Xankəndiyə köçən keçmiş məcburi köçkünlərə evlərinin açarları təqdim olunub | Icma.az
Icma.az, Yeniazerbaycan saytından verilən məlumata əsaslanaraq xəbər yayır. Yanvarın 21-də Xankəndi şəhərinə ilk köç prosesi reallaşıb.
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, respublikanın müxtəlif bölgələrində müvəqqəti məskunlaşmış Xankəndi şəhərindən olan keçmiş məcburi köçkünlərdən ibarət 36 ailə (162 nəfər) doğma yurduna qayıdıb.
Onların 35 ildən sonra Xankəndiyə qayıdışı böyük coşqu ilə qarşılanıb.
Əvvəlcə Dövlət Himni səsləndirilib, şəhidlərin ruhu ehtiramla yad olunub.
Sakinlərə yeni mənzillərinin açarlarını təqdim edən Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi altında işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirilir.
Bu ərazilər qısa müddət ərzində yenidən dirçəldilir, müasir yaşayış məkanları, sosial infrastruktur obyektləri, yollar, məktəblər, səhiyyə və mədəniyyət müəssisələri bərpa və inşa olunur.
S.Qəhrəmanov vurğulayıb ki, “Böyük Qayıdış” Dövlət Proqramı çərçivəsində keçmiş məcburi köçkünlərin mərhələli şəkildə doğma torpaqlarına qayıdışı təmin edilir və bu proses dövlətin daim diqqət mərkəzindədir.
O qeyd edib ki, əsas məqsəd insanların təhlükəsiz, rahat və layiqli yaşayış şəraiti ilə təmin olunması, eyni zamanda, bölgədə dayanıqlı iqtisadi və sosial həyatın formalaşdırılmasıdır.
Tam oxu
Xəbəri oxu