Icma.az, Azertag saytına istinadən bildirir.
Bakı, 20 noyabr, AZƏRTAC
Böyük futbol yenidən Xankəndiyə qayıtdı. Azarkeşlərin həsrətlə gözlədiyi an gerçəkləşdi – əsaslı təmirdən sonra Xankəndi stadionunda ilk rəsmi futbol qarşılaşması keçirildi. Yaşıl meydanın yenidən canlanması və tribunalardan yayılan azarkeş səsləri həmin günü idman hadisəsindən daha böyük bir məna ilə yaddaşlara yazıldı.
Ötən gün Azərbaycan I Liqasının VIII turu çərçivəsində yerli “Xankəndi” komandası “Karvan-Yevlax” kollektivini qəbul etdi. Görüşün nəticəsi qonaqların 2:0 hesablı qələbəsi ilə yekunlaşsa da, həmin gün Xankəndidə yaşananlar təkcə hesabla ölçülmürdü. Çünki bu qarşılaşma yenilənmiş stadionun Azərbaycanın idman həyatına qayıdışı üçün növbəti vacib addım idi.
Matçdan əvvəl stadionda xüsusi ovqat hökm sürürdü. Azarkeşlər üçün təşkil olunan tədbirlər, futbol ictimaiyyəti nümayəndələrinin iştirakı və veteran futbolçuların meydana çıxması qarşılaşmaya əlavə rəng qatırdı. Günün ən təsirli anlarından biri isə topa ilk rəmzi toxunuş mərasimi oldu. Bu missiya 44 günlük Vətən müharibəsində şəhid olmuş Fikrət Məmmədovun oğlu İbrahim Məmmədova həvalə edildi. O, Xankəndi futbolunun veteranları Samir Ələkbərov, Münis Abdullayev və Emin Salmanovun müşayiəti ilə meydana çıxdı.
Bu an stadionda futbolun yalnız idman deyil, həm də yaddaş, varislik və mənəvi bağlılıq olduğunu bir daha nümayiş etdirdi. Şəhid övladının yenilənmiş meydanda topa ilk toxunuşu günün ən yaddaqalan epizodlarından biri idi.
Tribunada olan azarkeşlər də bu tarixi anların iştirakçısına çevrilmişdilər. Onların arasında yerli sakinlər, futbol həvəskarları və qonaqlar da vardı. Hər kəsin diqqəti bir tərəfdən meydandakı mübarizəyə, digər tərəfdən isə Xankəndi stadionundakı inanılmaz ab-havaya yönəlmişdi.
Oyuna gəlincə, komandalar ilk dəqiqələrdən etibarən mübarizəyə köklənmişdilər. Hər iki kollektiv hesabı açmağa çalışsa da, birinci hissədə qapılara qol vurmaq mümkün olmadı.
İkinci hissədə isə qonaqlar üstünlüyü ələ aldılar. Matçın 67-ci dəqiqəsində İbrahim Əliyev hesabı açaraq “Karvan-Yevlax”ı önə çıxardı. On dəqiqə sonra isə Obi Con Onyeka fərqi iki topa çatdırdı. Beləliklə, Yevlax təmsilçisi Xankəndidən üç xalla ayrıldı.
Lakin bu oyunun əsl qalibi təkcə meydanda üstün olan komanda deyildi. Xankəndi futbolu üçün yeni mərhələnin başlanğıcı, stadionun yenidən idman həyatına qayıtması və azarkeşlərin doğma tribunalarda futbolu izləmək imkanı günün ən gözəl yekunu idi.
Müxbir – Cavid Əliyev