Xaricə satdığımız meyvə tərəvəzdən qazancımız artıb

27.11.2026

Icma.az, Cebheinfo portalına istinadən məlumat yayır.

2026-cı ilin yanvar-oktyabr aylarında Azərbaycandan 140 milyon 37 min ABŞ dolları dəyərində 14 min 576 ton meşə fındığı ixrac edilib.

Eyni dövrdə 19 milyon 851 min ABŞ dolları dəyərində 17 min 324 ton nar xarici bazarlara göndərilib.

Fındıq və narla yanaşı, xurma, heyva, alma və digər mövsümi meyvələr də Azərbaycanın aqrar ixracında mühüm yer tutur.

Payız mövsümündə bu məhsulların ixrac həcmi və ölkəyə qazandırdığı gəlir aqrar sektorun imkanlarını qiymətləndirmək baxımından xüsusi maraq doğurur. 

Bəs 2026-cı ilin payız mövsümündə Azərbaycandan nə qədər meyvə ixrac edilib və bu, nə qədər gəlir gətirib?

Liberal İqtisadçılar Mərkəzinin sədri, iqtisadçı-ekspert Akif Nasirli “Cebheinfo.az”-a bildirib ki, bu rəqəmlər yalnız payız aylarına aid deyil:

“Yanvar-oktyabr yəni ilin ilk 10 ayının rəqəmidir. Payız meyvələri yaydan yığılıb saxlanılır və ilboyu satılır. Ona görə Gömrük Komitəsi onları aylıq yox, ümumi dövrlə verir.

Əgər bütün meyvə-tərəvəzi götürsək, həmin 10 ayda Azərbaycandan 620 min 580 ton meyvə-tərəvəz gedib və 751 milyon 603 min dollar gəlir gətirib.
Ötən illə müqayisədə çəki 6 faiz azalıb, amma pul 8,1 faiz artıb. Yəni az məhsul satmışıq, amma daha baha satmışıq.

İkinci sualına gəlincə, bəli, payız meyvələri Azərbaycanda çox yaxşı yetişir. Buna səbəb ölkəmizin iqliminin müxtəlif olmasıdır.

Azərbaycanda 11 iqlim zonasından 9-u var. Ona görə eyni vaxtda həm dağda, həm aranda, həm də subtropik zonada fərqli meyvə yetişir.

Məsələn, fındıq əsasən Zaqatala, Balakən, Qax, Qəbələ və Oğuzda yetişir. Azərbaycan dünyada fındıq istehsalına görə 6-cı yerdədir.

Nar əsasən Göyçayda, eləcə də Şirvan və Qarabağ zonasında yetişir və Göyçay narı dünyada tanınır.

Alma əsasən Quba, Qusar, Göygöl və Şəkidə, xurma əsasən Göyçay və Ağdaşda, armud, heyva, əzgil, şabalıd isə əsasən dağətəyi rayonlarda yaxşı olur.

Problem meyvənin yetişməsində deyil, daha çox saxlanmasında və satışındadır. Bəzi illər yaz şaxtası, dolu, payız yağışı məhsulu vurur.

Soyuducu anbar azdır, qablaşdırma və çeşidləmə zəifdir. Ona görə bəzən fermer məhsulu ucuz satır, bazarda isə qiymət qalxır”.

İqtisadçı qeyd edib ki, amma ümumilikdə götürsək, Azərbaycan payız meyvələri üçün çox əlverişli ölkədir və fındıqla nar kimi məhsullar artıq əsas ixrac məhsullarımıza çevrilib.

Aişə
“Cebheinfo.az”

Açar sözlər: meyvə-tərəvəz Akif Nəsirli

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью