Cebheinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən sərnişindaşıma sahəsində rəqabətli mühitin, marşrutların təhkim edilməsində qanunvericiliyin tələblərinin təmin edilməsi ilə bağlı tədbirlərin davamı olaraq Lənkəran-Masallı, Masallı-Lənkəran, Bakı-Xaçmaz şəhərlərarası, eləcə də Xankəndidə 1, 2 və 3 nömrəli şəhərdaxili avtobus marşrutları üzrə müsabiqələrin qalibləri müəyyən edilib.
"Cebheinfo.az" xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.
Lənkəran-Masallı və Masallı-Lənkəran marşrutları üzrə hüquqi şəxs "Logistics and Transport Services" MMC;
Bakı-Xaçmaz marşrutu üzrə fiziki şəxs Əkbərova Mehriban Telman qızı;
Xankəndi şəhərində 1 nömrəli (Qarabağ Universitetinin Klinikası – Zəfər Parkı), 2 nömrəli (Kərkicahan qəsəbəsi – Təbriz küçəsi) və 3 nömrəli (Qarabağ Universitetinin Klinikası – şəhər mərkəzi) marşrutlar üzrə hüquqi şəxs "BakuBus" MMC qalib elan olunublar.
Müsabiqə “Avtomobil nəqliyyatı haqqında” Qanuna, Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli qərarı ilə təsdiqlənən “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası”na uyğun təşkil olunur.
Marşrut xətləri müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq AYNA tərəfindən mərhələli qaydada müsabiqəyə təqdim edilir. Məqsəd sərnişindaşıma sahəsində göstərilən xidmətin keyfiyyəti, təhlükəsizliyi və rahatlığının artırılması, həmçinin marşrutların təhkim edilməsində şəffaflığın təmin olunmasıdır.
Əfsanə Rəcəb
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin