövlət sistemi dəyişdi. Və müstəqil Azərbaycan həmin keçidin başlanğıcında vətəndaşa özəlləşdirmə payı verdi. Ona görə özəlləşdirmə payına yalnız kağız kimi baxmaq tarixi də, hüquqi mahiyyəti də kiçiltməkdir.

Bu, bir iqtisadi sistemdən digərinə keçid zamanı vətəndaşa verilmiş əmlak hüququdur!

XXVIII. SON XƏBƏRDARLIQ

Bu gün hələ seçim etmək mümkündür. Keçmişi araşdırmaq mümkündür. Qanunları müqayisə etmək mümkündür. Çeklərin maddi ekvivalentini hüquqi və iqtisadi ekspertizadan keçirmək mümkündür. Konstitusion ziddiyyəti aradan qaldırmaq mümkündür. Vətəndaşların hüquqi vəziyyətini müəyyən etmək mümkündür. Və yalnız bundan sonra gələcək böyük özəlləşdirmələri hüquqi müəyyənlik şəraitində aparmaq mümkündür.

DIQQƏT - Amma problem artıq dövlətin diqqətinə çatdırıldıqdan sonra onu görməməzliyə vuraraq, milyardlarla manat dəyərində yeni dövlət aktivlərini özgəninkiləşdirmək gələcəkdə tamam başqa və daha ciddi hüquqi vəziyyət yarada bilər.

Bu günün sualı: Səhv olubmu?

Cavab: Ola bilər.

Sabah isə sual dəyişə bilər:

SİZƏ BU HÜQUQİ PROBLEM ƏVVƏLCƏDƏN GÖSTƏRİLMİŞDİ. BƏS BİLƏ-BİLƏ NİYƏ DAVAM ETDİNİZ?

Bu, hədə deyil. Bu, preventiv hüquqi xəbərdarlıqdır. Bu, hakimiyyətə qarşı çağırış deyil. Bu, hakimiyyətin özünü Konstitusiya daxilində qorumasına çağırışdır.

Və nəhayət, məsələni bir cümləyə endirsək: XALQIN ƏMLAKINI İDARƏ ETMƏK SƏLAHİYYƏTİ — XALQIN QANUNLA TANINMIŞ ƏMLAK PAYINI YOX ETMƏK SƏLAHİYYƏTİ DEYİL.

Əgər dövlət özü qanunla:

“bu pay sənindir”;

“bütün çeklər bərabərdir”;

“bu maddi ekvivalentdir”;

“bu ekvivalent inflyasiyadan qorunur”

deyibsə, onda otuz il sonra vətəndaşın bir sualına cavab vermək lazımdır:

BƏS MƏNİM QANUNLA VERİLMİŞ, BƏRABƏR VƏ İNFLYASİYADAN QORUNAN ƏMLAK PAYIM BU GÜN HARADADIR?

Bu suala hüquqi əsaslandırılmış cavab verilmədən məsələ bitmiş hesab edilə bilməz. Çünki qanunu verdiyi hüququ yalnız qanun və Konstitusiyanın icazə verdiyi qaydada məhdudlaşdırmaq olar. Konstitusiya isə hakimiyyətdən də, məmurdan da, fərdi qərardan da üstündür.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью