Xəbəri ilk paylaşmaq yarışı So­sial şə­bə­kə­də ya­zı­lan­lar

30.10.2026

525.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Nigar Sabirqızı, jurnalist:

- Son günlər Cənubi Azərbaycan mövzusunun gündəmə gəlməsi məni çox sevindirir. Əvvəlcə Elm və Təhsil Nazirliyi iranlı nazirin azərbaycanlı hicablı qızlara çağırışına lazımi cavab verdi. Ardından 51 QHT İran Prezidenti Məsud Pezeşkiana müraciət edərək güneyli soydaşlarımızın ana dilində təhsil alması üçün addımlar atmağa çağırdı. Bu gün də AMEA bənzər müraciətlə çıxış edib. Bu onu göstərir ki, Azərbaycan Respublikası güneydəki soydaşlarımızın taleyinə biganə deyil, onların hüquqlarının təmin olunması üçün əlindən gələni edir. İran Prezidenti özü də türkdür və hər fürsətdə ana dilində danışır. Təəssüf ki, İranın siyasi sistemi səbəbindən çox şey Məsud Pezeşkiandan asılı deyil. Amma mən əminəm ki, güneyli soydaşlarımız üçün bir gün mütləq Günəş doğacaq. Və o Günəşin doğmasında Arazın bu tayındakı Azərbaycanın çox böyük rolu olacaq.

lll

- Atatürkə aid olduğu deyilən bir sitat var - dünyada hər şeylə mübarizə apara bilərsən, amma cəhalətlə əsla. İran aşiqləri və radikal dinçilərlə mübarizə aparmaq da belədir. Nə qədər fakt göstərirsən, nə qədər izah edirsən, yenə nəticə dəyişmir. Beyni çürüyən insana həqiqəti anlatmaq mümkün deyil. Mən hələ indiyədək onların tənqidə normal yanaşdığını, faktlar qarşısında ortaya məntiqli arqument qoyduğunu görməmişəm. Söylədikləri ancaq söyüş və təhqirdir. Çünki bildikləri başqa dil yoxdur. Hamısı savadsızlıqdandır. Allah bunları belə küt yaratmaqla cəzalandırıb. Cəhalətlə mübarizə aparmaq doğrudan çətindir. Amma cəhalət qarşısında susmaq da olmaz. Ona görə də susmayaq.

Səadət H.Məmmədova, jurnalist:

- Dünən axşam "Bolmart"dan N1 markasının istehsalı olan qarabaşaq çörəyi aldım ki, səhər yeməyində yeyim... Ucuz da deyil, 2 manata satılır bu çörək.

Qlüten həssaslığıma görə mən adətən belə çörəklər yeyirəm.

Bəxtəvər oldum... Səhər açdım ki, yeyim. Bir dilim yedim, ikincini götürəndə üzərində ağ ləkə gördüm, elə bildim undur. Silkələdim getmədi. Əlimi vurdum, yoxladım, gördüm ki, yox ey, bu, nəsə ayrı şeydir.

Çörəyin üzərinə yapışmış bu açıq çəhrayımtıl rəngli ləkənin qoxusu daha çox divar boyasına - emulsiyaya bənzədi.

Bəlkə də kif növüdür, anlamadım.

3 dilim bu vəziyyətdə idi. Alt dilimlərə baxdıqca adi kif gördüm.

Bir sözlə, bu çörək köhnə idi. Amma boya ləkəsi ehtimal etdiyim ağ ləkə necə olub ki, çörəyə tökülüb? Bu çörəklər hansı şəraitdə istehsal olunur?

Tədbirə tələsirdim deyə, çörək dilimlərini AQTA-ya aparmağa vaxtım olmadı.

Qida Təhlükəsziliyi Agentliyindən xahiş edirəm, bu istehsal müəssisəsini bir araşdırsın görək niyə bizə belə çörək yedirdirlər, amma lütfən düzgün araşdırsın

Həmçinin "Bolmart"dan da bir müvafiq qurum soruşmalıdır ki, niyə köhəlmiş çörəyi satırsan? Axı məhsul satılmadısa, müəyyən müddətdən sonra piştaxtadan yığışdırılmalı və geri qaytarılmalıdır.

Ramil Əhməd, yazar:

- Kitab sərgisində oxucu sıxlığını görmək gözəl idi. Bəzi naşirlərimizin giley-güzarı bitməsə də, məncə, bugünkü kitab sənayəsində elə qazanan tək tərəf hələ ki onlardı.

Keçən ilə nisbətən nəşriyyatlarda bir xeyli inkişaf vardı. Bir çox yeni faydalı, məzmunlu kitablar nəşr olunmuşdu. Düzdür, kartof, ya kitab fərqi yoxdu, əsas satsın pul qazanaq məntiqi ilə olan nəşrlər də çox idi.

XII Bakı Beynəlxalq Kitab sərgisində nəşriyyatlar, kitabxanalardan gələn təkliflə hazırlanmış 50 yerli müəllif arasında Ramil Əhməd adını da görmək xoş oldu. Səsvermənin qızğın müzakirələri, hay-küy də yerində idi. Amma narahatlığa əsas yoxdur, ən dəqiq seçimi zaman özü edəcək.

Yeni nəşr olunan "Yeddi kölgə" kitabının da sərgi çərçivəsində təqdimatı oldu. Həmsöhbətim Ürfan bəyə dərin təşəkkürlər. Vaxt ayırıb gələn hər kəsə salamlar, sayğılar.

Mədəniyyət Nazirliyinin müvafiq şöbəsinin əməkdaşlarına minnətdaram. Hər il daha yaxşı təşkilatlanma, daha da peşəkar münasibət hiss olunur.

Fəxri yazarların Sabir Rüstəmxanlı və Reyhan Yusifqızı olması da gözəl idi. Hər iki müəllifin ədəbiyyata xidmətləri danılmazdır. Ümid edirəm, sərgi boyunca onların yaradıcılığına olan oxucu marağı artdı.

Düzdür, bir qrup sehirlənmiş oxucular gördüm ki, elə ancaq 2-3 müəllifdən o tərəfə keçmək istəmirlər. Ətraflarındakı bu qədər nəşr çoxluğu, alternativlər onların diqqətini çəkmir. Bəsit, səthi kitabların tanış komfort zonalarından çıxmaq istəmirlər... "Birdən kitabda uzun cümlə olar, dərin məzmun, estetika, üslub, eksperiment olar, başa düşmərik" qorxusuyla mütəşəkkil qrup halında öz "liderlərinin" arxasınca gedirdilər...

Ləman Ələşrəfqızı, jurnalist:

- Maşallah, qızlarımız siqareti daha aşkarda çəkirlər. Doğrudur, bu, xəlvətdə çəkməkdən çox yaxşıdır. Amma heç yaxşı iş deyil.

Nigar Köçərli, "Ali və Nino"nun təsisçisi və direktoru:

- Dünən "Euronews"un Pərinuş Saniidən müsahibə aldığını gördüm. Birdən ağlıma gəldi ki, bəs bizim televiziya kanallarımız haradadır, görəsən?

Azərbaycana hər gün Pərinuş Sanii kimi böyük yazıçılar gəlmir. İki minə yaxın oxucu onunla görüşmək üçün izdiham yaradır. Bunlar real oxuculardır - onu sevən, əsərlərini oxuyan, aylarla onunla görüşəcəkləri günü gözləyən insanlar. Hələ bu gün də mağazamda, yəqin ki, qələbəlik olacaq.

Amma bizim televiziya kanallarımızdan heç biri onu müsahibəyə dəvət etməyib. Dünən onu çəkən də olmayıb.

Bunu inciklikdən demirəm. Sadəcə, bəzən belə şeyləri görəndə həqiqətən şoka düşürəm. Axı  böyük bir yazıçının Azərbaycana gəlişi televiziya üçün xəbər deyilsə, bəs nə xəbərdir?

Ülviyyə Heydərova, jurnalist:

- Dünən Azərbaycan mədəniyyətində tarixi bir gün yaşandı. Bu sənət hadisəsi vaqe oldu Heydər Əliyev Sarayında, səbəbkarı Akademik Opera və Balet Teatrı, xüsusən də direktoru, dünya şöhrətli opera ifaçısı Yusif Eyvazov, dəstək Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və "Paşa Holdinq". Tamaşalarda biznes şirkətlərinin sponsor olması vacibdi, ona görə də bu təşəkkür və alqışlardan onlara da düşür.

"Turandot", yəni Turan qızı...  Puççininin əsərindən xəbərim olsa da, amma heç yerdə görməmişdim. Necə görəydim? Azərbaycan səhnəsində 1928-ci ildə tamaşaya qoyulub. Dünya səhnəsində canlı baxmağa isə gərək imkanın olsun...

Əziz dostum Arzu Təbrizli bu sənət hadisəni canlı görməyimə səbəb oldu. Ona sonsuz təşəkkürlər! Gözəl xatirələrimizə yazıldı.

Onu da deyim ki, vaxtilə Opera və Balet Teatrının repertuarındakı tamaşalara Şükufə Ağamirzoyeva sayəsində o qədər baxmışam ki, bundan sonra yüz il də yaşasam, məhz operadan doymuşdum deyə baxmağa həvəsim yoxdu.

Amma dünən "Turandot"a baxdıqca içimdə yalnız bircə təəssüfüm oldu. Heyf ki, Opera Teatrının təmiri hələ bitməyib...

C.Puççinin musiqisi, tamaşadakı XOR... Doğrudan da, böyük hərflərlə yazılasıdı.

Orkestrimiz, o gənc, gözəl-göyçək italiyalı dirijor Beatriça Venezi, cəmi-cümlətanı 36 yaşı var. Səhnəni necə ələ aldı. Musiqiçi deyiləm, amma o Venizi məni valeh elədi. Bir dirijor da kəşf elədim.

Əsas məsələ quruluşçu rejissor Mikayıl Mikayılov, quruluşçu rəssam Mustafa Mustafayev, icraçı rəssam Əməkdar mədəniyyət işçisi Tehran Babayev, xormeyster Əməkdar incəsənət xadimi Sevil Hacıyeva, quruluşçu baletmeysterlər - Xalq artisti Mədinə Əliyeva və Əməkdar artist Anar Mikayılovun əziyyətini qeyd edim. Biləsiniz ki, sizi ayaqüstə xeyli alqışladım.

Xalq artisti Əkrəm Poladov həm səsi, həm də özü səhnədən də böyük idi. Əməkdar artist Afaq Abbasovanın (mənim əziz şirvanlım, onunla həm də belə qürur duyuram, özünü şəxsən tanımasam da) partiyalarına heyran oldum.

Turandot obrazından qorxdum, dedim bu dəqiqə Kalafı, yəni bizim dünya şöhrətli tenorumuz Yusif Eyvazovun yaratdığı obrazı öldürəcək. O nə səs idi, o nə ifa idi. Turandotu İtaliya opera səhnəsinin tanınmış sopranosu Karmen Cannattasio yaratdı. Xalq artisti Yusif Eyvazovu nəhayət ki, səhnədə canlı gördüm. Dünya elə-belə ona heyran deyil ki. Adam sənətkar adının haqqını artıqlamasıyla verir. Sevirdim, lap da sevdim.

Tamaşada Timur rolunda İqor Yadrov ifa elədi. Tamaşanın yadda qalan obrazları həm də Pinq, Panq, Ponq idi. Pinq rolunda Əməkdar artist Anton Ferştandt, Panq rolunda Fəhmin Əhmədli, Ponq rolunda Əməkdar artist Tural Ağasıyev, İmperator Altoum rolunda Əməkdar artist Əliəhməd İbrahimov, Mandarin rolunda Orxan Cəlilov, Pu-Tin-Pao rolunda isə Rəşad Məmmədov çıxış edilər.

Tezliklə, Opera və Balet teatrı təmiri bitsin. Bu sənət hadisəsini bir də o qədim divarların içində yaşayaq.

Alqışlarınız bitməsin!!!!

Elçin Mirzəbəyli, millət vəkili:

- Dəyərləri populyarlaşırmaq lazımdır, populyarlığı dəyərə mindirmək, yaxud dəyər kimi təqdim etmək yox!

Dilqəm Əhməd, jurnalist:

- Bu mərhələdə Türkiyə sosial şəbəkələrində yazılan, bəlkə, minlərlə şərhi oxumuşam. Ona görə də özlüyümdə bəlli olan bir məsələdə bir daha yəqinliyim artdı.

Gördük ki, Azərbaycanla münasibətlərə önəm verən qüvvələr MHP idarəçiliyi, Türk Ocaqları, Atatürk dəyərlərinə önəm verən millətçi-mühafizəkarlardır.

Azərbaycanın əleyhinə olanlar isə 99 faiz müxtəlif təriqətlər, camaatlar, yobazlar, qaragüruhlar oldu.

Türkiyəni yaxşı bilənlər bilir ki, bu qüvvələrin özləri arasında da minbir qarşıdurma var. Bu qarşıdurmalar da əsasən pul və güc üstündədir.

Bir-birini yeyən bu qüvvələri Azərbaycan düşmənçiliyi birləşdirdi. Halbuki bu qüvvələr dünənə qədər Azərbaycandakı müsəlmanlara da (xüsusən şiə kəsiminə) bidətçi deyirdilər.

Tarix göstərir ki, bu qüvvələr Türkiyənin özünə də böyük zərbələr vurub. İndi isə müsəlman dünyasında ilk dünyəvi respublika olan Azərbaycanı hədəf alıblar.

Bu təriqətlərin dəstəklədiyi media quruluşlarında nə qədər yalanlar yazıldı. Ona görə də bu qüvvələrə qarşı ideoloji hazırlıq mütləqdir.

İnşallah, problemlər aradan qalxar. Amma bundan asılı olmayaraq baş verənlərdən dərs çıxarmalıyıq.

Xəyal Rza, AYB-nin mətbuat xidmətinin rəhbəri:

- Bakı Ekspo Mərkəzi öz salonunu, yerini, ərazisini subyektlərə, fiziki və hüquqi şəxslərə icarəyə verir. Ciddi məbləğə. Burada tez-tez beynəlxalq tədbirlər keçirilir. Əhəmiyyətlimi, əhəmiyyətli, vacibmi, vacib. Bunlardan biri də Beynəlxalq Kitab Sərgisidir. 27 oktyabr tarixinə qədər davam edəcək. 21 oktyabr tarixindən başlayıb. Yaxşı, "Azparkinq" hansı zərurət və ehtiyac hissi ilə BEM-nin ərazisini zəbt edib? "Dünyanın o başında" olan sərgi salonuna gedib gəlmək üçün onsuz da babat yanacaq xərci tələb olunur, üstəlik, gediş saatları da, dönüş saatları da məşəqqətli, tıxac. Gün ərzində sərgidə çalışan əməkdaşlar, avtomobil ilə gələn ziyarətçilər niyə  3-5-10 manat xərcə düşməlidirlər?

Bu qərar "Azparking"indir, yoxsa  Ekspo Mərkəzin? Hansının gözü doymur? Şərikləşib milləti niyə yolurlar, soyurlar?

Fidan Əliyeva, jurnalist:

- Prezident İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində çıxış etdi və çox mühüm mesajlar verdi.

Dövlət başçısının nitqlərini paylaşan əksər saytlar da o qədər sürət yarışına qapılıblar ki, baxmırlar nə səhvdir, nə düzdür. Yazırlar: "Prezident: 2028-ci ildə Avropa siyasi icmasının Azərbaycanda keçirilməsi nəzərdə tutulur".

İcma necə keçirilə bilər? İcma insanların birliyidir, keçirilən tədbir deyil. İcmanın tədbiri, toplantısı ola bilər. Əsas məlumat isə budur: 2028-ci ildə Avropa Siyasi Birliyinin 12-ci sammitinin Azərbaycanda keçirilməsi nəzərdə tutulub.

Operativlik jurnalistika üçün vacibdir, amma dəqiqlik və məsuliyyət ondan heç də az əhəmiyyət daşımır. Xəbəri ilk paylaşmaq uğrunda yarışarkən sözlərin mənasını və ifadələrin düzgünlüyünü unutmaq olmaz.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью