Xatunluqdan qara çarşaba... Dr. Kəmalə Ələkbərova yazır

21.10.2026

Icma.az, Bakivaxti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Türklərin tarixində, mədəniyyətində və elm həyatında qadınların rolu danılmazdır. Türk qadını əsrlərlə kişiləri ilə yanaşı, çiyin-çiyinə at minib, savaş meydanlarında qəhrəmanlıq göstərib.

Bu gün özünü “sivil”, “mədəni” adlandıran Avropada qadınlar ikinci dərəcəli insan kimi qəbul edilərkən, “cadugər” adı ilə edam edilərkən, Şərqdə qadınlara heyvanlardan belə aşağı davranılarkən, qız uşaqları diri-diri basdırılarkən türklərdə qadın “xatun” idi, “bəyim” idi, “xanım” idi. Azərbaycan dilində qədim zamanlardan qadınlara xüsusi müraciət formalarının olması da təsadüfi deyildir. Əvvəllər 15 yaşına qədər olan qızlara “banu”, 15-35 yaş arası qız və qadınlara “bəyim”, 35-55 yaş arası qadınlara “xanım”, 55-75 yaş arası qadınlara “xatun”, 75 yaşdan yuxarı olanlara isə “xanım-xatun” deyilib. Avropa və bir çox Şərq dillərindən fərqli olaraq türk dillərinin heç birində qadın və kişi cinslərini ayıran qrammatik kateqoriyanın olmaması da qədim zamanlardan türklərin qadınlarına verdiyi yüksək dəyərin sübutu və göstəricisidir.

Son vaxtlar onsuz da çalxalanan regionumuzda problem azmış kimi indi də hicab məsələsi çıxdı. Mənim nənələrim, xalam, bibim - bütün Azərbaycan qadınları kimi başlarını örtərdilər. Bu, daha çox hörmət, abır-həya əlaməti olan mənəvi örtü, qədim türk ənənəsi idi. Burada heç bir məcburiyyətdən də söz gedə bilməzdi. Məktəblərdə vahid forma qərarından sonra yaranan sabotaj bu qərarın nə qədər vacib olduğunu göstərdi. Biz dinimizi də dövlətimiz və dilimiz qədər sevirik.  Dövlətimizin dini islam olsa da, bir islam dövləti deyilik. Regionumuzda casus şəbəkəsi quraraq at oynatmaq istəyən din dövləti olan qonşumuzun çadraya, qatı din qayda-qanunlarına qarşı çıxan öz xalqına necə divan tutuğunu bütün dünya bilir.  Xalq olaraq biz dövlətimizin bu qərarını dəstəkləyirik.

Mən sosial mediadan dövlətin qərarına etiraz edən insanların etirazlarını araşdırdım. Təəssüf ki, etiraz edənlər arasında sözü ilə əməli arasında uyğunluq olmayan az deyil. Başıaçıqların ərlərini təhqir edən o dindar qadın namaz qılsaydı yəqin ki, tatu etdirməzdi. Bunu həmçinin dodaqları şişmə, kirpiyi taxma, qaşları tatulu olan hicablı “dindar” bacımıza da aid etmək olar. “İmanın və pulun kimdə olduğu bilinməz” deyə bir türk atalar sözü var. Hər kəs inancını öz daxilində və əməlində yaşatmalıdır. Dinini ürəkdən sevən insan onu başqalarına da sevdirməlidir. Bu gün “kafirlər” uçan avtomobil yaradarkən, təəssüf ki, islam aləmi son bir neçə əsrdə mənasız səbəblərə görə din qardaşlarının qanını tökməklə məşğuldur. “Elm çində də olsa, onun dalınca gedin” deyən peyğəmbərin yolunda getdiklərini iddia edənlər sanki islamı gözdən salma yarışına giriblər.

Hicablı qadına yaxasının sonuncu düyməsinə qədər bağlı, topuğundan bir qarış yuxarı, ciddi geyimli müəllimi təhqir etmək, məktəblərdə kişi mühafizələrə əl qaldırmaq, söyüş söymək yaraşarmı?! İbtidai sinifdə və ya yuxarı siniflərdə oxuyan13-17 yaşlı qızların üzərində valideynlərin təsiri təbiidir. Hələ bəzi “məktəbli” qızların həyasızlığını görəndə adamın əli üzündə qalır. Təəssüf ki, onların videoları düşmən media tərəfindən tirajlanır.

Dövlətinə etiraz edənlər yüzlərlə şəhidimizin qanının səbəbkarının təsiri altında olduqları dövlətin vicdanında olduğunu unudub şəhid ailələrini məkrli siyasətlərinə alət etməsinlər. Bizim üçün şimal kimi cənubumuzdan da gələn təsir təhlükəlidir. Dini radikalizmin fəsad verdiyi, əhalisinin Avropa ölkələrinə can atdığı dövlətlər də bir zamanlar inkişaf etməkdə olan mütərəqqi düşüncəli ölkələr idi. Dövlət başçımızın “Bizim ideoloji məkanımız yad ünsürlərdən, yad təsirlərdən azad olmalıdır. Bu, eyni zamanda xarici siyasət strategiyamızdır” sözlərini bir ziyalı kimi sonuna qədər dəstəkləyirik!

Bizdən başqa digər türk ölkələrində  hicablıları nəinki təhsil, digər dövlət qurumlarında işə götürmürlər. Qazaxıstanda hicab 2016-cı, Qırğızıstanda 2025-ci ildən üzü tamamən bağlamaq,  Hətta İranın yaxın qonşusu, farsdilli ölkə olan Tacikistanda 2024-cü ilin iyun ayından qadağan edərək qadağanı pozanları cərimələyir. O ölkələr bənzəri və hətta daha qatı qərarlar qəbul edərkən bu gün bizi “qardaşlıqdan silənlər” niyə dinmədilər?!. Və ya hələ də Türküstanda əzilən, hüquqları, dinləri tapdanan dil-din qardaşlarımıza niyə bu qədər “qahmar” çıxan yoxdur?! Hətta Türkiyənin lap qulağının dibində olan “yavru vətən” – Şimali Kipr Türk Respublikasında da ümumtəhsil müəssisələrində hicap qadağandır. Buna nə deyirsiniz? 

Məhəmməd Peyğəmbər “Elm hər bir müsəlmana, istər kişi olsun, istər qadın vacıbdir” deyir. Ölkəmizdə yetkinlik yaşına çatmamış erkən nikahlara, qadın və uşaq cinayətlərinə niyə belə atəşli qarşı çıxanlar yoxdur?! Bu gün guya qızlarını oxutması üçün xuliqanlıq edənlərin qızlarını körpə yaşda ərə verəndə, ya doğum zamanı, ya da başdanxarab “əri” tərəfindən  öldürüləndə bu ana-ataların təəssübkeşliyi harada “ilişib qalır”?! Bəzi ailələrdə isə ana və qızları atanın təzyiqi ilə hicaba girir. Belə insanlar dini gözdən saldıqları üçün inzibati qaydada cəzalandırılmalıdırlar.

Sovetin ən qatı zamanlarında evində gizli-gizli ibadətini edən xalq üçün bu gün mane hesab etdiklərinin hamısı sadəcə bir bəhanədir. Ay-haray salıb hicabı üzünə ələk edənlər kimi, bütün ibadətlərini təxirə salmadan yerinə yetirən hicablı-hicabsız bir çox adam da tanıyıram. Hesab edirəm ki, ictimai yerlərdə də hicab yox, amma çarşab, niqab qadağan edilməlidir. Çox təəssüf ki, insanlar dini öz məkrlərinə, mənafelərinə alət edirlər. İnam satılmaq üçün, məkr üçün deyil.

...Bir gün Atatürk Amasiyaya gedir. Onunla görüşməyə gələnlər arasında yerli əhalinin hörmət etdiyi bir şeyx də olur. Atatürk ondan uzun saqqalını kəsib Peyğəmbərimiz kimi qısa və səliqəli saqqal saxlamasını xahiş edir. Bir müddət sonra bu hadisəni xatırlayan Atatürk Amasiya valisinə zəng edərək şeyxin saqqalını qısaltmadığını, hətta bir az da uzatdığını öyrənir. Nazirlərdən birini yanına çağıran Atatürk ona bir məktub verir və Amasiya valisinə göndərməsini tapşırır. Ertəsi gün Atatürkə xəbər verirlər ki, şeyx əfəndi onunla görüşməyə gəlir. Gəlir, amma necə gəlir, üzü şüşə kimi qırxılmış, saçları kəsilmiş və “imici”ni tamamən dəyişərək çuxa əvəzinə kostyum, əmmamə əvəzinə şlyapa geyinərək. Hamı çaş-baş qalır, bu nə işdir deyə. Demə, Atatürk valiyə şeyxi Afyona vali göndərəcəyini yazıbmış. Daha sonra Atatürk gülümsəyərək “İnancın ölçüsünün saqqalda olmadığını başa düşdüyü üçün sevindim. Valilik məsələsinə gəlincə bu gün kreslo üçüm qırx illik saqqalından keçə bilən, sabah başqa bir şey üçün millətini belə satar” - deyir...

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью