Xankəndidə Azərbaycan BMT yüksək səviyyəli dialoqu keçirilib

23.10.2026

Bakivaxti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Xankəndi şəhərində "Qarabağda Dayanıqlı İnkişaf Məqsədləri anı: Gələcək naminə Azərbaycan-BMT tərəfdaşlığı" mövzusunda yüksək səviyyəli strateji dialoq başa çatıb.

Bakıvaxtı.az xəbər verir ki, tədbirdə Azərbaycan–BMT tərəfdaşlığının prioritetləri, Qarabağ iqtisadi rayonunda Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) lokallaşdırılması və regionun dayanıqlı inkişafının sürətləndirilməsi imkanlarına dair müzakirələr aparılıb.

Tədbirdə çıxış edən iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli vurğulayıb ki, Qarabağda bərpa-quruculuq prosesi infrastrukturun yenidən qurulması ilə yanaşı, təhlükəsiz və dayanıqlı məskunlaşmanı, iqtisadi canlanmanı, insan kapitalının inkişafını və ekoloji dayanıqlılığı əhatə edir:

"Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Qarabağ və Şərqi Zəngəzurda "ağıllı şəhər", "agıllı kənd" konsepsiyası əsasında qurulan yaşayış massivləri, nəqliyyat dəhlizləri, yaşıl enerji və sosial layihələr dövlətin bu ərazilərə strateji baxışının təzahürüdür. 2026–2030-cu illər üzrə Əməkdaşlığa dair Çərçivə Sənədi tərəfdaşlığın yeni mərhələsini müəyyən edir. Sənəddə inklüziv sosial-iqtisadi inkişaf və insan kapitalının gücləndirilməsi, ekosistemlərin qorunması, iqlim dayanıqlılığı və yaşıl artım əsas istiqamətlər kimi əhatə olunur".

BMT-nin Azərbaycandakı rezident-əlaqələndiricisi Dmitro Şlapaçenko çıxışında Qarabağda dayanıqlı inkişafın təşviqində birgə səylərin, güclü tərəfdaşlığın və yerli ehtiyaclara uyğun həllərin əhəmiyyətini vurğulayıb. Yerli ehtiyaclara uyğun təşəbbüslərin həyata keçirilməsinin və bu prosesdə müxtəlif tərəfdaşların səylərinin əlaqələndirilməsinin önəmi qeyd edilib.

Şuşa rayonunda Prezidentin xüsusi nümayəndəsi Aydın Kərimov Qarabağda bərpa-quruculuq işlərinin regionun sosial-iqtisadi dirçəlişində, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışında və onların cəmiyyətə reinteqrasiyasında mühüm rolunu vurğulayıb. O, müasir infrastrukturun qurulmasının, iqtisadi imkanların genişləndirilməsinin və əhalinin rifahının yüksəldilməsinin regionda uzunmüddətli və dayanıqlı inkişaf üçün əsas şərtlərdən olduğunu vurğulayıb.

İqtisadiyyat nazirinin müşaviri Hüseyn Hüseynov təqdimatında Azərbaycanın 2030-cu ilədək milli prioritetləri ilə BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin qarşılıqlı əlaqəsini diqqətə çatdırıb. O, DİM-lərin sosial-iqtisadi transformasiya, insan kapitalının inkişafı və yaşıl keçidin sürətləndirilməsində mühüm rolunu önə çəkib, azad edilmiş ərazilərdə dayanıqlı yaşayış imkanlarının yaradılmasının əhəmiyyətini qeyd edib. H.Hüseynov həmçinin DİM-lərin lokallaşdırılması istiqamətində Şuşa və Naxçıvan üzrə yol xəritələrinin hazırlandığıni bildirib.

Tədbirdə həmçinin Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında həyata keçirilən bərpa-quruculuq işləri, infrastrukturun yenidən qurulması istiqamətində görülən tədbirlər barədə məlumat verilib.

Strateji dialoq BMT-nin Azərbaycandakı rezident-əlaqələndiricisi ofisinin rəhbəri Kanako Mabuçinin moderatorluğu ilə keçirilən panel müzakirə ilə davam edib. "Qarabağ iqtisadi rayonunda DİM-lərin lokallaşdırılması üzrə tərəfdaşlıq, regional əlaqələndirmə və transsərhəd su əməkdaşlığı təşəbbüslərindən istifadə etməklə regionun dayanıqlı inkişafının sürətləndirilməsi" mövzusunda paneldə Azərbaycanın ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov, Azərbaycan Minatəmizləmə Agentliyinin İdarə Heyəti sədrinin müavini Samir Poladov, Ümumdünya Səhiyyə Təşkilatının nümayəndəsi Hande Harmancı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Muhammad Nasar Hayat və BMT-nin Avropa üzrə İqtisadi Komissiyasının Dayanıqlı İnkişaf və Əhali Şöbəsinin direktoru Paul Ladd iştirak ediblər.

Paneldə Qarabağ iqtisadi rayonunda DİM-lərin lokallaşdırılması, regional əməkdaşlığın əlaqələndirilməsi və transsərhəd su ehtiyatlarının idarə olunması sahəsində əməkdaşlıq imkanları müzakirə edilib. Həmçinin regionda bərpa və dayanıqlı inkişaf təşəbbüslərinin həyata keçirilməsində beynəlxalq tərəfdaşlığın rolu diqqətə çatdırılıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью