Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.
Bakı, 8 noyabr, AZƏRTAC
8 Noyabr – Zəfər Gününün altıncı ildönümünü qeyd etdiyimiz bu gün Azərbaycan xalqının yaddaşında silinməz iz qoymuş tarixi hadisələri bir daha xatırlayır, keçdiyimiz yolun nəticələrini və qarşıda duran vəzifələri dərk edirik. Prezident İlham Əliyevin bu gün Xankəndidən Azərbaycan xalqına ünvanladığı təbrik müraciəti həm tarixi qürur, həm də gələcəyə dair düşüncələr baxımından xüsusi əhəmiyyət daşıyır. Dövlət başçısının müraciətini məhz Xankəndidə, şanlı Zəfərimizin şərəfinə ucaldılmış Zəfər tağının önündə etməsi dərin rəmzi məna daşıyır. Vaxtilə separatizmin və Azərbaycan xalqının iradəsinə qarşı yönəlmiş siyasətin mərkəzlərindən biri olan Xankəndi bu gün müstəqil Azərbaycanın suverenliyinin, dövlətçilik iradəsinin və quruculuq əzminin təcəssümünə çevrilib.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında akademik İradə Hüseynova bildirib.
O qeyd edib ki, Prezident İlham Əliyevin illər əvvəl qətiyyətlə səsləndirdiyi “Qarabağ Azərbaycandır və nida” bəyanatının öz tarixi təsdiqini tapması dövlətimizin iradəsinin, xalqımızın əzminin və milli birliyimizin ifadəsidir. Bu gün həmin şəhərdə Zəfər tağının ucaldılması, keçmiş separatçı idarəetmə binasında Zəfər Muzeyinin yaradılması qərarı tarixə münasibətin necə dəyişdiyini göstərir. Bir vaxtlar təcavüzkar siyasətin mərkəzi olmuş binanın xalqımızın qəhrəmanlıq salnaməsini yaşadacaq muzeyə çevrilməsi xüsusi məna daşıyır.
“Bu Qələbənin arxasında illərlə həyata keçirilmiş dövlət quruculuğu, iqtisadi inkişaf, güclü ordunun formalaşdırılması, beynəlxalq nüfuzun yüksəldilməsi və fəal diplomatiya dayanırdı. Ən başlıcası isə xalqın öz dövlətinə, ordusuna və Ali Baş Komandanına inamı, milli ruhu və sarsılmaz birliyi idi. İşğal dövründə müxtəlif təzyiqlərə baxmayaraq, Prezident İlham Əliyevin prinsipial mövqeyindən geri çəkilməməsi tarixi Qələbəmizin əsas şərtlərindən biri oldu”, - deyə akademik vurğulayıb.
O qeyd edib ki, bu gün Zəfər Azərbaycanın gələcək inkişafının strateji başlanğıcıdır. Azad edilmiş torpaqların dirçəldilməsi, doğma yurdlarından didərgin düşmüş insanların öz evlərinə qayıtması və burada müasir yaşayış mühitinin yaradılması istiqamətində genişmiqyaslı işlər görülür. “Böyük Qayıdış” Proqramı çərçivəsində artıq 100 minə yaxın insanın azad edilmiş ərazilərdə yaşaması, təhsil alması və çalışması bu prosesin miqyasını göstərir.
“Bir alim kimi, bu tarixi prosesin xüsusi əhəmiyyət daşıyan istiqamətlərindən birini Qarabağa elmin qayıdışında görürəm. Torpaqlarımızın azad edilməsi onların təbii sərvətlərinin, ekosistemlərinin və biomüxtəlifliyinin öyrənilməsi, qorunması və bərpası istiqamətində yeni elmi məsuliyyət yaradıb. 2020-ci ildən sonra Azərbaycan alimlərinin Qarabağ və Şərqi Zəngəzurda apardıqları tədqiqatlar sistemli xarakter alıb. Biologiya, botanika, zoologiya, mikrobiologiya, torpaqşünaslıq, ekologiya, coğrafiya və radioekologiya sahələrinin mütəxəssisləri regionun təbii potensialının öyrənilməsinə cəlb olunublar. 2020-2022-ci illərdə keçirilmiş beynəlxalq elmi konfranslar bu istiqamətdə mühüm elmi platforma yaratdı. Sonrakı tədqiqatlar nəticəsində Qarabağ və Şərqi Zəngəzurun flora və faunasının zənginliyi, nadir və endemik növlərin yayılma arealları, ekosistemlərin vəziyyəti barədə yeni məlumatlar əldə edilib. Bu nəticələrin elmi nəşrlərdə, xəritələrdə və məlumat bazalarında sistemləşdirilməsi gələcək mühafizə tədbirləri üçün əsas yaradır.
Elmin Qarabağa qayıdışı regionun gələcəyinin elmi biliklər əsasında qurulması deməkdir. Qarabağda yalnız dağıdılmış şəhər və kəndləri deyil, həm də zədələnmiş təbii mühiti bərpa etməli, ekoloji tarazlığın qorunmasını quruculuq prosesinin ayrılmaz hissəsinə çevirməliyik. Zəfərin qorunması müstəqil dövlətimizin iqtisadi, elmi, texnoloji və müdafiə potensialının daim gücləndirilməsini tələb edir. Prezident İlham Əliyev bu gün xalqa müraciətində qeyd etdiyi kimi, Azərbaycan elə güclü olmalıdır ki, heç kim ölkəmizə zərər vermək barədə düşünməsin. Bu fikir hər bir vətəndaş, o cümlədən alimlər qarşısında mühüm məsuliyyət müəyyənləşdirir. Güclü dövlətin əsas dayaqlarından biri də güclü elmdir. Yüksək elmi potensial, insan kapitalı, müasir texnologiyalar və innovasiya imkanları ölkəmizin müstəqilliyinin və rəqabət qabiliyyətinin möhkəmlənməsində mühüm rol oynayır”, - deyə İ.Hüseynova qeyd edib.
Müxbir – Tünzalə Arazlı