Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bakı, 28 noyabr, AZƏRTAC Dekabrın 1-də Dövlət İmtahan Mərkəzi (DİM) Bakı və Naxçıvan şəhərlərində doktorantura, dissertantura və adyunkturada təhsil alan və ya təhsilini bitirmiş iddiaçılar üçün xarici dillər üzrə fəlsəfə doktoru imtahanı keçirəcək.
DİM-dən AZƏRTAC-a bildirilib ki, imtahanda 207 nəfərin iştirakı nəzərdə tutulur. İmtahan saat 11:00-da başlanacaq.
Saat 10:45-də buraxılış rejimi başa çatacaq. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmayacaqlar.
İddiaçılar imtahana aşağıda qeyd olunan sənədləri gətirməlidirlər: - Şəxsiyyəti təsdiq edən sənədin əsli; - İmtahana buraxılış vərəqəsi.
İmtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır. İmtahanın müddəti 2 saat 30 dəqiqədir.
İmtahan müddətinin ilk 1 saat 30 dəqiqəsi test tapşırıqlarının cavablandırılmasına, sonrakı 1 saatı isə yazılı tapşırıqların yerinə yetirilməsinə (esse və vizual məlumatın yazılı təsviri üçün) ayrılır.
İmtahanın keçirilməsi üçün ümumilikdə 2 imtahan binası, 3 imtahan rəhbəri, 2 ümumi imtahan rəhbəri, 19 nəzarətçi, 3 buraxılış rejimi əməkdaşı (mühafizə) ayrılıb.