Xərçənglə saçların ağarması arasında əlaqə aşkar edildi

07.10.2026

Icma.az bildirir, Lent az saytına əsaslanaraq.

Saçların ağarması yalnız yaşlanmanın əlaməti olmaya bilər. Siçanlar üzərində aparılan araşdırma göstərib ki, saçın rəngini təmin edən kök hüceyrələr müəyyən zədələnmələrdən sonra xərçəngə çevrilmək riskini azaldan bir prosesdən keçir. Bunun nəticəsində isə saçlar ağarır.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, Anglia Ruskin Universitetinin biotibb elmləri üzrə professoru Castin Stebbinq araşdırmanın nəticələrini şərh edib.

Saçın rəngini melanosit adlanan piqment hüceyrələri müəyyənləşdirir. Bu hüceyrələr saç follikullarında yerləşən kök hüceyrələrdən yaranır. Orqanizm həmin ehtiyat hesabına saçın rəngini qoruyur.

Lakin ultrabənövşəyi şüalar, kimyəvi maddələr və hüceyrənin daxilində gedən maddələr mübadiləsi DNT-ni zədələyə bilər. Belə zədələnmələr həm yaşlanma, həm də dəri xərçənginin təhlükəli növlərindən olan melanoma ilə əlaqəlidir.

Tədqiqatçılar DNT-nin hər iki zəncirində qırılma baş verdikdə piqment kök hüceyrələrinin necə davrandığını araşdırıblar. Məlum olub ki, müəyyən hallarda zədələnmiş hüceyrə yetkin piqment hüceyrəsinə çevrilir və kök hüceyrə ehtiyatından çıxır. Bu dəyişiklik geri dönmür.

Nəticədə saçın rəngini bərpa edən hüceyrələrin sayı azalır və saç ağarmağa başlayır. Eyni zamanda, potensial təhlükəli hüceyrələrin kök hüceyrə ehtiyatında qalaraq mutasiyalar toplamasının qarşısı alınır.

Ancaq bu müdafiə mexanizmi hər vəziyyətdə işləmir. Alimlər siçanların piqment kök hüceyrələrini güclü kanserogenlərin və ultrabənövşəyi şüaların təsirinə məruz qoyduqda fərqli nəticə müşahidə ediblər. Ətraf toxumalardan gələn siqnallar zədələnmiş hüceyrələri yenilənməyə və bölünməyə sövq edib. Bu isə melanomanın yaranması üçün şərait yarada bilər.

Araşdırmaya görə, hüceyrənin hansı yolu seçməsi həm zədənin növündən, həm də ətrafındakı toxumalardan aldığı siqnallardan asılıdır.

Alimlər vurğulayırlar ki, saçın ağarması öz-özlüyündə xərçəngdən qorunmaq demək deyil. Ağarma təhlükəli ola biləcək hüceyrələri kök hüceyrə ehtiyatından çıxaran prosesin nəticəsi kimi meydana gələ bilər.

Əsas nəticələr siçanlar üzərində aparılan təcrübələrdən əldə olunub. Eyni mexanizmin insanlarda necə işlədiyini müəyyənləşdirmək üçün əlavə tədqiqatlara ehtiyac var.

Tədqiqatçılar hesab edirlər ki, bu prosesin daha yaxşı öyrənilməsi gələcəkdə orqanizmin təbii müdafiəsini gücləndirən üsulların hazırlanmasına kömək edə bilər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью