Xaricdə yaşayan inanclı qardaşlarımız ölkəmizdə

08.09.2026

Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir.

Türkiyə, Gürcüstan və İraqdan gəlmiş din xadimi soydaşlarımızın səfəri davam edir

Milli-mənəvi dəyərlərimizin qorunması, xaricdə yaşayan soydaşlarımızın tarixi Vətənə bağlılığının möhkəmləndirilməsi, eləcə də Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması məqsədilə sentyabrın 6-dan Türkiyə, Gürcüstan və İraqda fəaliyyət göstərən azərbaycanlı din xadimlərindən ibarət nümayəndə heyəti Azərbaycanda səfərdədir.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı ilə keçirilən səfər “Zəfərin yolu: Qələbənin izi ilə” layihəsi çərçivəsində reallaşır. Səfərdə Türkiyə, Gürcüstan və İraqda fəaliyyət göstərən 50-yə yaxın azərbaycanlı din xadimi iştirak edir.
Səfər proqramının ilk mərhələsində qonaqlar Bakıda Zəfər parkı, Fəxri xiyaban, Şəhidlər xiyabanı, Türk Şəhidliyi abidəsi, Bibiheybət məscid-ziyarətgah kompleksi ilə də tanış olub. Nümayəndə heyəti Zəfər parkı haqqında ətraflı məlumatlandırılıb. Qeyd edilib ki, ərazisi 10 hektara yaxın olan parkın girişində 44 günlük Vətən müharibəsinin rəmzi olaraq hündürlüyü 44 metr, eni 22 metr, sütunlarının sayı isə 44 olan Zəfər tağı inşa edilib. Vurğulanıb ki, Zəfər parkı Azərbaycan xalqının Vətən müharibəsindəki qəhrəmanlığı və qazandığı tarixi Zəfərin əbədiləşdirilməsi məqsədilə yaradılıb.
Daha sonra nümayəndə heyəti Fəxri xiyabanı, ümummilli lider Heydər ­Əliyevin məzarını ziyarət edib, abidəsinin önünə gül dəstələri düzüblər. Bundan sonra Şəhidlər xiyabanına və “Türk Şəhidliyi” abidəsinin önünə gələn gələn azərbaycanlı din xadimləri burada qəhrəman Vətən övladlarının ruhuna dualar oxuyublar. Din xadimləri növbəti mərhələdə Azərbaycan İlahiyyat İnstitutunda olublar. Görüş zamanı dini-mənəvi dəyərlərin qorunması, milli kimliyin və həmrəyliyin gücləndirilməsi, xaricdə yaşayan soydaşlarımızla əlaqələrin inkişaf etdirilməsi, eləcə də Azərbaycanın tarixi, mədəni və dini irsinin təbliği ilə bağlı fikir mübadiləsi aparılıb.
Bu gün 3 ölkənin din xadimlərindən ibarət nümayəndə heyəti işğaldan azad edilmiş ərazilərə baş çəkib. Qonaqlar Şuşa, Xankəndi və Ağdam şəhərlərində yerləşən tarixi-dini abidələr, qədim ibadətgahlar və digər mədəni irs nümunələri ilə tanış olublar. Qeyd edək ki, “Zəfərin yolu: Qələbənin izi ilə” layihəsi çərçivəsində təşkil olunan səfər sentyabrın 10-da yekunlaşacaq.

Ləman TƏHMƏZ
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью