Xaricdəki pullar Azərbaycana qaytarılır YENİ QƏRAR

03.09.2026

Moderator.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə cərimə dəyişir, məsuliyyətdən azad edilmə halı olacaq. Bu, Prezident İlham Əliyevin təsdiqlədiyi İnzibati Xətalar Məcəlləsinə edilən dəyişiklikdə əksini tapıb. Dəyişikliyə əsasən, dispozisiyadan "az miqdarda" sözü çıxarılır, sanksiya azaldılır, inzibati məsuliyyətdən azat etmə halı müəyyənləşir. Sadə dillə desək, yeni dəyişiklik Azərbaycanda fəaliyyət göstərən şirkətlərin xaricdə əldə etdiyi valyuta vəsaitlərinin ölkəyə qaytarılması ilə bağlıdır. Məsələn, Azərbaycan şirkəti xaricə 1 milyon manatlıq məhsul satır. Xarici alıcı həmin vəsaiti şirkətin xaricdəki bank hesabına ödəyir. Qanunvericiliyə əsasən, bu pul müəyyən edilmiş qaydada Azərbaycandakı müvəkkil bankın hesabına köçürülməlidir. Əgər şirkət həmin vəsaiti xaricdə saxlayır və Azərbaycana qaytarmırsa, bu, inzibati xəta hesab olunur. Yeni dəyişikliklə bu pozuntuya görə cərimələr azaldılır. Əvvəllər 20 min manatadək xarici valyuta vəsaitinin qaytarılmamasına görə həmin vəsaitin dəyərinin 30-50 faizi həcmində cərimə tətbiq edilirdi. İndi isə vəzifəli şəxslər valyuta vəsaitinin 10-20 faizi, hüquqi şəxslər isə 20-30 faizi həcmində cərimələnəcəklər. Dəyişikliyin ən mühüm yeniliyi isə sahibkara sonradan vəziyyəti düzəltmək imkanı verilməsidir. Belə ki, inzibati xəta ilə bağlı məhkəmə və ya digər səlahiyyətli orqan qərar qəbul edənədək şirkət xaricdəki valyuta vəsaitini Azərbaycana qaytararsa, inzibati məsuliyyətdən tam azad ediləcək.

Məsələn, şirkətin xaricdə 100 min manat vəsaiti qalıb və bununla bağlı inzibati iş başlanıb. Şirkət qərar çıxarılana qədər həmin 100 min manatı Azərbaycandakı müvəkkil bank hesabına köçürərsə, cərimə ödəməkdən azad oluna bilər. Yəni yeni mexanizmin əsas məntiqi belədir: dövlət üçün əsas məqsəd sahibkarı cərimələmək deyil, xaricdə qalan valyutanın Azərbaycana qaytarılmasını təmin etməkdir. Bu dəyişiklik xarici ticarətlə məşğul olan şirkətlər üçün mühüm yumşalma hesab oluna bilər. Sahibkara pozuntunu aradan qaldırmaq üçün real imkan yaradılır: vəsaiti ölkəyə vaxtında qaytaran şirkət inzibati məsuliyyətdən qurtula bilər.

Bəs bu mexanizm xaricə valyuta axınının qarşısının alınmasına və ölkəyə valyuta daxilolmalarının artmasına real təsir göstərəcəkmi? Burada sui-istifadə riski varmı? Məsələn, şirkətlər vəsaiti uzun müddət xaricdə saxlayıb yalnız inzibati iş başlanandan sonra ölkəyə qaytarmaqla məsuliyyətdən yayınmağa çalışa bilərlərmi?

İqtisadçı Xalid Kərimli mövzu ilə bağlı Musavat.com-a fikrini bölüşüb. Onun sözlərinə görə, valyutanın tənzimlənməsi mexanizmi 2015-ci illərdən sonra tətbiq olunub: "Devalvasiyadan sonra bu addım valyutaya nəzarət, çirkli puların yuyulmasının qarşısının alınması və ölkədən vəsait axınının qarşısını almaq məqsədi daşıyıb.

Lakin bu sahədə çox ciddi sanksiyalar mövcuddur ki, bəzən bundan günahsız sahibkarlar da əziyyət çəkirlər. Məsələn, iş adamı malı müqavilə ilə satır, amma qarşı tərəfdən pulunu ala bilmir. Bu zaman bir tərəfdən vəsaitini itirmək təhlükəsi ilə üzləşir, digər tərəfdən isə dövlətə səmimi olduğunu, pulu niyə gətirə bilmədiyini sübut etməyə məcbur olur. Hazırda məhsulu öncədən 100 faiz ödənişlə satmaq və ya ixrac etmək çox çətindir. Adətən müəyyən faiz (məsələn, 30 faiz) qabaqcadan ödənilir. Sabah alıcı ödənişdə çətinlik çəkəndə və ya problem yarandıqda, dövlət ixracatçıya pulu ölkəyə gətirmədiyi üçün cərimə tətbiq edir. Bu da ixrac risklərini artırır və iş adamı üçün əlavə çətinlik yaradır. Çünki qeyri-neft məhsulları neft kimi deyil ki, alıcı mütləq öncədən tam ödəniş etməyə razılaşsın".

İqtisadçı qeyd edir ki, əgər qeyri-neft ixracını dəstəkləmək istəyiriksə, bu sahədə yumşalmalara zəruri ehtiyac var idi: "Bu dəyişikliklərin hətta stimullaşdırıcı formaya keçdiyini demək olar. Məsələn, pul gecikdikdə və ya sonradan alındıqda cərimənin ümumiyyətlə tətbiq edilməməsi valyuta daxilolmalarına müsbət təsir göstərəcək. Çünki əvvəlki sərt sanksiyalar sahibkarın risk edib ixrac həyata keçirmək imkanlarını məhdudlaşdırırdı. Sözsüz ki, bu, qəsdən pulu ölkədən yayındıranlara şamil olunmamalıdır, lakin dürüst sahibkarlar üçün ciddi problem yaradırdı. Müəyyən səbəblərdən ödəniş gecikəndə proses başağrısına çevrilirdi. İndiki halda isə daha çevik yanaşma tətbiq olunacaq, sahibkarı başa düşəcəklər, pulun ölkəyə gətirilməsi təmin edildikdə güzəşt olunacaq və cərimələr ləğv ediləcək. Bu yumşalmanın xaricə valyuta axınını stimullaşdıracağını düşünmürəm. Çünki cərimələr və pulun ölkəyə gətirilməsi tələbi, kapitalın qanunsuz çıxarılmasının qarşısını alan mexanizmlər yenə də qalır. Sadəcə olaraq sahibkarla anlaşıqlı dialoq imkanı yaradılır".

Sui-istifadə riskinə gəlincə, Xalid Kərimli bildirib ki, bu risk hər zaman və hər bir sistemdə mövcuddur: "Kimlərsə inzibati məhkəmə proseslərini uzadaraq hesabı saxlayıb, vəsaiti sonra gətirməyə cəhd edə bilər. Lakin qeyri-neft ixracı ilə məşğul olan sahibkarların sayı, strukturu və fəaliyyəti bəllidir. Bir dəfəlik hiyləyə əl atanlar tezliklə nəzarət mexanizminin diqqətini çəkəcəklər. Əsas məsələ odur ki, ixrac istiqamətində sahibkarlara mane olan bütün amillər aradan qaldırılmalıdır. Sərt sanksiyalarla effekti nəticə əldə etmək mümkün deyil. İndiki yumşalma mexanizmi ləğv etmir, sadəcə çeviklik yaradır və sahibkarlara inzibati xətaları aradan qaldırmaq üçün imkan tanıyır. Xaricdə pulu saxlayıb orada dövriyyə etməklə 20-30 faiz gəlir əldə etmək kimi bir imkan və ya gəlirlilik də yoxdur ki, kimsə cəriməni gözə alıb bu riski etsin".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью