Xərçəng xəstələri müalicə üçün özəl klinika seçə biləcək | Icma.az
Modern.az saytına istinadən Icma.az xəbər verir. Onkoloji müalicə artıq özəl klinikalarda da mümkün olacaq.
Modern.az xəbər verir ki, bu məsələ Milli Məclisin Səhiyyə komitəsinin bugünkü iclasında müzakirə edilən “Əhalinin sağlamlığının qorunması haqqında” və “Onkoloji yardım haqqında” qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsində öz əksini tapıb.
Dəyişikliklərə əsasən, onkoloji xidmətin yalnız dövlət tibb müəssisələri ilə məhdudlaşdırılması aradan qaldırılacaq.
Hazırda “Onkoloji yardım haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə görə onkoloji xidmət yalnız bu sahə üzrə ixtisaslaşmış dövlət tibb müəssisələri tərəfindən həyata keçirilir.
Azərbaycan Respublikasının vətəndaşı olan onkoloji xəstələrə tibbi yardım dövlət tibb müəssisələrində dövlət büdcəsi vəsaiti hesabına göstərilir.
Eyni zamanda dövlət onkoloji xəstələrin dispanserizasiyası, müayinə, müalicə və reabilitasiyasını həyata keçirən ixtisaslaşdırılmış tibb müəssisələrinin yaradılmasını və onların maddi-texniki bazasının gücləndirilməsini təmin edir.
Qanunvericiliyə əsasən onkoloji xəstələrə müalicə-diaqnostika yardımı fərdi müraciət və ya müalicə-profilaktika müəssisəsinin göndərişi ilə ixtisaslaşdırılmış onkoloji müəssisələrdə göstərilir və bu xidmətlər dövlət büdcəsi hesabına maliyyələşdirilir.
Lakin “Əhalinin sağlamlığının qorunması haqqında” Qanunun 24-cü maddəsi pasiyentin öz razılığı ilə həkimi və müalicə müəssisəsini seçmək hüququnu təsbit etsə də, mövcud qaydalara görə onkoloji yardım yalnız dövlət müəssisələrində göstərilə bilir.
Tam oxu
Xəbəri oxu