Bakivaxti portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Azərbaycanlı gənclərin xarici universitetlərdə təhsil alması və beynəlxalq təcrübə qazanması ölkənin insan kapitalının inkişafı baxımından mühüm əhəmiyyət daşıyır. Lakin xaricdə təhsilini başa vuraraq ölkəyə qayıdan məzunların bilik və bacarıqlarından nə dərəcədə istifadə olunması aktual məsələlərdən biri olaraq qalır.
Bunu təhsil eksperti Ramin Nurəliyev xaricdə təhsil alan azərbaycanlı gənclərin ölkəyə qayıtdıqdan sonra əmək fəaliyyətinə başlaması və əldə etdikləri təcrübəni Azərbaycanda tətbiq etməsi məsələsini Bakıvaxtı.az-a şərh edərkən deyib.
Onun sözlərinə görə, azərbaycanlı gənclərin xaricdə ali təhsil alması üç əsas istiqamət üzrə həyata keçirilir. Bunlardan birincisi Dövlət Proqramı çərçivəsində təhsildir. Bu zaman tələbələrin təhsil, nəqliyyat, qidalanma və digər xərcləri dövlət tərəfindən qarşılanır. Proqram iştirakçıları təhsillərini başa vurduqdan sonra müqavilə öhdəliklərinə uyğun olaraq Azərbaycana qayıdaraq müəyyən müddət dövlət qurumlarında çalışmalıdırlar.
R.Nurəliyev bildirib ki, ikinci istiqamət hökumətlərarası təqaüd proqramlarıdır. Bu proqramlar çərçivəsində Azərbaycan və xarici ölkələrin ali təhsil müəssisələri arasında razılaşmalar əsasında tələbələrə müxtəlif güzəştlər təqdim olunur. Bu güzəştlər təhsil haqqını, yataqxana xərclərini və digər ödənişləri əhatə edə bilər:
“Üçüncü istiqamət isə gənclərin şəxsi vəsaitləri hesabına xarici universitetlərdə təhsil almasıdır. Bu kateqoriyaya aid tələbələr bəzi hallarda universitetlərin, şirkətlərin və digər qurumların təqdim etdiyi təqaüdlərdən də yararlana bilirlər”.
Müsahibimiz xaricdə təhsil alan məzunların ölkəyə qayıdaraq öz bilik və təcrübələrini tətbiq etməsi məsələsinə də toxunub. Dövlət Proqramı iştirakçılarının ölkəyə qayıdaraq əmək fəaliyyəti göstərməsi müqavilə öhdəlikləri ilə tənzimlənsə də, digər proqramlar və şəxsi vəsait hesabına xaricdə oxuyan gənclərin geri dönüşü məsələsi daha mürəkkəbdir.
Ramin Nurəliyev: Hazırda ali təhsil müəssisələrində gənc alimlərə ehtiyac hiss olunur
Onun fikrincə, xaricdə təhsil alan gənclərin bir hissəsinin Azərbaycana qayıdaraq işləməkdə çətinlik çəkməsinin səbəblərindən biri xarici ölkələrdə gördükləri əmək şəraiti və iş mühiti ilə bağlıdır. Bu baxımdan həm dövlət qurumlarında, həm də özəl sektorda həmin məzunların potensialından daha səmərəli istifadə olunması üçün müvafiq addımlar atılmalıdır.
R.Nurəliyev xüsusilə magistratura və doktorantura təhsili alan gənclərin Azərbaycana qayıtmasının əhəmiyyətini vurğulayıb. O bildirib ki, hazırda ali təhsil müəssisələrində gənc alimlərə ehtiyac hiss olunur. Xaricdə elmi dərəcə əldə etmiş mütəxəssislərin Azərbaycan universitetlərində fəaliyyət göstərməsi həm beynəlxalq təcrübənin tətbiqinə, həm də yeni nəsil mütəxəssislərin yetişdirilməsinə töhfə verə bilər.
Ekspert bu istiqamətdə dövlət və özəl sektorun üzərinə mühüm vəzifələr düşdüyünü diqqətə çatdırıb. Xaricdə təhsil almış gənclərin ölkəyə cəlb edilməsi üçün onların əməkhaqqı məsələsinə xüsusi diqqət yetirilməli, müvafiq stimullaşdırıcı mexanizmlər və tənzimləmələr həyata keçirilməlidir.
R.Nurəliyev xaricdə təhsil alan gənclərə də çağırış edərək əldə etdikləri bilik və təcrübəni Azərbaycanda tətbiq etməyə səsləyib.
Zeynəb Rzayeva