Xankəndiyə qayıdış: “Məsuliyyətimizin fərqindəyik”

18.11.2026

futbolpress-az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Xankəndi” klubu I Liqada sabah Xankəndidə ilk ev oyununu keçirəcək. Komanda burada “Karvan-Yevlax”la üz-üzə gələcək.

“Xankəndi”nin baş məşqçisi Röyal Nəcəfov matçla bağlı “Futbolpress.az“ın suallarını cavablandırdı:

– Komanda doğma arenada ilk oyununa çıxacaq. Hissləriniz necədir?
– Azərbaycan futbolu üçün tarixi andır. Xankəndidə bu adda şəhərin komandası olaraq ilk biz meydana çıxacağıq. Məsuliyyətimizin fərqindəyik. İnanıram ki, bunun öhdəsindən gələ biləcəyik. Onu da qeyd edim ki, matça yaxşı hazırlaşmışıq.

Bu günləri gördüyümüz üçün Cənab Prezidentimiz İlham Əliyevə təşəkkür edirik. Şəhidlərimizə rəhmət diləyir, qazilərimizə uzun ömür arzulayıram. Onların sayəsində bu günləri görür, bu anları yaşayırıq.

– Birinci matçın həyəcanı oyununuza neqativ təsir etməz?
– Həyəcan bizə daha müsbət təsir edəcəyini düşünürəm. Çünki dünəndən artıq Xankəndidəyik. Buradakı atmosferi, insanların yanaşmasını görəndə çox sevinirik. Bilet satışında müsbət tendensiya var. Biz də çalışacağıq ki, müsbət nəticə qazanaq.

– “Kəpəz” doğma arenasına qayıdandan sonra nəticələri yaxşılaşdı. “Xankəndi”dən də bunu görmək mümkün olacaq?
– Ümid edirəm ki, nəticələrimiz yaxşılaşacaq. Doğma meydanda oynamağın müsbət təsirini görəcəyik.

– Heyətiniz daha yaxşı nəticələr üçün yetərlidir?
– Daha yuxarı pillələr uğrunda mübarizə aparmaq üçün yetərli deyil. Bəzi mövqelərdə çatışmazlıq var, rəqabət yoxdur. Çalışacağıq ki, transferlərlə boşluqlarımızı aradan qaldıraq.

“Xankəndi” I Liqada 7 turdan sonra 6 xalla 9-cu sıradadır. Sabah “Karvan-Yevlax”a qarşı keçiriləcək oyuna saat 16:00-da start veriləcək.

Şahin Cəfərov

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью