Xarici dəstək olmadan, Ukraynanın Rusiya qarşısında dirəniş göstərməsi mümkünsüz görünür

10.04.2025

Bizimyol saytına istinadən Icma.az xəbər verir.

Aprelin 9-da ADA Universitetində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib. Forumda ölkə başçısı İlham Əliyev çox maraqlı məqamlara toxunub. Prezident qeyd edib: "Bizim Rusiya-Ukrayna müharibəsi ilə bağlı mövqeyimiz bundan ibarətdir ki, biz Ukraynanın ərazi bütövlüyü və suverenliyini dəstəkləyirik. Özümüz işğaldan əziyyət çəkən ölkə olmuşuq. İlham Əliyev hesab edir ki, yaxın gələcəkdə Rusiya ilə Ukrayna arasında sülh perspektivi görünmür. Rusiya işğal edilmiş əraziləri öz ərazisinin bir parçası elan edib. Onlar buradan necə geri çəkiləcək? Bütün dünya hesab edir ki, bu ərazi Ukraynanındır. Azərbaycan da belə hesab edir. O zaman Ukrayna necə bu ərazini qurban verə bilər?"

Milli Məclisin deputatı Nəsib Məhəməliyev Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Rusiya-Ukrayna müharibəsi ilə bağlı Prezident İlham Əliyevin mövqeyi mövcud reallıqları əks etdirir və beynəlxalq hüquqa əsaslanır. Deputat qeyd edib ki, münaqişə nəticəsində Rusiya faktiki olaraq, Ukraynanın BMT tərəfindən tanınmış bəzi ərazilərini ələ keçirib və işğal etdiyi vilayətləri öz ərazisi kimi elan edib: “Həmin ərazilər, heç bir dövlət tərəfindən Rusiyanın ərazisi olaraq tanınmır. Azərbaycan da bu ölkələrin sırasındadır. Uzun illər erməni işğalından əziyyət çəkən ölkə olaraq, biz hər zaman selektiv yanaşmanı yox, prinsipləri müdafiə etmişik”.

Nəsib Məhəməliyev

Nəsib Məhəməliyev vurğulayıb ki, ABŞ-da yeni administrasiya fəaliyyətə başladığı gündən Ukraynaya yönəlik fərqli siyasət aparılır: “Təbii ki, əvvəlki xarici dəstək olmadan, Ukraynanın Rusiya qarşısında dirəniş göstərməsi mümkünsüz görünür. Deməli, yaxın zamanda iki ölkə arasında sülhün əldə olunması perspektivi yoxdur”.

Deputat hesab edir ki, Ukrayna sülhün əldə olunması üçün müəyyən ərazi itkiləri ilə barışmalı olacaq: “Digər bir variant, Azərbaycanın təcrübəsindən yararlanmaqdır. Atəşkəs haqqında müqavilə imzalanır və münaqişənin həlli gələcək zamana buraxılır. Təbii ki, Rusiya tərəfinin razılığı olarsa. Əks təqdirdə, hər iki tərəfi böyük itkilər gözləyir”.

İradə Cəlil, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью