Icma.az, Modern.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
İranın yeni ali rəhbəri Müctəba Xamenei ölkəsinin gələcək inkişaf strategiyasında elm və texnologiyanın əsas yer tutacağını bəyan edib. O, İranın dünya elmi məkanında aparıcı mövqeyə yüksəlməsini, fundamental elmlərin inkişafını və texnoloji sahədə xarici asılılığın aradan qaldırılmasını qarşıya məqsəd qoyub.
Modern.az xəbər verir ki, bu barədə İranın “Tasnim” agentliyi məlumat yayıb.
Müctəba Xamenei alimlərə ünvanladığı mesajda bildirib ki, ölkənin güclənməsinin əsas şərtlərindən biri elmi və texnoloji potensialdır. Onun sözlərinə görə, güclü İranın təməlində elmi qüdrət dayanır və bu amil ölkənin yeni dünya nizamındakı mövqeyinə təsir edən mühüm komponentlərdəndir.
İranın yeni ali rəhbəri alimləri ölkənin qarşısında duran problemlərin həllinə, elmi sərhədlərin aşılmasına və gələcək nəsillər üçün güclü dövlətin qurulmasına töhfə verməyə çağırıb.
Müctəba Xamenei ölkədə fizika, kimya, biologiya və riyaziyyat kimi fundamental elmlərin inkişafı üçün ciddi və praktik proqram hazırlanmasının vacibliyini bildirib.
O hesab edir ki, fundamental elmlər digər elm sahələrinin və tətbiqi texnologiyaların əsasını təşkil edir. Bu sahələrə lazımi diqqət göstərməyən ölkələr daim geridə qalmaq təhlükəsi ilə üzləşirlər.
İran rəhbəri xüsusilə elmi yeniliklərə, yaradıcılığa, ixtiralara və əvvəllər araşdırılmamış problemlərin həllinə diqqət yetirilməsini istəyib. Onun fikrincə, yeni elmi ideyalar irəli sürən şəxslər üçün cəlbedici stimullar yaradılmalıdır.
“Tasnim”in təhlilində isə bu yanaşmanın süni intellekt, kvant texnologiyaları və aerokosmik sənaye kimi strateji sahələrin inkişafı ilə əlaqəli olduğu vurğulanır. Agentlik fundamental elmlərin gücləndirilməsini İranın gələcək texnoloji asılılığını azaltmaq üçün vacib şərt kimi qiymətləndirir.
Müctəba Xamenei elmi araşdırmaların yalnız universitet və laboratoriyalarla məhdudlaşmamasını, onların istehsalata və iqtisadiyyata tətbiq edilməsini vacib sayır.
O, universitetlərlə sənaye müəssisələri arasında əməkdaşlığın tələbələrin təhsilinin ilk illərindən qurulmasını, elmi nəticələrin real məhsula çevrilməsini və innovativ şirkətlərin fəaliyyətinin dəstəklənməsini təklif edib.
İran rəhbərinin fikrincə, professor və tələbələrin laboratoriyalarda apardığı işlər emalatxanalara və zavodlara daşınmalı, elmi araşdırmalar ölkənin su, torpaq, ərzaq təhlükəsizliyi, enerji və süni intellekt kimi aktual problemlərinin həllinə xidmət etməlidir.
O, həmçinin alimlərin dövlətin planlaşdırma və qərarqəbuletmə proseslərinə cəlb edilməsini istəyib.
Müctəba Xamenei ölkənin elmi potensialından danışarkən bir sıra konkret sahələrdə əldə edilmiş nəticələri də sadalayıb.
Bunlar arasında İran istehsalı olan turbinlərlə elektrik enerjisinin istehsalı, ölkənin cənub adalarında yerli texnologiyalar əsasında fəaliyyət göstərən su duzsuzlaşdırma qurğuları, şimal bölgələrində kənd təsərrüfatında istifadə olunan dronlar xüsusi yer tutur.
O, həmçinin Royan Tədqiqat İnstitutunun sonsuzluğun müalicəsi sahəsindəki nailiyyətlərini, çətin müalicə olunan xəstəliklərin diaqnostikası və müalicəsində radiodərmanların tətbiqini, məsafədən zondlama peykləri vasitəsilə torpaq, su və əkin sahələrinin monitorinqini qeyd edib.
Xamenei bu nailiyyətlərin ərzaq təhlükəsizliyinin təmin olunması, su və torpaq ehtiyatlarından səmərəli istifadə, enerji infrastrukturunun inkişafı baxımından əhəmiyyətini vurğulayıb.
O, müdafiə və hərbi sahələrdəki elmi-texnoloji nailiyyətlərin də indiyədək dünyanı dəfələrlə təəccübləndirdiyini, gələcəkdə də belə nəticələrin əldə olunacağını bildirib.
Müctəba Xamenei mesajında İran alimlərinin və elmi elitanın ölkənin güclənməsindəki roluna da toxunub.
O, İranın tanınmış alimlərinin və nüfuzlu elmi simalarının öldürülməsini ölkənin inkişafına mane olmaq cəhdi kimi qiymətləndirib.
Xameneinin sözlərinə görə, İranın inkişafını və güclənməsini qəbul edə bilməyən qüvvələr alimləri zəiflətmək, cəmiyyətdə ümidsizlik yaratmaq və ölkənin istedadlı gənclərini Qərbin elmi-iqtisadi sistemindən asılı vəziyyətə salmaq istəyirlər.
Müctəba Xamenei müraciətinin sonunda İranın gələcəklə bağlı iddialı hədəfini açıqlayıb.
O bildirib ki, düzgün strategiya həyata keçirilərsə, bilik və elmin ağırlıq mərkəzi, xüsusilə fundamental elmlərin bəzi istiqamətləri üzrə, tədricən Qərb ölkələrindən İrana keçə bilər.
İranın yeni ali rəhbəri yaxın gələcəkdə ölkəsinin elm və texnologiya sahəsində beynəlxalq istinad mərkəzinə çevriləcəyinə ümid etdiyini bildirib.
O, fars dilinin də dünyanın əsas elmi dillərindən birinə çevrilməsini hədəflədiklərini vurğulayıb.