Icma.az bildirir, Azertag saytına əsaslanaraq.
Bakı, 17 noyabr, AZƏRTAC
1988-ci il noyabrın 17-də xalqın meydanlarda yüksələn etiraz səsi iki il sonra, 1990-cı ilin həmin günündə Naxçıvanda qəbul edilən tarixi dövlətçilik qərarı ilə yeni məzmun qazandı. Birinci hadisə milli oyanışın kütləvi ifadəsi, ikinci isə milli iradənin siyasi qərara çevrilməsi idi.
Bu barədə AZƏRTAC-a Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin deputatı Azad Novruzov deyib.
O bildirib ki, bu iki hadisəni bir-birindən ayıran cəmi iki il olsa da, onların arasında xalqımızın azadlıq mübarizəsinin mühüm mərhələsi dayanır.
“Həmin illər Azərbaycan cəmiyyətində milli özünüdərk prosesinin sürətləndiyi, sovet siyasi sisteminə münasibətin dəyişdiyi və müstəqil dövlətçilik düşüncəsinin getdikcə gücləndiyi mürəkkəb tarixi dövr idi. O gün Bakının Azadlıq meydanında başlayan kütləvi mitinqlər Azərbaycan xalqının milli azadlıq hərəkatında dönüş nöqtələrindən biri oldu. Uzun illər sovet ideoloji sisteminin təsiri altında yaşayan cəmiyyət öz milli kimliyini, tarixi hüquqlarını və siyasi gələcəyini yenidən düşünməyə başlayırdı. 1988-ci il noyabrın 17-si xalqın öz səsini eşitdirdiyi gün idi. Lakin tarixi proses göstərdi ki, həmin səsin siyasi qərarlara çevrilməsi üçün hələ böyük mübarizə və məsuliyyət tələb olunurdu. İki il sonra, 1990-cı il noyabrın 17-də Naxçıvanda baş verən hadisə milli azadlıq hərəkatının dövlətçilik məzmunu baxımından xüsusi əhəmiyyət daşıdı.
Ümummilli Lider Heydər Əliyevin sədrliyi ilə keçirilən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin ilk sessiyasında Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağının muxtar respublikanın dövlət bayrağı kimi qəbul edilməsi haqqında tarixi qərar verildi. Bu, sadəcə dövlət rəmzinin dəyişdirilməsi deyildi. Həmin qərar Azərbaycan xalqının 1918-ci ildə yaratdığı müstəqil dövlətin siyasi və mənəvi irsinə qayıdışının ifadəsi idi. Sovet İttifaqının hələ mövcud olduğu bir dövrdə üçrəngli bayrağın rəsmi dövlət rəmzi kimi qəbul edilməsi böyük siyasi cəsarət və tarixi məsuliyyət tələb edirdi. 1988-ci ildə meydanlarda xalqın azadlıq arzusu ifadə olunurdusa, 1990-cı ildə Naxçıvanda həmin arzunun dövlətçilik rəmzi rəsmi status qazanırdı. Bu iki hadisənin eyni təqvim gününə təsadüf etməsi tariximizin diqqətəlayiq məqamlarından biridir. Lakin onların əsl bağlılığı təqvimdə deyil, milli iradənin inkişaf məntiqində axtarılmalıdır”, - deyə deputat vurğulayıb.
Azad Novruzov qeyd edib ki, Azərbaycan müstəqilliyinin ilk illərində ağır siyasi, iqtisadi və hərbi sınaqlarla qarşılaşdı: “Prezident İlham Əliyevin rəhbərliyi dövründə dövlətin iqtisadi və hərbi imkanlarının gücləndirilməsi, beynəlxalq mövqelərinin möhkəmləndirilməsi və ərazi bütövlüyünün bərpasının dövlət siyasətinin əsas prioritetlərindən biri kimi müəyyənləşdirilməsi mühüm nəticələr verdi. 2020-ci ilin 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Zəfər, 2023-cü ildə Azərbaycanın Qarabağ üzərində suverenliyini tam bərpa etməsi dövlətçilik tariximizdə yeni mərhələ açdı. Bu hadisələrə milli dirçəlişin tarixi inkişafı kontekstində yanaşdıqda mühüm bir bağlılıq görünür. Bütün bu mərhələlər arasında birləşdirici xətt milli iradə və dövlətçilik düşüncəsidir. 1988-ci il noyabrın 17-si ilə 1990-cı il noyabrın 17-si arasında tarixi və mənəvi bağlılıq Azərbaycan xalqının milli azadlıq mübarizəsinin mahiyyətini daha dərindən anlamağa imkan verir. İki 17 noyabrın bizə öyrətdiyi böyük həqiqət budur: Xalqın dirçəlişi onun öz gücünə inanması ilə başlayır, dövlətçilik iradəsi ilə möhkəmlənir və gələcək nəsillərin məsuliyyəti ilə yaşayır”.