Xaricdən maşın gətirmək əvvəlki kimi asan deyil Ekspertdən AÇIQLAMA

19.10.2026

Azxeber.com saytından alınan məlumata görə, Icma.az bildirir.

Son dövrlər Azərbaycana xaricdən gətirilən avtomobillərin sayında azalma müşahidə olunur.

Belə ki, ötən ilin eyni dövrü ilə müqayisədə ölkəyə gətirilən avtomobillərin sayı 33 faiz azalıb.

Avtomobil idxalında azalmanın səbəbləri, qlobal logistika problemləri və daşınma xərclərinin artması bazardakı vəziyyətlə bağlı suallar yaradır.

Mövzu ilə bağlı AZXEBER.COM-a danışan nəqliyyat eksperti Raqif Raufoğlu bildirib ki, avtomobil idxalının azalmasının əsas səbəblərindən biri bu il güzəştlərin ləğv olunması fonunda sifarişlərin azalmasıdır:

"Əsas səbəb bu il güzəştlərin ləğv olunması fonunda sifarişlərin azalmasıdır. Ötən il ölkəyə kifayət qədər çox avtomobil gətirilib və hazırda bazarın tələbatının bir hissəsi həmin avtomobillər hesabına qarşılanır. Lakin indi bu amillərlə yanaşı, başqa problemlər də ortaya çıxıb.

Qlobal logistika sahəsində yaranan çətinliklər, yanacaq böhranı, Hörmüz boğazı ətrafındakı vəziyyət və digər geosiyasi amillər daşımaların gecikməsinə səbəb olur. Bəzi şirkətlər isə fəaliyyətlərini dayandırmağa məcbur qalırlar”.

 

Ekspertin sözlərinə görə, Çində yaranan çətinliklər və daşınma marşrutlarındakı problemlər də avtomobil idxalına təsir göstərir:

"Çində də şərtlər çətinləşib. Subsidiyaların artırılması və daşınma marşrutlarında yaranan problemlər prosesi daha da mürəkkəbləşdirib. Əvvəllər avtomobillərin bir hissəsi quru yolu ilə, əsasən Rusiya üzərindən daşınırdı. Lakin hazırda bu marşrutda da yanacaq böhranı ilə əlaqədar müəyyən çətinliklər müşahidə olunur”.

R. Raufoğlu qeyd edib ki, logistika sahəsindəki problemlər həm avtomobillərin, həm də daşınma xidmətlərinin qiymətinin artmasına gətirib çıxarıb:

"Bütün bunlar həm avtomobillərin, həm də daşınma xidmətlərinin qiymətinin artmasına səbəb olub. Hazırda bazarda əvvəlki illərdə idxal edilmiş avtomobillər üstünlük təşkil edir. Logistika zəncirindəki problemlər aradan qalxarsa, avtomobil idxalında yenidən artım müşahidə oluna bilər. Bu çətinliklər təkcə Çin bazarından gətirilən avtomobillərə aid deyil. Dünyanın müxtəlif ölkələrindən daşınan yüklərdə də qiymət artımı və gecikmələr qeydə alınır”.

Fəridə Əsədzadə

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью