Icma.az, Reyting.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
1979-cu il İran inqilabından sonra ölkəni ələ keçirən İranın mübariz ruhanilərinin birinci nəsli ya ölüb, ya da ortadan yoxa çıxıb. Hazırda varislik prosesi ilə bağlı fərziyyələr geniş yayılıb.
Reyting.az xəbər verir ki, bu barədə “Middle East Institute” yazıb.
ABŞ beyin mərkəzinin təhlilində qeyd olunur:
Ayətullah Ərafi! Bu adama baxın, o, İranın növbəti lideri ola bilər.
İrandakı ruhani dairələrindən kənarda Əlirza Ərafinin adı çox az tanınır, lakin o, daha böyük diqqətə layiqdir. Onun bütün karyerası Ali Rəhbər Ayətullah Xamnəinin təyinatları ilə formalaşıb.
1959-cu ildə anadan olan Ərafi İranın mərkəzi Yəzd əyalətindəki tarixi Meybod şəhərindən olan ruhani ailəsindəndir. Bəzi iddialara görə, Ərafilər 19-cu əsrdə İslamı qəbul edən zərdüştilər olub. Ərafinin atası Ayətullah (Şeyx Hacı) Məhəmməd İbrahim Ərafi, adətən, İran dövlət mediasında İslam Respublikasının mərhum qurucusu Ayətullah Ruhullah Xomeyninin yaxın adamı kimi təsvir olunur. Lakin Xomeyni ilə ata-Ərafi arasındakı iddia edilən yaxın şəxsi əlaqə uydurmaya oxşayır. Niyə?
Ən çox ehtimal olunan səbəb, gənc Ərafi Əlirzanın rejim etimadını artırmaq üçün hesablanmış səylərin bir hissəsi olmasıdır. Məsələn, bu gün İran dövlətinin rəvayətində Meybod şəhərinin "Ərafi ailəsi tərəfindən [Xomeyninin] inqilabı üçün səfərbər edildiyi"ndən bəhs olunur. Lakin sadə həqiqət budur ki, bu nisbətən kiçik şəhər 1979-cu il inqilabında əhəmiyyətli rol oynamayıb.
Xamnəinin 1989-cu ildə ali lider kimi hakimiyyətə gəlməsindən sonra İran rejiminin Ərafi ailəsinin adını sistematik şəkildə yüksəltməyə başladığına dair kifayət qədər dəlil var. 1969-cu ildə, Əlirzanın cəmi 11 yaşı olanda, atasının Meybodda rəhbərliyi altında başladığı dini təhsilini davam etdirmək üçün o, Quma köçdü. Qumda, Ayətullah Əli Meşkini kimi baş dini müəllimlərinin əksəriyyəti 1979-cu il inqilabından sonra yeni rejimin baş müəllimlərinə çevrildi. Qumdakı hövzə (seminariya) məktəbində Əlirza üçün digər əsas müəllimlər ayətullahlar Məhəmməd Fazel Lənkərani, Mehdi Haeri Yəzdi, Hüseyn Vəhid Xorasani və Əbdüllah Cavadi Amoli idi.
İllər ərzində təhsili ona bu gün sahib olduğu müctəhid titulunu qazandırdı və onun ixtisas sahələrinə İslam fiqhi (fiqh) və fəlsəfəsi daxildir. Deyilənə görə, o, ərəb və ingilis dillərində sərbəst danışır və 24 kitab və məqalə dərc edib. Həmçinin texnologiyaya da yiyələnmiş olduğu bildirilir.
1979-cu ildə İranda inqilab baş verən zaman Əlirza cəmi 21 yaşında idi və əhəmiyyətli rol oynamaq üçün çox gənc idi. Buna görə də onu "birinci nəsil inqilabçıların" bir hissəsi kimi adlandırmaq doğru deyil. Əslində, 1980-ci illər ərzində gənc Ərafi İslam Respublikası sıralarına qoşulan bir çox digər gənc ruhanilərdən fərqlənmək üçün heç bir iş görmədi.
Xamnəi 1989-cu ildə ali lider olduqdan sonra onun adı daha da məşhurlaşmağa başladı. Ərafiyə ilk dəfə 1992-ci ildə doğma şəhəri Meybodda cümə namazı imamlığı vəzifəsinə təyin edildi. O zaman onun cəmi 33 yaşı var idi ki, bu da belə bir təyinat üçün çox gənc yaş idi və Xamnəinin ona olan etimadının açıq bir əlaməti idi.
Sonrakı illərdə Xamnəi Ərafini bir çox digər rəsmi vəzifələrə, o cümlədən 2015-ci ildə Qum şəhərində cümə namazı imamlığı vəzifəsinə təyin etdi. Geriyə baxanda aydın olur ki, Ərafi yeni ali liderin 1989-cu ildə ən yüksək vəzifəni tutduqdan sonra İslam Respublikasında yüksək idarəetmə vəzifələri üçün diqqətlə seçdiyi bir qrup gənc ruhanilərin (o, Xamnəidən təxminən 20 yaş kiçikdir) bir hissəsi idi. Xamnəi üçün bu adamlar onun gündəliyini irəli aparacaq sadiq tərəfdarlarıdır və bunun müqabilində onun himayəsi altında yaşayırlar.
Ərafi həm də Qumdakı Əl-Mustafa Beynəlxalq Universitetinin sədri vəzifəsidir. 2009-cu ildə rəsmi olaraq mövcud formatında qurulan bu universitet Xamnəinin ideyasıdır. Universitetin ikiqat missiyası var: "İslam təbliğatına diqqət yetirmək (rejimin rəsmi ideologiyasına uyğun olaraq) və qeyri-iranlıları şiə ruhaniləri etmək üçün hazırlamaq.
Xamnəi Əl-Mustafa Universiteti fəaliyyətə başlayanda Ərafiyə demişdi: "Qarşıya qoyduğunuz şeyin 30 faizinə nail olsanız belə, bu, uğurdur". Bu gün Əl-Mustafa Universitetinin həm İranda, həm də xaricdə onlarla seminariyası və dini mərkəzi var. 2016-cı ilin iyul ayına qədər Xamnəi o vaxt 57 yaşında olan Ərafini ölkə daxilindəki bütün dini icmaların rəhbəri təyin etmişdi. 2019-cu ilin iyul ayında Xamnəi onu İslam Respublikasının istənilən hökumət siyasətinə və ya siyasi namizədinə veto qoya bilən ən güclü 12 nəfərlik Nəzarət Şurasına təyin etdi. O, Şuranın 93 yaşlı hazırkı rəhbəri Əhməd Cənnətinin yerinə namizəd kimi göstərilir.
Xamnəinin Ərafini dəfələrlə yüksək vəzifələrə - və çox vaxt strateji cəhətdən həssas vəzifələrə təyin etməsi onun bürokratik qabiliyyətlərinə böyük inam bəslədiyini göstərir. Bundan əlavə, əksər məlumatlara görə, Ərafi İslam Respublikasının gələcək trayektoriyası ilə bağlı Xamnəi ilə eyni düşüncə tərzində olduğunu sübut edib.
Y. QACAR