Xankəndinin yeni inkişaf mərhələsi ŞƏRH

18.09.2026

Ses qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpa olunması ölkəmizin müasir tarixində yeni mərhələnin başlanğıcını qoyan mühüm hadisələrdən biridir. 44 günlük Vətən müharibəsində əldə olunan Qələbədən sonra Azərbaycanın qarşısında duran əsas məqsədlərdən biri ölkənin bütün ərazisində suverenliyin tam təmin edilməsi idi. 2023-cü ilin sentyabrında baş verən hadisələr bu istiqamətdə yeni mərhələnin başlanmasına səbəb oldu.
20 sentyabr Azərbaycanın son illərdə keçdiyi mühüm tarixi proseslərin davamı və nəticəsi kimi xüsusi əhəmiyyət daşıyır. Ölkənin bütün ərazisində dövlət suverenliyinin təmin edilməsi Qarabağda uzun illər davam edən qarşıdurmanın nəticələrinin aradan qaldırılması və regionda yeni reallıqların formalaşması baxımından mühüm hadisə oldu.
Bu prosesdə dövlətin siyasi iradəsi, Azərbaycan Ordusunun gücü və xalqın həmrəyliyi mühüm rol oynayıb. Xalqla dövlətin, cəmiyyətlə ordunun nümayiş etdirdiyi birlik ölkənin keçdiyi mürəkkəb və məsuliyyətli tarixi mərhələdə əsas amillərdən biri olub.
Suverenliyin bərpasından sonra qarşıda duran əsas vəzifələrdən biri Qarabağ və Şərqi Zəngəzurun bərpası və burada dayanıqlı həyat şəraitinin yaradılmasıdır. Hazırda bu ərazilərdə genişmiqyaslı quruculuq və bərpa layihələri həyata keçirilir. Yollar, yaşayış kompleksləri, məktəblər, sosial obyektlər və digər infrastruktur qurulur, mövcud infrastrukturlar yenilənir. Bu layihələr bölgənin sosial-iqtisadi inkişafına və insanların öz doğma torpaqlarına qayıdışına xidmət edir.
Bu prosesdə Xankəndi, Xocalı, Xocavənd və Ağdərə xüsusi yer tutur. 2023-cü il oktyabrın 15-də Prezident İlham Əliyevin bu şəhərlərdə Azərbaycan Dövlət Bayrağını ucaltdığı gün ölkənin tarixində mühüm hadisə kimi yadda qalıb. Həmin səfərlər azad edilmiş ərazilərdə dövlət idarəçiliyinin və ictimai həyatın yeni mərhələsinin başlanmasının mühüm rəmzlərindən biri oldu.
Xankəndi bu prosesdə xüsusi əhəmiyyət daşıyan şəhərlərdən biridir. 2023-cü il oktyabrın 15-də Prezident İlham Əliyevin Xankəndiyə səfəri şəhərin yeni tarixində mühüm hadisələrdən biri oldu. Dövlət başçısı həmin gün Xankəndidə Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltdı və Kərkicahan qəsəbəsində görülən işlərlə tanış oldu. Bu hadisə Xankəndidə dövlət idarəçiliyinin və şəhər həyatının yeni mərhələyə keçidinin simvolik göstəricilərindən biri kimi qiymətləndirilə bilər.
Sonrakı dövrdə Xankəndinin ölkənin ictimai və mədəni həyatına inteqrasiyası istiqamətində də müxtəlif addımlar atıldı. 2023-cü ilin dekabrında burada “Qarabağ” və MOİK komandaları arasında futbol qarşılaşmasının keçirilməsi, eləcə də idman ictimaiyyətinin nümayəndələri ilə görüşün təşkili şəhərdə ictimai həyatın canlanması baxımından diqqətçəkən hadisələr sırasında yer aldı.
2024-cü il fevralın 7-də keçirilmiş prezident seçkisində Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Xankəndidə səs verməsi də şəhərin Azərbaycanın siyasi və ictimai məkanında yeni mərhələdə iştirakını nümayiş etdirən hadisələrdən biri oldu.
Hazırda Xankəndidə və digər azad edilmiş ərazilərdə bərpa və quruculuq işləri davam etdirilir. Yeni yaşayış məhəllələri salınır, yollar və kommunikasiya xətləri yenilənir, sosial obyektlər yaradılır. Görülən işlərin əsas məqsədi ərazilərdə müasir və təhlükəsiz yaşayış şəraitinin formalaşdırılması, insanların mərhələli şəkildə doğma yurdlarına qayıdışının təmin edilməsi və bölgənin davamlı inkişafına şərait yaradılmasıdır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin azad edilmiş ərazilərə mütəmadi səfərləri də burada həyata keçirilən bərpa prosesinin diqqət mərkəzində olduğunu göstərən mühüm amillərdəndir. Xankəndiyə göstərilən xüsusi diqqət isə şəhərin Qarabağın ictimai, mədəni və sosial həyatında mühüm mövqeyə malik olması ilə bağlıdır.
Bu gün Qarabağ və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı işlər yalnız dağıdılmış və zədələnmiş infrastrukturun yenilənməsi ilə məhdudlaşmır. Yeni şəhər və yaşayış məhəllələrinin salınması, müasir nəqliyyat və kommunikasiya sistemlərinin qurulması, məktəblərin, səhiyyə və digər sosial obyektlərin yaradılması regionun uzunmüddətli inkişafına hesablanıb.
20 sentyabrın tarixi əhəmiyyəti də bu baxımdan yalnız müəyyən bir hadisə ilə məhdudlaşmır. Həmin tarixdən sonra Qarabağda dövlət idarəçiliyinin təşkili, təhlükəsizliyin təmin edilməsi və bərpa prosesinin sürətləndirilməsi üçün yeni imkanlar formalaşıb. Bu gün həmin prosesin nəticələri yenidən qurulan şəhərlərdə, həyata keçirilən layihələrdə və doğma torpaqlarına qayıdan insanların həyatında öz əksini tapır.
Qarabağın, o cümlədən Xankəndi, Xocalı, Xocavənd və Ağdərənin gələcək inkişafı Azərbaycanın qarşısında duran mühüm vəzifələrdən biridir. Burada həyata keçirilən bərpa və quruculuq layihələrinin davam etdirilməsi, müasir infrastrukturun formalaşdırılması və əhalinin dayanıqlı məskunlaşması regionun gələcək sosial-iqtisadi inkişafının əsas istiqamətlərini təşkil edir.

İlkin Bağırov
YAP Babək rayon təşkilatının əməkdaşı

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью