Cebheinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Dünyada xərçəngin daha çox yaşlı insanlarda rast gəlindiyi düşünülsə də, son illərdə gənclər arasında bəzi xərçəng növlərinin artması diqqət çəkir.
"Cebheinfo.az" xəbər verir ki, İngiltərə, ABŞ və Niderlandın məlumatlarının təhlil edildiyi beynəlxalq araşdırmada 50 yaşdan aşağı şəxslərdə bir sıra xərçəng növlərinin artdığı müəyyən edilib.
Dünya Xərçəng Araşdırmaları Fondunun apardığı araşdırmaya görə, İngiltərədə 2001-2023-cü illər ərzində 50 yaşdan aşağı şəxslərdə prostat xərçənginin rastgəlmə tezliyi təxminən 4 dəfə artıb.
Eyni dövrdə bağırsaq, böyrək və uşaqlıq xərçənglərində də iki dəfədən çox artım qeydə alınıb. ABŞ-da isə 50 yaşdan aşağı şəxslər arasında böyrək xərçəngi hallarının rastgəlmə tezliyi iki dəfədən çox yüksəlib. Bağırsaq, uşaqlıq və mədəaltı vəzi xərçənglərində isə artım 50 faizdən çox olub.
Niderlandda da gənclər arasında bağırsaq, böyrək, qaraciyər və uşaqlıq boynu xərçəngi hallarının artdığı müəyyən edilib. Mütəxəssislər bu tendensiyanın bir sıra səbəblərlə bağlı ola biləcəyini bildirirlər. Piylənmə, qeyri-sağlam qidalanma, fiziki aktivliyin az olması, alkoqol və siqaretdən istifadə, eləcə də ətraf mühit amilləri mümkün səbəblər arasında göstərilir.
Araşdırma müəllifləri xərçəng əlamətləri barədə məlumatlılığın artması və xəstəliyin daha erkən aşkarlanmasının da qeydə alınan halların çoxalmasına təsir göstərə biləcəyini qeyd edirlər. Lakin onların fikrincə, bu amillər artımı tam izah etmir. Bununla yanaşı, 50 yaşdan aşağı şəxslərdə ağciyər xərçəngi hallarının həm İngiltərədə, həm ABŞ-da, həm də Niderlandda azalması diqqət çəkir. Tədqiqatçılar bunu əsasən siqaretdən istifadənin azalması ilə əlaqələndirirlər.
Mütəxəssislər gənclər arasında xərçəng hallarının niyə artdığını dəqiq müəyyənləşdirmək üçün əlavə araşdırmaların aparılmasının vacib olduğunu vurğulayırlar.
Gülər
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin