Icma.az bildirir, Qol.az portalına istinadən.
“Xankəndi” klubu noyabrın 19-da doğma şəhərində ilk oyununa çıxacaq. Bu qarşılaşma komanda üçün həm də xüsusi mənəvi əhəmiyyət daşıyır. Komandanın baş məşqçisi Röyal Nəcəfov QOL.az-a müsahibəsində tarixi oyunla bağlı gözləntilərini, matça hazırlığı və komandanın hədəflərini bölüşüb.
- İllər sonra böyük futbol Xankəndiyə qayıdır. 1-ci liqanın 8-ci turunda “Karvan-Yevlax”ı Xankəndi şəhər stadionunda qəbul edəcəksiniz. Bu tarixi oyuna necə hazırlaşırsınız?
- Bu matça da böyük məsuliyyətlə, ciddi hazırlaşırıq. Bizə mütləq xal və xallar lazımdır. Rəqib də yaxşı komandadır. Onların hədəfi çempionluqdur. Biz isə 1-ci liqada qalmaq üçün mübarizə aparırıq. Buna baxmayaraq, oyuna çox ciddi hazırlamışıq. İstəyimiz xallar qazanmaqdır. Açılış oyunudur. Öz doğma şəhərimizdə, azarkeşlər önündə oynayacağıq. Xankəndidə artıq kifayət qədər yaşayış var. Biletlərin satışından da bilirik ki, azarkeşlər çox olacaq. Demək olar ki, biletlərin çoxu satılıb. Bu da bizə əlavə motivasiya verir. İnanırıq ki, bu, komanda üçün müsbət bir hal olacaq.
- Komandada oyunqabağı ab-hava necədir?
- Əlbəttə, hamı oyunun mahiyyətini yaxşı dərk edir. Hələ biz komandaya gələndə bir az psixoloji durum yaxşı deyildi. İnamsızlıq yaranmışdı. Komandada nə qədər təcrübəli futbolçular olsa da, 2-ci liqadan 1-ci liqaya çıxan kollektiv idi. Çempionat fərqi çox təsir edir. Liqaya uyğunlaşmaq, komanda kimi formalaşmaq da vaxt aparır. Artıq o mərhələni keçdiyimizə inanırıq. Komandada ab-hava bir-birinə inam, qısacası ümumi atmosfer yaxşıdır.
- Qeyd etdiyiniz böyük məsulliyət komanda üzərində təzyiq yaratmır?
- Təzyiq deməzdim, daha çox məsuliyyət olacaq. Mən özüm də bilirəm ki, hansı bir məsuliyyətin altına girmişəm. Amma futbolçular da, mən də inanırıq ki, məsuliyyətin öhdəsindən gələcəyik. Komandada yetərincə təcrübəli futbolçular var. İnanıram ki, bunun sayəsində məsuliyyəti dərk edib bu vacib görüşdə özlərini ən yaxşı tərəfdən göstərəcəklər.
- “Xankəndi” 7 turdan sonra 6 xalla 7-ci pillədədir. Hazırkı mövqeyinizlə bağlı nə düşünürsünüz?
- Bilirsiniz ki, mən 4-cü turdan “Xankəndi”yə gəlmişəm. Həmin vaxt komandanın cəmi 1 xalı var idi, qələbə yox idi. İlk qələbəmiz lider “Şahdağ Qusar” üzərində oldu. Digər oyunlarda da qələbə qazana bilərdik. Sadəcə qol imkanlarını dəyərləndirə bilmədik. Desəniz ki, bu durumdan razısınız? Xeyr, inanıram ki, daha yaxşısı edə bilərdik. Zaman da bunu göstərir. Artıq komandada oyun formalaşıb. Bundan sonra qalır yavaş-yavaş nəticə qazanmaq. Zaman keçdikcə nəticələr də gələcək.
- Qeyd etdiyiniz kimi, ilk qələbə 5-ci turda gəldi. Komandada nəyi dəyişmisiniz və bundan sonra dəyişiklik çox olmalıdırmı?
- Komandada psixoloji durum çox pis vəziyyətdə idi. Əslində keyfiyyətli futbolçu sayı yetəri qədər idi. Ən əsası komandanın fiziki hazırlığı çox geridə idi, 1-ci liqa səviyyəsində deyildi. 60-cı dəqiqədən sonra komanda oyundan düşürdü. Tədricən bunu düzəltməyə çalışdıq və qismən aradan qalxdığını düşünürəm. Komandaya inam və futbolçuların özlərinin bir-birinə, məşqçi korpusuna inamı lazım idi. Bu işin də öhdəsindən gəldiyimizi düşünürəm. Həm fiziki, həm də psixoloji durumun düzəlməsi tədricən nəticələrə də təsir etdi. Amma oynadığımız oyunun qarşılığında bu gün xallarımız daha çox olmalı idi.
- Komandanız Xankəndidə tam olaraq nə vaxt məskunlaşacaq?
- Ən sevindirici tərəfi odur ki, ilk addım atıldı. Bundan sonrası da tədricən olacaq. Bilirsiniz ki, birdən-birə köçmək çox çətin məsələdir. Hər bir sahədə belədir. İnanıram ki, mərhələli şəkildə köçəcəyik. Ola bilər ki, yanvardan sonra, olmasa da yeni mövsümdən komanda tam olaraq Xankəndiyə köçəcək.
- Bu müddətdə isə məşqlər Bakıda olacaq?
- Bəli, bütün ev oyunlarımız Xankəndidə olacaq, amma hələ ki, məşqlərimizi Bakıda edəcəyik. Digər mərhələdə isə komanda tam olaraq Xankəndiyə köçəcək, məşqlər də orda olacaq. Bunun üçün müddət lazımdır.
- Yəqin ki, qışda heyəti gücləndirəcəksiniz.
- Heyət 100 faiz güclənməlidir. Komandada say, mövqelər baxımından çatışmazlıq var. Çalışacağıq ki, ən azı 4-5 futbolçunu heyətə cəlb edək.
- Bu transferlər üçün klubla razılığınız olub? Ümumiyyətlə maliyyə durumu ilə bağlı vəziyyət necədir?
- Rəhbərliklə danışmışdıq ki, yanvara qədər mümkün qədər xal yığıb, daha sonra lazımı qədər güclənək. Sağ olsunlar, bunu qəbul ediblər və hər zaman da klubun dəstəyini hiss edirik.
Klubun durumu yaxşıdır. Amma daha da yaxşı olacaq. Çünki elə bir adı var ki, hər zaman yaxşı yerlərdə olmalıdır. Klub rəhbərliyi də çalışır ki, əlavə sponsorlar dəvət etsin. Yəqin ki, bəzi sponsorla da gələcək. Çünki Xankəndiyə köçməyin özü bir prestijdir. Düşünürəm ki, bunlar mərhələli şəkildə həyata keçiriləcək.
Ramiq Ağaməmmədov