Xalqın dünyaya xitabı: “Qarabağ bizimdir!”

07.11.2026

Icma.az, Newscenter.az portalına istinadən məlumatı açıqlayır.


Ermənistanın Azərbaycandan ərazi iddiasının genişlənməsi elan edilmədən başlayan müharibəyə səbəb oldu. Azərbaycanda bu iddiaya, sonra bu müharibəyə, bunların yaranmasında başlıca amil olan imperiya siyasətinə, imperiyaya qarşı milli-azadlıq hərəkatı genişləndi.
Azərbaycan bu mübarizədə imperiyanın dayaqlarını laxlatdı, imperiya Azərbaycanda süqut etdi. Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul olundu.
Azərbaycan ordusunu yarada-yarada torpaqlarını Ermənistanın hücumlarından müdafiə edir, müdafiə edə-edə ordusunu formalaşdırırdı. Havadarlarının, siyasi və hərbi dəstək verənlərin yardımı ilə müharibəni genişləndirən Ermənistan Azərbaycanın ərazisinin 20 faizini işğal etdi. BMT Təhlükəsizlik Şurasının məlun qətnamələrini yerinə yertirməyən işğalçı dövlət regionda mövcud status-kvonu saxlamağa çalışır, yeni ərazilər işğal etmək niyyəti ilə müxtəlif miqyaslı hücumlar edirdi...
Azərbaycan Ordusu ən müasir silah-sursat və hərbi texnika ilə təmin olunmuşdu, şəxsi heyətin döyüş qabiliyyəti artırılmışdı, mənəvi-psixoloji ruhu yüksəldilmişdi, bu istiqamətdə bütün zəruri tədbirlər görülmüşdü, güclü hərbi potensial yaradılmışdı.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dediyi bir kəlam dövlətin işğalla bağlı aparılmış siyasətinin mahiyyətini ifadə edir: “Mən işğal dövründə deyirdim, hər birimiz azadlıq gününü, bu müqəddəs günü öz işimizlə yaxınlaşdırmalıyıq, yaxınlaşdırırdıq və yaxınlaşdırdıq.”
2020-ci il sentyabrın 27-də Azərbaycan Ordusunun hissələri düşmənin hücumunun qarşısını qətiyyətlə aldı, Ali Baş Komandanın döyüş əmri ilə əks-hücuma keçdi. Bu, mahiyyəti etibarilə Vətən müharibəsi olan İkinci Qarabağ müharibəsinin başlanması əmri idi. Azərbaycan ədalətli müharibəyə başladı...
Ordu hissələrimiz düşmənin illərlə yaratdığı, möhkəmləndirdiyi müdafiə sədlərini dağıtdı, döyüşə-döyüşə irəlilədi. Qazanılan hərbi qələbələr ordunun döyüş əzmini də yüksəltdi, qələbə ruhunu da. Hər qələbə Böyük Qələbəyə aparırdı...
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev xalqa müraciətlərinin birində dedi: “Bizim davamız ədalətli davadır və əminəm ki, bu müharibədə biz istədiyimizə nail olacağıq, haqq-ədalət öz yerini tapacaq və Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək”...
Ordumuz əraziləri, vacib strateji yüksəklikləri işğaldan azad edir, Şuşaya yaxınlaşırdı...
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Vətən müharibəsinin mənəvi-psixoloji hazırlığının döyüş hazırlığını yüksək səviyyədə tamamladığını bildirərək demişdi: “Prezident kimi 2003-cü ildən bu günə qədər bütün addımlarım Azərbaycanın gücləndirilməsinə yönəldilmişdir. Vətən müharibəsinə qədər bütün addımlarım bir amala xidmət edirdi ki, biz torpaqlarımızı azad edək, düşməni torpağımızdan qovaq və biz buna nail olduq”.
Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edildi. Cəbrayıl şəhəri və rayonun 90 kəndi, Füzuli şəhəri və rayonun 53 kəndi, Zəngilan şəhəri, rayonun Mincivan, Ağbənd, Bartaz qəsəbələri və 52 kəndi, Xocavənd rayonunun Hadrut qəsəbəsi və 35 kəndi, Tərtər rayonunun 3 kəndi, Qubadlı şəhəri və rayonun 41 kəndi, Xocalı rayonunun 9 kəndi, Şuşa şəhəri, Laçın rayonunun 3 kəndi, həmçinin Ağdərə və Murovdağ istiqamətlərində bir neçə strateji yüksəkliyi, Zəngilanda isə Bartaz, Sığırt, Şükürataz yüksəkləri və daha 5 adsız yüksəklik azad olundu
Ordu hissələrimiz sonralar Zəfər yolu adlandırılacaq yolu genişləndirə-genişləndirə, döyüş texnikalarımızın keçməsi üçün uyğunlaşdıra-uyğunlaşdıra döyüşür, Şuşaya yaxınlaşırdı. Dağlıq massivlərdən, dağlardan, dərin dərələdən keçərək bu müharibədə sonuncu qələbəni təmin edəsi qələbəyə –Şuşanı işğaldan azad etməyə yaxınlaşırdı.
Noyabrın 8-də Şuşa işğaldan azad edildi.
"Belə döyüş, dövlət, Vətən sevgisi görən olubmu, demək çətindir. Dağ yuxarı, şəhidi çiynində, döyüşə-döyüşə qan-tər içində qalxırdı, Azərbaycan Ordusu nə yaralını, nə şəhidini əldən buraxmırdı. Nəfəs almadan Şuşaya çıxdılar". Rus mediasında dərc edilən bu fikirlər Azərbaycan ordusunun qüdrətinin sözlə ifadəsi kimi tarixləşdi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev xalqa müraciətində ordumuzun bu tarixi qələbəsi haqqında dedi ki, “Şuşa indi azaddır! Biz Şuşaya qayıtmışıq! Biz bu tarixi Qələbəni döyüş meydanında qazandıq. 2020-ci il noyabrın 8-i Azərbaycan tarixində əbədi qalacaqdır. Bu tarix əbədi yaşayacaq. Bu, bizim şanlı Qələbəmizin, zəfərimizin günüdür! Bu qələbəni biz döyüş meydanında qazandıq, danışıqlar masası arxasında yox. Mən dəfələrlə demişəm, bütün bəyanatlara rəğmən ki, bu münaqişənin – Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin hərbi həll yolları da vardır və bu gün biz bunu döyüş meydanında sübut edirik”.
Dövlət başçımız noyabrın 8-də Şəhidlər xiyabanında Azərbaycan xalqına müraciətində böyük fəxrlə, böyük qürurla Şuşa şəhərinin işğaldan azad olunduğunu bildirdi. Bu, xalqın tarixi sevinci oldu. Bu sevinc indi də tarixi qürurla yaşadılmaqdadır.
Tarixi Zəfəri xalqımızın bir yumruq kimi birləşməsi kimi təqdim edən dövlət başçımız müraciətində əmin olduğunu bildirdi ki, bu birlik əbədi olacaq...
Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsini sonlandırdı. Noyabrın 10-da üçtərəfli Bəyanat imzalandı. Bu Bəyanat Azərbaycanın qalibiyyət, Ermənistanın məğlubiyyət sənədi oldu...
8 Noyabr – Şuşanın işğaldan azad edildiyi gün Zəfər Günü kimi tarixləşdi. Tarixi Zəfər Azərbaycanın ərazi bütövlüyünün tam bərpa olunmasının başlanğıcı oldu...
Şuşa işğaldan azad edildikdən sonra dövlət başçımızın dediyi bir fikrin Zəfər Gününün qüruru xalqın dünyaya xitabı kimi dinlənilir: “Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik! Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!”...
Tarixi Zəfər günü Azərbaycanın əbədiyyən yaşadılacaq müstəqilliyinin, suverenliyinin dönməzlik günüdür!
Səbinə XASAYEVA,
Milli Məclisin deputatı
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью