Xarici ekspertlər “Sabah”ın oyununa proqnoz verdilər

04.11.2026

Icma.az bildirir, Idman.biz saytına əsaslanaraq.

UEFA Çempionlar Liqasının əsas mərhələsinin dördüncü turunda keçiriləcək “Vikinq” - “Sabah” qarşılaşması xarici futbol təhlil platformalarının diqqət mərkəzindədir. Oyunun mümkün nəticəsi ilə bağlı açıqlanan proqnozlarda əsasən Norveç təmsilçisinə üstünlük verilir. Bununla belə, bütün hesab proqnozlarında Azərbaycan klubunun qol vuracağı gözlənilir.

İdman.Biz xəbər verir ki, İngiltərənin “Sports Mole” nəşri qarşılaşmanın 2:2 hesablı heç-heçə ilə başa çatacağını proqnozlaşdırıb. Nəşrin mütəxəssisləri hər iki komandanın hücum futbolu nümayiş etdirəcəyini və yekunda xalları bölüşəcəyini düşünürlər.

Maraqlıdır ki, “Sports Mole” qarşılaşmaya həsr etdiyi təhlil məqaləsini “Sabah”ın futbolçusu Timoteuş Puxaçın fotosu ilə təqdim edib.

Digər Britaniya platforması “Squawka” isə “Vikinq”in 2:1 hesablı qələbəsini gözləyir. Saytın hesablamalarına əsasən, meydan sahiblərinin qalib gəlmək ehtimalı 50, heç-heçə 21, “Sabah”ın qələbəsi isə 29 faizdir. Hər iki komandanın qol vurması ehtimalı 73, görüşdə ən azı üç qolun qeydə alınması ehtimalı isə 75 faiz qiymətləndirilir.

Futbol qarşılaşmalarının nəticələrini riyazi alqoritmlər əsasında proqnozlaşdıran “Forebet” platforması da 2:1 hesabını önə çıxarıb. Saytın statistik modelinə əsasən, “Vikinq”in qələbə ehtimalı 39, heç-heçə 36, “Sabah”ın qalib gəlmək şansı isə 25 faiz qiymətləndirilir. Görüşdə 2,5-dən çox qol vurulması ehtimalı 74 faiz göstərilir.

“Betimate” platformasının proqnozu da Norveç klubunun 2:1 hesablı qələbəsidir. Onun statistik modelində meydan sahiblərinin qalib gəlmək ehtimalı 59 faiz, görüşdə ən azı üç qolun vurulması ehtimalı isə 69,1 faiz göstərilir.

“Football-Stats” platformasının hesablamalarında da 2:1 ən yüksək ehtimallı dəqiq hesabdır. Lakin bu nəticənin reallaşma ehtimalı cəmi 9,4 faiz qiymətləndirilir. Saytın əsas proqnozu isə hər iki komandanın qol vurmasıdır. Platforma bu ehtimalı təxminən 62 faiz hesablayır.

“FootballPredictions.bet” də 2:1 hesabını ən mümkün nəticə kimi göstərir. Sayt “Vikinq”in qələbə ehtimalını 47, heç-heçəni 20, “Sabah”ın qalib gəlmək şansını isə 33 faiz qiymətləndirir. Bununla belə, platforma proqnozun etibarlılıq səviyyəsinin aşağı olduğunu qeyd edir.

Beləliklə, dəqiq hesab açıqlayan altı xarici platformadan beşi “Vikinq”in 2:1 hesablı qələbəsini, biri isə 2:2 hesablı heç-heçəni proqnozlaşdırıb. Bütün bu variantlarda “Sabah”ın rəqib qapısına yol tapacağı gözlənilir.

Qeyd edək ki, “Vikinq” - “Sabah” qarşılaşması bu gün Norveçin Stavanger şəhərində keçiriləcək.

İdman.Biz
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью