Xanabad sakininin həyat hekayəsi FOTOLAR

13.11.2026

Icma.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.

Xocalı rayonunun Xanabad kəndinə köç edən Hüseynov Müslüm Qaçay oğlu doğma yurda qayıdışın sevincini yaşayır.

Uzun illər torpaq həsrəti ilə yaşayan Müslüm Hüseynov üçün Xanabada qayıdış həyatının ən unudulmaz hadisələrindən biridir. 

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsindən “Cebheinfo.az”-a verilən məlumata görə, o, Birinci Qarabağ müharibəsi zamanı 30 yaşında doğma yurdunu tərk etmək məcburiyyətində qalıb.

Məcburi köçkün həyatı yaşayan Müslüm Hüseynov uzun illər Oğuz rayonunda məskunlaşıb, doğma torpaqlarına qayıdacağı günü səbirsizliklə gözləyib. 

Uzun illərdən sonra 60 yaşında kəndinə qayıdan Müslüm kişi bu gün həyatının ən xoşbəxt günlərini yaşayır.

Ailəsi ilə birgə Xocalının Xanabad kəndində rahat, təhlükəsiz, xoşbəxt həyat sürən keçmiş məcburi köçkün  burada yaradılan şəraitə görə minnətdarlığını bildirir.

O, kənddə bütün zəruri infrastrukturun qurulduğunu, sakinlərin elektrik enerjisi, su, qaz, rabitə və digər kommunal xidmətlərlə təmin edildiyini deyir.

Doğma kəndində hər cür şəraitlə təmin olunan Müslüm Hüseynov gələcəyə böyük ümid və inamla baxır.

Uzun illər Daxili işlər orqanlarında çalışmış, hazırda isə təqaüddə olan Müslüm Hüseynov bu gün doğma yurdda meyvə yetişdirir.

Bağındakı  nar və digər meyvələr onun üçün doğma torpağın bərəkətinin, zəhmətinin və qayıdışın ən gözəl rəmzlərindəndir.

Öz torpağında əkib-becərdiyi ağacların bar verməsini görmək, doğma kəndində ailəsi ilə birgə yaşamaq onun üçün əvəzolunmaz xoşbəxtlikdir.

Böyük Qayıdışın hər bir ünvanında olduğu kimi, Xanabadda da həyat yenidən canlanır, ocaqlar tüstülənir, bağlar bar verir, doğma torpaqlar öz sakinlərinə qovuşur.

“Cebheinfo.az”
 

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью