Xankəndiyə qayıdış davam edir

15.08.2026

Xalq qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

22 ailə də 36 ildən sonra doğma şəhərinə qovuşdu

Avqustun 14-də respublikamızın müxtəlif şəhər və rayonlarından yola salınmış köç karvanı özü ilə Xankəndiyə yenidən sevinc və fərəh dolu anlar yaşatdı. Şəhər növbəti dəfə əzəli sakinlərinə qucaq açdı.

Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun qazandığı qələbələr nəticəsində keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının daha bir mərhələsi reallaşdı. 102 nəfərin Vətən həsrətinin sona çatdığı bu mərhələdə 22 ailə Xankəndidəki yenidən təmir edilmiş doğma evlərinə qovuşdu.

Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin icraçı direktorunun müavini Mahmud Əfəndiyev keçmiş məcburi köçkünlərin qarşılanması və mənzillərin açarlarının təqdimat mərasimində sakinləri doğma torpaqlarına qayıtmaları münasibətilə təbrik etdi, onlara öz evlərindəki yeni həyatlarında xoşbəxtlik və firavanlıq arzuladı. O, Xankəndidə aparılan genişmiqyaslı bərpa və yenidənqurma işləri barədə məlumat verərək bildirdi ki, qayıdan sakinlərin rahat və təhlükəsiz yaşamaları üçün burada bütün zəruri şərait yaradılıb. Şəhərdə yaşayış binaları ilə yanaşı, sosial və kommunal infrastruktur da yenidən qurulur.

Evlərinin açarlarını alan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə ölkə başçısına, torpaqlarımızı işğaldan azad edən qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirdilər, bu yolda canlarından keçən şəhidlərimizi böyük ehtiramla yad etdilər.

Məcburi köçkünlüklə əbədi vidalaşan Zabilə Mahmudova XQ-yə bildirdi ki, bu gün ən böyük arzumuzun reallaşdığı, xəyallarımızın gerçəkliyə çevrildiyi gündür:

– Uzun illər Xankəndi həsrəti ilə yaşamışıq, doğma şəhərimiz, evimiz üçün darıxmışıq. Çox şükür, şəhidlərimizin, qəhrəman övladlarımızın sayəsində yenidən Qarabağa qayıtmaq, burada daimi məskunlaşmaq mənə də qismət oldu. Var olsun möhtərəm Prezidentimiz, onun “Dəmir yumruğ”u düşmənlərimizə göz dağıdır. Allah bu sevinci bütün arzulayanlara yaşatsın!

Qayıdış həyəcanı yaşayanlar arasında həmkarımız, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Anar Şuşalının valideynləri Bəybala və Gülabə Həsənovlar da vardı. Təəssüratlarını soruşduq. Bildirdilər ki, doğulub-böyüdüyümüz, 36 ildən artıq həsrətini çəkdiyimiz Xankəndiyə qovuşmaq sözlə ifadə edilməyəcək qədər möhtəşəm hisslərdir. Övladları, nəvələri ilə ata-baba yurdlarına döndüklərini deyən həmsöhbətlərimiz torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin müqəddəs ruhlarına rəhmət dilədilər, ölkə başçısına sonsuz minnətdarlıqlarını ifadə etdilər.

Mərasimin sonunda Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşları tərəfindən Xankəndi sakinlərinə mina və partlamamış hərbi sursatların təhlükəsi barədə ətraflı məlumat verildi. Tanımadıqları naməlum əşyalar və cisimlərdən uzaq durmaları, belə hallarla qarşılaşdıqları zaman aidiyyatı qurumlara xəbər vermələri tövsiyə olundu.

Qeyd edək ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində keçmiş məcburi köçkünlərin doğma yurdlarına köçürülməsi prosesi mərhələli şəkildə davam etdirilir. Doğma sakinlərin Xankəndiyə qayıdışı təkcə onların deyil, hamımızın sevinci və qürurudur. Sözsüz, bu günlər də şanlı zəfər tariximizin qızıl hərflərlə yazılmış növbəti səhifələrinə çevriləcək.

Mahir RƏSULOĞLU,
XQ-nin Qarabağ müxbiri

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью