Xarıbülbülün azadlıq nəğməsi ŞƏRH

04.11.2026

Ses qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.

2020-ci ilin noyabrın 8-də Müzəffər Azərbaycan Ordusunun şaxtalı payız günündə sıldırım qayaları aşaraq, yüngül silahlarla və əlbəyaxa döyüş taktikası ilə Qarabağın tacı olan Şuşa şəhərini 28 illik işğaldan azad etməsi Vətən müharibəsinin taleyini həll etmiş və Ermənistanın kapitulyasiyasına yol açmışdır.
1752-ci ildə Qarabağ xanı Pənahəli xan tərəfindən təməli qoyulan Şuşa təkcə strateji hərbi qala deyil, həm də Azərbaycanın mədəniyyət, musiqi və poeziya mərkəzidir. Üzeyir Hacıbəyli, Bülbül, Xan Şuşinski, Cabbar Qaryağdıoğlu, Xurşidbanu Natəvan kimi dahi şəxsiyyətlərin vətəni olan Şuşa xalqımızın mənəvi irsinin əks olunduğu müqəddəs məkandır. Müzəffər Ali Baş Komandanın müharibə zamanı səsləndirdiyi “Şuşasız bizim işimiz yarımçıq qalar” ifadəsi bu qədim yurdun hər bir azərbaycanlı üçün qırmızı xətt və mənəvi borc olduğunu bütün dünyaya nümayiş etdirdi.
Pənahəli xanın daş yaddaşı, Vaqifin poetik nəfəsi, Natəvanın incə ruhu və Üzeyir bəyin fəzada dalğalanan ölməz "Koroğlu" uvertürası... Şuşa sadəcə binalardan, qala divarlarından ibarət bir coğrafiya deyil; o, Azərbaycanın mənəviyyat paytaxtı, musiqimizin və mədəniyyətimizin ilahi beşiyidir. İşğal illərində dustaq qalan, məscidlərində azan səsinə həsrət yanan bu qədim yurd, 8 noyabrda öz həqiqi sahibinin nəfəsini duyunca sanki dərin bir yuxudan ayıldı. Ali Baş Komandanın o tarixi gündə ucalan “Əziz Şuşa, sən azadsan! Biz səni dirçəldəcəyik!” sədaları, bu gün Şuşanın küçələrində, bərpa olunan Gövhər Ağa məscidinin minarələrində və yenidən ucalan Vaqif məqbərəsində can tapan bir sevgi manifestidir.
Bu gün Şuşa şəhəri klassik və modern memarlığın vəhdətini təşkil edən möhtəşəm Baş Plan əsasında tamamilə yenidən qurulur. Şəhərin qədim mənəvi ruhunu bərpa etmək məqsədilə Heydər Əliyev Fondu tərəfindən Yuxarı və Aşağı Gövhər Ağa məscidləri, dahi şair Molla Pənah Vaqifin məqbərəsi, bəstəkar Üzeyir Hacıbəylinin və bənzərsiz vokal ustası Bülbülün ev-muzeyləri tarixi görkəmi qorunmaqla tam bərpa edilmişdir. "Böyük Qayıdış" proqramı çərçivəsində Şuşada inşa edilən modern yaşayış kompleksləri, rəqəmsal idarəetmə sistemləri və yeni məktəb binaları yüzlərlə şuşalının öz doğma ocaqlarına qürurla qayıtmasını təmin etmişdir. Eyni zamanda, "Zəfər Yolu" və müasir magistrallar Şuşanı regionun əsas logistik mərkəzlərindən birinə çevirir.
Bu gün bədii bir ssenarinin gerçəkliyə çevrilməsi kimi, Şuşa öz küllərindən tamamilə yenidən doğulur. Cıdır düzündə yallı gedən uşaqların gülüşü, Mədəniyyət Nazirliyi və Heydər Əliyev Fondunun sədası ilə yenidən ətrafa yayılan "Xarıbülbül" festivalının sehrli melodiyaları şəhərin yaralarını sarıyır. Şuşa artıq həsrətin bitdiyi, "Böyük Qayıdış" karvanlarının qürurla mənzil başına çatdığı işıqlı bir gələcəkdir. Şuşa Şəhəri Günü – bu müqəddəs torpağın hər qarışını canı bahasına bizə qaytaran şəhidlərimizin əbədi ruhuna bir minnətdarlıq nəğməsi, qüdrətli dövlətimizin dünyaya diktə etdiyi tarixi Zəfərin əbədi rəmzidir.

Samirə Zeynalova
YAP Tərtər rayon təşkilatının mühasibi

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью