Xaricdə dini təhsillə bağlı ciddi tədbir görülməlidir ki, gənclərimiz dövlət düşməni kimi qayıtmasın

02.12.2024

Bizimyol saytından alınan məlumata görə, Icma.az bildirir.

90-cı illərdə yenicə müstəqilliyini əldə etmiş Azərbaycana, sözün əsl mənasında bir dini axın var idi. Müxtəlif qüvvələr Azərbaycanda İslam dini adı altında Quran kursları, dini təhsil müəssisələri açaraq, ora tələbələr cəlb etməyə çalışırdılar. Bu qüvvələr, həmçinin Azərbaycan gənclərini dini təhsil almaq adı ilə xarici ölkələrə də aparırdılar. Təəssüflər olsun ki, dini təhsil adı altında gənclərin beyni yuyulur, Azərbaycan əleyhinə çalışan qüvvələrə çevrilirdilər. Azərbaycana qarşı dindən istifadə edərək, müxtəlif müdaxilələr hər zaman olub.

Bir deyim var: "zəif və cahil insanları əldə saxlamağın ən asan yolu dini duyğularından istifadədir. İnsanların dini baxışı ilə onlara təsir edir, inandırır, sonra da istədikləri kimi istifadə edirdilər. Bunun olmaması üçün dini təhsil ölkənin daxilində olmalı, zərərli qüvvələrin ölkədə din adı altında gördüyü bütün işlərə qadağa qoyulmalıdır.

Milli Məclisin deputatı Ceyhun Məmmədov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, ötən dövrə nəzər saldığımız zaman Azərbaycanda dini sahədə çox köklü şəkildə fərqli bir mənzərəyə şahid oluruq. Azərbaycan bu müddətdə bu prosesi qaydaya sala bildi. 90-cı illərlə müqayisədə bu gün fərq böyükdür və bu gün dövlət bu sahədə siyasətini uğurla davam etdirir. Ancaq bu proses elə prosesdir ki, bu bizdən hər zaman ayıq-sayıq və diqqətli olmağı tələb edir. Yəni aidiyyatı dövlət qurumları, strukturları ilə yanaşı böyük vəsaitlə təmin olunmuş müəyyən dini qruplaşmalar da fəal iş aparırlar. Bu gün gəncləri öz tərəflərinə çəkmək və onları müxtəlif dini ideologiyaların ardıcıllarına çevirmək üçün çox ciddi şəkildə çalışırlar”.

Ceyhun Məmmədov

Bu məsələnin dini təhsillə əlaqəsi haqda Ceyhun Məmmədov bildirib ki, bu gün Azərbaycan dövləti İlahiyyat İnstitutu və İlahiyyat kollecini yaradıb.

“Bu gün bu istiqamətdə dövlət bütün zəruri addımları və tədbirləri həyata keçirir. Amma bu da yetərli deyil. Bu sahə daha çox çalışmağı, daha çox tədbirlər həyata keçirməyi və daha çox ayıq-sayıq olmağı tələb edir”-deyən deputat vurğulayıb ki, bu gün bu problem o qədər də hiss olunmaya bilər. Amma gələcəkdə bu problemdən biz çox ciddi əziyyət çəkə bilərik.

“Bu səbəbdən də dövlət strukturlarının da üzərində böyük bir vəzifə var ki, biz bu sahədə çox çalışmalı və dini təhsilin səviyyəsini, keyfiyyətini və məzmununu inkişaf etdirməliyik. Gələcəkdə ciddi tendensiyaları, prosesləri müşahidə edə bilərik. Radikalizmlə çox ciddi mübarizə aparılmalıdır. Zərərli ideologiyalarla çox ciddi mübarizə aparılmalıdır. Xaricdə dini təhsilə qarşı çox ciddi addımlar atılmalıdır ki, biz gələcəkdə özümüzü bu cür hadisələrdən bacardığımız qədər sığortalaya bilək”-deyə deputat bildirib.

İradə Cəlil, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью