Icma.az xəbər verir, Idman.biz saytına əsaslanaraq.
Azərbaycan şahmatçısı Xaqan Əhməd 20 yaşadək şahmatçılar arasında dünya çempionu titulunu qazanmağa çox yaxınlaşıb.
İdman.Biz xəbər verir ki, Venesuelanın paytaxtı Karakasda keçirilən dünya çempionatının 10-cu, sonuncudan əvvəlki turunda 15 yaşlı şahmatçımız (2536) ağ fiqurlarla kubalı beynəlxalq usta Daniel İdalqo Diası (2367) məğlub edib.
Eyni zamanda, turnirin lideri olan hindistanlı Etan Vaz (2511) paraqvaylı Xuan Sebastian Meliana (2355) uduzub. Beləliklə, Xaqan Əhməd topladığı xalların sayına görə liderə çatıb.
Son tur ərəfəsində hər iki şahmatçının aktivində 8 xal var. Lakin Hindistan təmsilçisi əlavə göstəricilərə görə azərbaycanlı rəqibini qabaqlayır. 7,5 xalla daha bir hindistanlı şahmatçı Vuppala Pranit üçüncü yerdə qərarlaşıb. Turnirdə daha dörd iştirakçının hesabında 7 xal var.
Diqqətçəkən məqam odur ki, Xaqan Əhməd dünya çempionatında indiyədək heç bir məğlubiyyətə uğramayıb. O, altı qələbə qazanıb, dörd görüşü isə heç-heçə ilə başa vurub.
Sonuncu, 11-ci turda şahmatçımız qara fiqurlarla əvvəlki turda onun əsas rəqibini məğlub edən Xuan Sebastian Melianla qarşılaşacaq. Etan Vaz isə qara fiqurlarla ekvadorlu Kristofer Qarson Sapatanqa (2243) ilə üz-üzə gələcək.
Xaqan Əhməd qələbə qazanacağı, Etan Vaz isə xal itirəcəyi təqdirdə şahmatçımız dünya çempionu olacaq. Xallar bərabər olarsa, qızıl medalın sahibi əlavə göstəricilərə əsasən müəyyənləşəcək.
Qızların yarışında iştirak edən digər təmsilçimiz Lalə Hüseynova (2178) 10-cu turda ağ fiqurlarla perulu Fiorella Kontreras Uamana (2203) məğlub olub. O, 5,5 xalla 16-cı pillədə qərarlaşıb. Şahmatçımız son turda Trinidad və Tobaqo təmsilçisi Zara La Flerlə (1800) qara fiqurlarla qarşılaşacaq.
Qeyd edək ki, dünya çempionatının sonuncu turu bu gün, noyabrın 27-də Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.