Xərçəng xəstələri üçün yeni ümid: Süni intellekt...

20.10.2026

Icma.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.

ABŞ-nin ən böyük qeyri-kommersiya tibbi və elmi sistemlərindən biri olan “Mass General Brigham” tədqiqatçıları xərçəng xəstələrinin üz fotolarını təhlil edərək onların bioloji yaşını və sağqalma riskini proqnozlaşdıran iki süni intellekt aləti hazırlayıblar.

"Cebheinfo.az" xəbər verir ki, “The Lancet Digital Health” jurnalında dərc olunan araşdırmaya görə, 40 milyondan çox üz fotosu əsasında öyrədilmiş “FAHR-Face” adlı süni intellekt modelindən iki yeni alət yaradılıb.

Belə ki, “FAHR-FaceAge” üz görünüşünə əsasən insanın bioloji yaşını, “FAHR-FaceSurvival” isə xəstənin sağqalma riskini qiymətləndirir. Radioterapiya alan xəstələr üzərində aparılan araşdırmada süni intellektin bioloji yaşını həqiqi yaşından ən azı beş il çox qiymətləndirdiyi şəxslərin dördillik müşahidə dövründə ölüm riskinin digər xəstələrlə müqayisədə 21 faiz yüksək olduğu müəyyən edilib.

Əksinə, bioloji yaşı həqiqi yaşından ən azı beş il az qiymətləndirilən şəxslərdə ölüm riski 17 faiz aşağı olub. Onlar hesab edirlər ki, bu texnologiya xüsusilə cərrahi əməliyyat, radioterapiya və ya digər intensiv xərçəng müalicələrindən əvvəl xəstələrin fiziki vəziyyətini və müalicəyə dözümlülüyünü qiymətləndirməyə kömək edə bilər.

Araşdırmanın nəticələri üz görünüşü ilə sağqalma riski arasında statistik əlaqənin olduğunu göstərir. Lakin süni intellektin bu nəticələrə hansı səbəblərdən gəldiyi hələlik məlum deyil. Surrey Universitetinin süni intellekt üzrə mütəxəssisi Miroslaw Bober tədqiqatın mühüm irəliləyiş olduğunu, lakin hazırlanmış alətin hələ klinik istifadəyə hazır olmadığını bildirib.

Onun sözlərinə görə, modelin həkimlərin mövcud qiymətləndirmələrinə əlavə olaraq nə dərəcədə fayda verdiyi və müxtəlif xəstə qruplarında nə qədər etibarlı nəticələr göstərdiyi araşdırılmalıdır. Tədqiqatçılar bu texnologiyanın həkimləri əvəz etməsini deyil, hər bir xəstəyə uyğun müalicə qərarlarının verilməsinə dəstək olmasını hədəfləyirlər. Alətin klinik praktikada etibarlı şəkildə istifadə edilməsi üçün əlavə müstəqil yoxlama tədqiqatlarının aparılmasına ehtiyac var.

Gülər 
"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью