Icma.az, Ses qazeti saytına istinadən bildirir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə təsis edilən 20 Sentyabr – Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü milli tariximizin ən parlaq, şərəfli və qürurverici səhifələrindən biridir. Bu tarix sadəcə təqvimdəki əlamətdar bir gün deyil, Azərbaycanın suverenliyinin bütün ölkə ərazisində tam və qəti şəkildə bərpa olunmasının təntənəsidir. Bu əlamətdar günün təsis olunması Ermənistan silahlı qüvvələrinin qalıqları və qeyri-qanuni silahlı dəstələrinin tərk-silah edilərək ərazilərimizdən çıxarılması ilə bağlıdır.
30 ilə yaxın bir müddətdə Qarabağın bu qədim yaşayış məskənləri işğal altında qalmış, soydaşlarımız doğma ocaqlarından didərgin düşmüşdülər. 2020-ci ildə 44 günlük Vətən müharibəsi ilə başlanan Böyük Zəfər yürüşü, 2023-cü il sentyabrın 19-20-də keçirilən lokal xarakterli anti-terror tədbirləri ilə məntiqi yekununa çatdı. Cəmi 24 saatdan da az müddətdə həyata keçirilən bu uğurlu əməliyyat nəticəsində qanunsuz erməni silahlı birləşmələri təslim oldu, separatçılıq yuvasına son qoyuldu. 20 sentyabr tarixində Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri tamamilə Azərbaycanın nəzarətinə keçdi.
2023-cü il noyabrın 8-də Xankəndi şəhərində Vətən müharibəsində əldə edilən Zəfərin üçüncü ildönümünə həsr olunan hərbi parad keçirildi. Bu parad 2023-cü ilin sentyabrındakı antiterror əməliyyatlarından sonra Azərbaycanın ərazi bütövlüyünün tam təmin olunmasını və Xankəndidə dövlət bayrağımızın dalğalanmasını təcəssüm etdirirdi.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin 2023-cü ilin sentyabrında antiterror tədbirlərindən sonra azad edilmiş Xankəndi şəhərinə səfərləri Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunmasının, eyni zamanda regionun yenidən qurulmasının mühüm tarixi göstəricisidir. 15 oktyabr 2023-cü ildə Prezident İlham Əliyev Xankəndinin Mərkəzi Meydanında Dövlət Bayrağını təntənəli şəkildə ucaldaraq xalqa müraciət etmiş və ölkənin bütün ərazisində Azərbaycanın suverenliyinin bərpa olunduğunu rəsmən elan etmişdir. 18 mart 2024-cü ildə dövlət başçısı şəhər meydanında Novruz tonqalını alovlandıraraq Xankəndidən xalqa bayram təbriki ünvanlamış, bu addım milli həyatın və ənənələrin həmin ərazilərə qayıdışının rəmzinə çevrilmişdir. 20 sentyabr 2024-cü ildə — Dövlət Suverenliyi Günündə Prezident Xankəndidə Qarabağ Universitetinin təntənəli açılışını reallaşdıraraq regionda ali təhsilin və elmi mühitin bərpasına start vermişdir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin azad olunmuş Xocavənd rayonuna səfərləri ərazidə suverenliyin möhkəmləndirilməsi, strateji infrastrukturun qurulması və tarixi-mədəni irsin bərpası baxımından böyük önəm daşıyır. 9 oktyabr 2021-ci ildə Hadrut qəsəbəsi və Tuğ kəndinə səfər edən dövlət başçısı burada Dövlət Bayrağını ucaltmış, yeni infrastruktur layihələrinin təməlini qoymuşdur. 24 dekabr 2021-ci ildə Hadrutda Ordu Korpusunun yeni hərbi hissəsinin (Komando briqadasının) təntənəli açılışı reallaşdırılmışdır. 2023-cü ilin sentyabrında keçirilən antiterror tədbirlərindən sonra, 15 oktyabr 2023-cü ildə Prezident İlham Əliyev Xocavənd şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını təntənəli şəkildə ucaltmışdır. Müntəzəm səfərlər çərçivəsində Hadrut-Füzuli və Hadrut-Cəbrayıl avtomobil yollarının, elektrik yarımstansiyalarının açılışı olmuş, Azıx mağarası kimi tarixi abidələrə baxış keçirilmiş, eləcə də Hadrutda yaşayış kvartallarının və sosial obyektlərin təməli qoyulmuşdur.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin azad olunmuş Xocalı rayonuna səfərləri ərazidə suverenliyin tam bərpası, Böyük Qayıdışın təmin olunması və şəhərin yeniden qurulması baxımından tarixi əhəmiyyət kəsb edir. 2023-cü ilin sentyabrındakı antiterror tədbirlərindən sonra, 15 oktyabr 2023-cü ildə Prezident İlham Əliyev Xocalı şəhərində və Əskəran qəsəbəsində Azərbaycan Respublikasının Dövlət Bayrağını təntənəli şəkildə ucaltmışdır. 26 fevral 2024-cü ildə — Xocalı soyqırımının ildönümündə dövlət başçısı Xocalı şəhərində Xocalı Soyqırımı Memorialının təməlini qoymuş və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşmüşdür. 28 may 2024-cü ildə Müstəqillik Günündə Prezident Xocalıya doğma yurdlarına qayıdan ilk sakinlərlə görüşərək onlara evlərin açarlarını təqdim etmiş, yenidən qurulan mülki infrastruktura və sosial obyektlərə baxış keçirmişdir. Səfərlər zamanı Xocalı hava limanının təmiri, infrastruktur layihələrinin icrası, yaşayış evlərinin bərpası və sənaye obyektlərinin açılışı ilə bağlı vacib tapşırıqlar verilmişdir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin azad olunmuş Ağdərə rayonuna səfərləri ərazidə dövlət suverenliyinin bərqərar olunması, strateji obyektlərin bərpası və yenidənqurma işlərinin sürətləndirilməsi baxımından tarixi önəm daşıyır. 2023-cü ilin sentyabrındakı antiterror tədbirlərindən sonra, 15 oktyabr 2023-cü ildə Prezident İlham Əliyev Ağdərə şəhərində, eləcə də Suqovuşan və Sərsəng su anbarları ərazisində Azərbaycan Respublikasının Dövlət Bayrağını təntənəli şəkildə ucaltmışdır. 18 mart 2024-cü ildə dövlət başçısı Sərsəng su anbarının ərazisində olmuş, su təsərrüfatı və energetika infrastrukturlarının bərpası ilə tanış olmuşdur. Səfərlər zamanı Suqovuşan qəsəbəsində yaşayış komplekslərinin, turizm infrastrukturu və sosial obyektlərin açılışı reallaşdırılmışdır.
20 Sentyabr – milli qürurumuzun, birliyimizin və sarsılmaz iradəmizin rəmzidir. Üçrəngli bayrağımızın Xankəndidə, Xocalıda, Xocavənddə və Ağdərədə əbədi dalğalanması həm şəhidlərimizin ruhuna ehtiram, həm də gələcək nəsillərə əmanət olunan böyük Zəfərin təcəssümüdür.
Rövlan Heydərov
YAP Naftalan şəhər təşkilatının sədri