Xankəndinin şəhid oğlu anıldı

30.09.2026

Xalq qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Hərb tariximizə qızıl hərflərlə yazılmış, şanlı qələbəmizlə başa çatan 44 günlük zəfər yürüşünün altıncı ildönümü günlərində şəhidlik zirvəsinə ucalmış qəhrəman oğullardan biri – Xəqani Nəsirovun əziz xatirəsi doğulub boya-başa çatdığı Xankəndi şəhərində ehtiramla anılıb.

Qeyd edilib ki, Vətəni qorumaq üçün sinəsini düşmən gülləsinə sipər etmiş, yağı qarşısında mərd dayanaraq canını torpaqlarımızın azadlığı uğrunda qurban vermiş şəhidlərimiz cismən yanımızda, aramızda olmasalar da, hər zaman ürəklərimizdə yaşayırlar. Xalqımız onların ruhu qarşısındakı sədaqət borcunu heç zaman dəyişməyəcək “Şəhidlər ölməz! Vətən bölünməz!” şüarına çevirib.

Sentyabrın 29-da Xankəndidə keçirilən mərasimdə şəhərdə fəaliyyət göstərən dövlət və özəl qurumların məsul şəxsləri və əməkdaşları, şəhid ailələri, müharibə veteranları, sakinləri iştirak ediblər. Mərasimdə şəhid Xəqani Nəsirovun əziz xatirəsi ehtiramla yad olunub, onun Vətən qarşısındakı xidmətlərindən və göstərdiyi qəhrəmanlıqdan söz açılıb.

Xatırladaq ki, Xəqani Nəsirov 44 günlük Vətən müharibəsinin ilk günlərində Talış istiqamətində gedən döyüşlər zamanı şəhidlik zirvəsinə ucalıb. Şəhid Bərdə rayonunda yerləşən Şəhidlər xiyabanında dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün bərpasından sonra həyata keçirilən Böyük Qayıdış proqramı çərçivəsində Xəqani Nəsirovun valideynləri Xankəndi şəhərində mənzillə təmin olunub.

Mahir RƏSULOĞLU,
XQ-nin Qarabağ müxbiri
Xankəndi

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью