Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bakı, 29 yanvar, P.Qafarova, AZƏRTAC
Xarici dil imtahanının doktorantlar üçün tələb olunması sadəcə formal prosedur deyil, bu onların elmi fəaliyyətini uğurla davam etdirməsi üçün vacibdir.
Bu barədə AZƏRTAC-a açıqlamasında ABŞ-ın nüfuzlu Corc Vaşinqton Universitetinin (CVU) Ali Təhsil və İnsan İnkişafı Məktəbinin məzunu, Azərbaycanda ilk hibrid təhsil sistemi təklif edən “Lighthouse Consulting & Training” şirkətinin təsisçisi Elnur Axundov deyib.
Elnur Axundov bildirib ki, xarici dil bilikləri doktorantlara elmi məqalələri oxumaq, beynəlxalq platformalarda fikir mübadiləsi aparmaq və tədqiqat nəticələrini təqdim etmək imkanı verir.
“Başqa sözlə, dil bilikləri doktorantlıq fəaliyyətinin ayrılmaz və zəruri hissəsidir. Eyni zamanda, biz artıq qəbul etməliyik ki, insanların öyrənmə tələbləri və öyrənmə üsulları köklü şəkildə dəyişib. İnsanların gündəlik həyatı çox sıx və zamanları məhduddur, buna görə də öyrənmə də onların tempinə uyğunlaşmalıdır. Bu yalnız texnologiya vasitəsilə mümkündür, öyrənmə idarəetmə sistemləri (LMS) kimi platformalar bu təcrübəsini həm tələbənin, həm də təlim təminatçısının ehtiyaclarına uyğun fərdiləşdirməyə imkan verir, öyrənməni çevik və effektiv edir”, - deyə E.Axundov vurğulayıb.
Hazırda Azərbaycanda elmi səviyyədə xarici dil bacarıqlarını inkişaf etdirməyə yönəlmiş sistemli və fərdiləşdirilmiş rəqəmsal öyrənmə (e-learning) həllərinin kifayət qədər olmadığını qeyd edən Elnur Axundov bildirib ki, “Lighthouse Consulting and Training” məhz bu boşluğu doldurmağa çalışır, müasir rəqəmsal öyrənmə (e-learning) məhsulları və öyrənmə idarəetmə sistemləri (LMS) vasitəsilə yerli təlim təminatçılarını və tədris mərkəzlərini dəstəkləyir: “Onlara öz təlim məhsullarını yaratmaq və ya mövcud təlim praktikasını, məhsullarını hibrid və onlayn modellərə çevirməkdə texnoloji kömək göstəririk ki, bu da doktorantlar və digər peşəkarlar üçün təhsili daha əlçatan və çevik edir”.