Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Bakı, 19 noyabr, AZƏRTAC Noyabrın 19-də Medianın İnkişafı Agentliyi və COP29 Əməliyyat Şirkətinin birgə təşkilatçılığı ilə xarici media nümayəndələri üçün Şamaxıya mediatur təşkil olunub.
AZƏRTAC xəbər verir ki, qonaqlar mediatura XV əsrə aid unikal ikimərtəbəli “Diri Baba” türbəsindən başlayıblar.
Qeyd olunub ki, Şirvanşah hökmdarı I İbrahimin əmri ilə tikilən “Diri Baba” türbəsi dövlət mühafizəsinə götürülmüş ölkə əhəmiyyətli memarlıq abidəsidir.
Tikilən türbənin bir hissəsi qaya içərisində yerləşdiyindən Qafqazın ən nadir abidələrindən hesab olunur.
Yaxınlıqda yerləşən süni şəkildə yaradılmış bir neçə mağara, kahalar, orta əsrlərə aid qəbiristanlıq və abidənin ümumi təbii ətraf mühiti bütövlükdə mədəni məzmun əmələ gətirərək ümumi tarixi landşaft formalaşdırır.
Sonra jurnalistlər çoxəsrlik dəmirçilik ənənələri ilə zəngin olan Dəmirçilər kəndini ziyarət edərək kəndin tarixi ilə bağlı ətraflı məlumat alıb.
Vurğulanıb ki, Dəmirçi Şamaxının ən qədim kəndlərindən biridir və onun tarixi XV əsrə gedib çıxır.