Xarici dil öyrənənlər niyə sərbəst danışa bilmirlər?

09.11.2026

Icma.az, Azvision portalına istinadən məlumat yayır.

- Şagirdlərin sərbəst danışa bilməməsinin əsas səbəblərindən biri söz ehtiyatının böyük hissəsinin passiv xarakter daşımasıdır. Yəni onlar sözləri oxuyarkən və ya eşidərkən tanıyır, lakin danışıq zamanı müstəqil şəkildə istifadə etməkdə çətinlik çəkirlər. Şagirdlərin öyrəndikləri dili gündəlik ünsiyyətdə tətbiq edə biləcəkləri mühitin məhdudluğu, dərslərdə dinləmə materiallarından kifayət qədər istifadə edilməməsi və səhv etmək qorxusu da mühüm amillərdəndir. Bir çox hallarda dərslər canlı ünsiyyət əvəzinə qaydaların əzbərlənməsi və test tapşırıqlarının həlli üzərində qurulur. Müəllim şagirdləri yalnız qaydaları mənimsəməyə deyil, dili praktik şəkildə istifadə etməyə də istiqamətləndirməlidir,- o bildirib.
Metodistin sözlərinə görə, qrammatika və yazı qaydalarına həddindən artıq üstünlük verilməsi danışıq bacarığının inkişafına mənfi təsir göstərir. Şagird danışarkən fikrini ifadə etmək əvəzinə, beynində qaydaları və cümlə strukturunu qurmağa çalışır. Bu da nitqin axıcılığını pozur. Tədris prosesində dinləmə və danışıq bacarıqlarına daha çox yer ayrılmalıdır. Dil öyrənilməsi dörd əsas bacarıq üzərində qurulur və onların təbii ardıcıllığı dinləmə, danışıq, oxu və yazı şəklindədir. İnsan ana dilini də ilk növbədə eşidərək və danışaraq mənimsəyir.

“Mənim fikrimcə, dərs vaxtının ən azı 60-70 faizi dinləmə və danışıq fəaliyyətlərinə ayrılmalıdır. Qrammatik qaydalar isə təcrid olunmuş şəkildə deyil, real situasiyalar vasitəsilə öyrədilməlidir”,- . Hüzurə Ağayeva “Azərtac”a deyib.
O vurğulayıb ki, tədris qrammatik qaydaların əzbərlənməsinə deyil, kommunikasiyaya əsaslanmalıdır. Xarici dilin mənimsənilməsi yalnız məktəb və ya kurs çərçivəsində baş verən proses deyil. Məktəb dərsləri ilə yanaşı, ailə mühiti, rəqəmsal resurslar və gündəlik ünsiyyət də dil bacarıqlarının inkişafına kömək edir. Filmlər və podkastlar real danışıq dilini, müxtəlif aksentləri və tələffüz formalarını eşitmək imkanı yaradır. Rəqəmsal tətbiqlər və interaktiv oyunlar isə öyrənmə prosesini maraqlı edir, söz ehtiyatının genişlənməsinə və yeni ifadələrin yadda saxlanılmasına kömək göstərir.
- Söz ehtiyatı dilin kərpicləri, qrammatika isə həmin kərpicləri bir arada saxlayan sementdir. Biri olmadan digərinin funksional istifadəsi mümkün deyil. İlkin mərhələdə söz ehtiyatının formalaşdırılması xüsusi əhəmiyyət daşıyır. Çünki insan kifayət qədər söz bilmədikdə fikrini ifadə etməkdə çətinlik çəkir. Qrammatik səhvlərlə danışsa belə, müəyyən sözlər vasitəsilə fikrini qarşı tərəfə çatdıra bilər. Bu baxımdan, dil öyrənməyə başlayan gənclər ilk növbədə söz bazasını genişləndirməyə diqqət yetirməlidirlər. Lakin dil səviyyəsi yüksəldikcə qrammatik biliklər də fikrin daha dəqiq və məntiqli ifadəsi üçün vacib olur. Sözləri ayrı-ayrılıqda və mexaniki şəkildə əzbərləmək lazım deyil. Onları cümlələr və ifadələr daxilində, müəyyən kontekstdə öyrənmək daha səmərəlidir. Öyrənilən dildə danışmaqdan çəkinməmək və səhvləri inkişaf prosesinin təbii hissəsi kimi qəbul etməkdir,- metodist fikirlərini tamamlayıb.
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью