Olke.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Ölkə.az xəbər verir ki, İran "Hizbullah" təşkilatının baş katibi Məhəmməd Baqir Xərrazi bir neçə gün öncə vidoepaylaşımında geniş ictimaiyyətə çağırış edərək hicaba riayət etməyənlərə qarşı sərt davranmağı, hətta öldürmək barədə fətva verdiyini açıqlayıb. Xərrazi bildirib ki, Tehran küçələrində 50 min nəfərlik qrup hərəkət etməli və rast gəldikləri hicabsız qadınlarla sərt davranmalıdır.
O, qadınların cəzasının əvvəlcə fiziki təzyiq (təzir), itaət etmədikləri halda isə ölüm olduğunu iddia edib.
Mövcud Məsud Pezeşkian hökumətini sərt şəkildə tənqid edən Xərrazi, hakimiyyətin bu cür tədbirlərə mane olacağı təqdirdə dövlət qüvvələrinin də qarşısının alınmalı olduğunu deyib.
“Hicaba riayət etməyənləri öldürün! Qüvvələrinizi səfərbər edin! Əgər hökumət müdaxilə etsə, onları da məhv edin! Bu hökumət şeytanidir və Amerikaya tabedir! İslamın mahiyyəti budur”, - Xərrazi vidopaylaşımında qeyd edib.
Nəticədə İran "Hizbullah" təşkilatının rəhbəri Məhəmməd Baqir Xərrazinin hicab və mövcud hökumətlə bağlı yaydığı video bəyanat İranda son illərin ən böyük daxili siyasi və ictimai gərginliklərindən birinə səbəb olub.
Bu hadisə Tehran rejiminə ABŞ və İsrailin İrana hərbi müdaxiləsindən çox pis zərbə və ölkəni xüusən də hakimiyyəti daxildən parçalamaq, ölkədə çevriliş cəhdi kimi qiymətləndirilib.
Müşahidəçilər və siyasi analitiklər hesab edirlər ki, Xərrazinin bu çıxışı İran hakim elitası və cəmiyyətindəki dərin çatları tamamilə üzə çıxarıb.
Xərrazinin Prezident Məsud Pezeşkianı "kloun" adlandırması, Parlament sədri Məhəmməd Baqir Qalibafı "İslamı anlamamaqla" ittiham etməsi daxili klanların müharibəsini açıq müstəviyə daşıyıb. Mühafizəkarlar və islahatçılar arasındakı gərginlik pik həddə çatdığını göstərir.
Bununla da kölgə hökuməti Xərrazinin dili ilə ölkədə mövcud respublika modelinin artıq işləmədiyini və onun rəhbərlik etdiyi "kölgə hökuməti"nin ölkəni tam radikal teokratik bir xilafət tipli "İslam Hökuməti" ilə əvəzləməyə hazır olduğunu bildirib. Onun bu planı açıqlaması dövlət daxilində ciddi təhlükəsizlik rezonansı doğurub. İran “Hizbullah” rəhbərinin bu bəyanatı ölkə ictimaiyyəti və siyasi elitasında "İŞİD metodları" kimi dəyərləndirilib.
Çünki Xərrazi çıxışında Pezeşkian hökumətini "dinsiz", “kloun”, “ABŞ-nin və şeytanın muzdurları", “şeytani hökumət” adlandırıb. O, iddia edib ki, bu hökumət dindən uzaqlaşdığı üçün ölkədə hicabsızlıq yayılıb.
Digər tərəfdən Xərrazi bəyan edib ki, əgər dövlət orqanları və ya polis onun küçəyə çıxaracağı 50 minlik radikal silahlı qrupa mane olmağa çalışsa, "Hizbullah" qüvvələri dövlət binalarına, nazirliklərə və məhkəmələrə hücum edərək hər yeri zəbt edəcək.
İran “Hizbullah” liderinin bu çağırışı həm də, ölkədə çevriliş və ictimai sabitliyi pozmaq cəhdi kimi dəyərləndirilib.
Ölkədə onsuz da gərgin olan hicab müstəvisində (məsələn, mühafizəkarların son günlərdə Kiş adası və ticarət mərkəzlərində hicabsız qadınlara qarşı kəskin basqı tələbləri fonunda) bu cür terror xarakterli çağırışlar daxili vətəndaş qarşıdurması riskini artırıb.
İranın tanınmış siyasətçi Seyid Məhəmməd Əli Əbtohi Xərrazinin sözlərini "İŞİD-in rəsmi İran şöbəsinin açılışı" adlandırıb. O qeyd edib ki, ölkənin müharibə və xarici təzyiqlər şəraitində olduğu bir vaxtda belə daxili terror çağırışları ABŞ və İsrailin hücumlarından daha təhlükəlidir.
Xərrazinin bu açıqlaması hətta bəzi sistemdaxili mühafizəkarlar tərəfindən də kəskin şəkildə pislənilib. Tehran millət vəkili Müctəba Zarei, Xərrazinin milli birliyə "təfriqə bombası" yerləşdirdiyini bildirərək, onun qanunla şallaqlanmalı olduğunu və bu cəzanı özünün icra etməyə hazır olduğunu bəyan edib.
İrandakı siyasi elita və analitiklər Xərrazinin bu qədər cəsarətli və radikal danışmasının arxasında onun İranın ali rəhbərinin dayandığı iddia olunur. Bu da Xərrazinin Xamenei ailəsinin kürəkəni olması ilə izah edilir. Çünki videopaylaşımda Xərrazi İranın yeni ali rəhbəri statusunda çıxış edən Seyid Müctəba Xameneyi ilə 40 illik yaxın dostluğunun olduğunu iddia edib. O bildirib ki, Müctəba Xameneyinin təfəkkürü atasından qat-qat radikaldır və bu addımlar onun kursuna uyğundur.
Sözügedən videonun yaratdığı kütləvi hiddətdən sonra rəsmi qurumlar geri addım atmalı olub.
İran Ədliyyə Sisteminin sözçüsü Əsgər Cahangir rəsmi açıqlama yayaraq din xadiminin Xüsusi Ruhaniyyət Məhkəməsinə çağırıldığını və barəsində cinayət təqibi başladıldığını bəyan edib.
“Xərrazinin ruhani statusu nəzərə alınaraq, ona qarşı irəli sürülən ittihamlarla bağlı məsələyə baxmaq səlahiyyəti Xüsusi Ruhani Məhkəməsinə məxsusdur. Onun son bəyanatlarından dərhal sonra barəsində hüquqi təqib prosesinə başlanılıb. Bu gün Xərrazi artıq Xüsusi Ruhani Məhkəməsinə çağırılıb və işi artıq cinayət təqibi çərçivəsində araşdırılır”, - Cahangiri qeyd edib.
Odur ki, məhkəmədə Xərraziyə qarşı milli təhlükəsizlik əleyhinə çağırışlar və dövlət çevrilişinə cəhd maddələri daxil olmaqla çoxsaylı ağır ittihamlar irəli sürülə bilər. Məhkəməyə gəlməyəcəyi təqdirdə barəsində məcburi gətirilmə qərarı icra olunacaq.
Vəziyyət o həddə çarıb ki, ali rəhbər Müctəba Xameneinin ofisi rəsmi bəyanat yayaraq, Xərrazinin prezident Məsud Pezeşkianın istefası və rejim qaydaları ilə bağlı ali rəhbərə istinadən səsləndirdiyi iddiaları "tamamilə yalan" adlandırıb, cəmiyyətdə təfriqə yaradan bu bəyanatları pisləyib.
Bundan sonra Xərrazi də açıqlama verərək, üzr istəmək yerinə guya videonunu montaj edildiyini və saxta olduğunu iddia edib. Bu hadisədən sonra Xərrazinin rəsmi İnstaqram səhifəsindəki bütün radikal videolar və iddialar silinib.
Xüsusi Ruhaniyyət Məhkəməsi birbaşa Ali Rəhbərə tabe olduğu üçün, Xərrazinin aqibəti və ona veriləcək yekun cəza (məhkəmənin ruhaniləri rütbədən məhrumetmə, həbs və ya edam hökmü vermək səlahiyyəti var) yaxın günlərdə İranın daxili siyasi xəttinin radikallaşıb-radikallaşmayacağını müəyyən edəcək.
Xərrazinin bu radikal addımı İranda iqtisadi böhrandan və hicab məhdudiyyətlərindən bezmiş xalq kütlələri ilə hakimiyyətin ən radikal qanadı arasındakı uçurumu daha da dərinləşdirib
Onu da qeyd edık ki, Ayətullah Seyid Məhəmməd Baqir Xərrazi İranın radikal din xadimi və siyasətçisi hesab olunur. O, son vaxtlar ölkə rəhbərliyini, o cümlədən prezident Məsud Pezeşkianı və hakimiyyət nümayəndələrini sərt tənqid edən, həmçinin mövcud siyasi sistemə qarşı çağırışlar edən sərt bəyanatları ilə gündəmə gəlib.
Mürtəza