Xankəndidə Zəfər şənlikləri başladı

04.11.2026

Xalq qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Azad Xankəndidə rəşadətli ordumuzun 44 günlük Vətən müharibəsində qazandığı şanlı qələbənin 6-cı ildönümü münasibətilə bayram şənliklərinə start verilib. Dünən şəhərin Kərkicahan qəsəbəsində 8 Noyabr Zəfər Gününə həsr olunmuş minifutbol turnirinin açılışı keçirilib.

Mərasimdə çıxış edən Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin (BTİX) icraçı direktorunun müavini Mahmud Əfəndiyev Zəfər Gününün xalqımızın tarixində müstəsna əhəmiyyəti olduğunu vurğulayıb. O, azad Qarabağda, xüsusilə Xankəndidə idman tədbirlərinin keçirilməsinin böyük qürur doğurduğunu bildirərək qeyd edib ki, bölgədə həyata keçirilən bərpa-quruculuq işləri ilə yanaşı, idmanın inkişafı, sağlam həyat tərzinin təşviqi, yarışların təşkili istiqamətində də mühüm addımlar atılır.

Qarabağ Regional Gənclər və İdman İdarəsinin rəis müavini Hikmət Ələkbərli idmanın gənclərin fiziki inkişafında, sağlam həyat tərzinin formalaşmasında, kollektivçiliyin möhkəmləndirilməsində mühüm rol oynadığını bildirib. Belə turnirlərin müxtəlif qurumlar arasında əməkdaşlığın və həmrəyliyin gücləndirilməsinə də xidmət etdiyini vurğulayaraq, iştirakçılara uğurlar arzulayıb.

Qarabağ Regional Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin rəisi Müşviq Adıgözəlov da Xankəndidə idman yarışlarının təşkilinin xüsusi əhəmiyyət daşıdığını deyib, turnirin iştirakçılar arasında dostluq münasibətlərinin və sağlam rəqabətin inkişafına töhfə verəcəyinə əminliyini bildirib.

Qeyd edək ki, yarış Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin, Qarabağ Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə keçirilir. Turnirdə Qarabağda fəaliyyət göstərən dövlət qurumlarının komandaları mübarizə aparır.

Açılış mərasimindən sonra minifutbol turnirinin ilk qarşılaşması keçirilib. Turnir noyabrın 16-dək davam edəcək.

Mahir RƏSULOĞLU,
XQ-nin Qarabağ müxbiri

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью