Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Vətən müharibəsi xalqımızın igid oğullarının qəhrəmanlıqları ilə yadda qaldı. Belə igidlərdən də biri Silahlı Qüvvələrin kapitanı, şəhid Samid Əsgərovdur.
Əsgərov Samid Gülmalı oğlu 1989-cu il oktyabr ayının 12-də Neftçala rayonunun Boyat kəndində doğulub. 2005-ci ildə Elton Həbibov adına 4 saylı tam orta məktəbi bitirdikdən sonra Cəmşid Naxçıvanski adına hərbi liseyə qəbul olub və 2008-ci ildə həmin liseyi bitirərək Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə qəbul olub. 2012-ci ildə həmin məktəbi qoşun kəşfiyyatı ixtisası üzrə bitirib.
Ali məktəbi bitirdikdən sonra peşəkar hərbçi kimi xidmətə başlayıb. Müxtəlif hərbi vəzifələrdə xidmət edən edən S.Əsgərov oxuduğu və işlədiyi müddətdə bir sıra diplom və sertifikatlarla təltif olunub. Məktəbi bitirdikdə “ Leytenant “ hərbi rütbəsi verilib və 2012-ci ilin iyul ayının 26-da təhsilinı davam etdirmək üşün Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinə göndərilib. 2013-cü ilin iyul ayının 23-də kursu bitirib və Müdafiə Nazirinin əmrinə əsasən 190 saylı hərbi hissəyə göndərilib.
N saylı hərbi hissənin 4-cü motoatıcı taborunun qərargah bölüyünün kəşfiyyat taqım komandiri, N saylı hərbi hissənin 1-ci motoatıcı taborunun kəşfiyyat taqım komandiri, elə bu hərbi hissənin kəşfiyyat bölüyünün bölük komandiri vəzifəsinə təyin olunub. Daha sonra N saylı hərbi hissədə kəşfiyyat bölmə rəisinin kəşfiyyatın planlaşdırılması üzrə köməkçisi vəzifəsinə təyin olunub. Oxuduğu və işlədiyi müddətdə müxtəlif diplom və sertifikatlarla təltif olunub.
24 iyun 2013-cü ildə "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi", 26 iyun 2018-ci ildə "Azərbaycan ordusunun 100 illiyi" Yubiley medalları və 26 iyun 2019-cu ildə isə "Qüsursuz Xidmətə Görə" 3-cü dərəcəli medalı ilə təltif edilib.
Şəhid kapitan Əsgərov Samid Gülmalı oğlu 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzuli rayonu, Seyidəhmədli kəndi istiqamətində döyüşə başlayır. Düşmənin keçilməz səddinin yarılmasında Samid böyük qəhrəmanlıq göstərir. Hərəkatın adı isə Milli Qəhrəman "Polad Həşimovun" adına uyğun olaraq Polad Həşimov hərəkatı adlandırılıb. Ağır döyüşlər zamanı Samid Əsgərov qəlpə yarası almasına baxmayaraq döyüşü davam edir. Yenidən düşmən tərəfindən atılan minaatan vasitəsilə Samid Əsgərov növbəti zərbəni alır və döyüş meydanında qəhrəmancasına şəhidlik zirvəsinə ucalır. 3 oktyabr 2020-ci il tarixində Neftçala rayon qəbirstanlığında dəfn olunub. Kənan adlı bir oğlu Vətən əmanətidir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən ölümündən sonra "Vətən uğrunda" və "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilib.
Samid Əsgərov kimi qorxmaz zabitlər Azərbaycan əsgərinin gücünü, şücaətini və Vətənə olan sədaqətini bütün dünyaya sübut etdilər.
Şəhidimizin əziz xatirəsi hər zaman qəlbimizdə yaşayacaqdır!
Müşfiq MİRZƏ
XQ